Azərbaycan Dövlət Aqrar Universitetinin 2 nömrəli Tələbə evinin akt zalında Avropa İttifaqının Təhsil, Audiovizual və Mədəniyyət İcra Agentliyi (EACEA) Ali Təhsil Sahəsində Bacarıqların Artırılması (Key Action 2) üzə Erasmus+ proqramı çərçivəsində “Azərbaycanda doktorantura təhsilinin təkmilləşdirilməsi və vahid Avropa ali təhsil məkanının tələblərinə uyğun strukturlaşdırılması” – NİZAMİ layihəsinin yekununa dair Gəncə şəhərində yerləşən ali təhsil müəsisələrinin, AMEA Gəncə bölməsinin, elmi-tədqiqat institutlarının iştirak ilə seminar keçirilib.

Seminarda ADAU-nun, Azərbaycan Texnologiya Universitetinin, Gəncə Dövlət Universitetinin, AMEA Gəncə Bölməsinin, Heyvandarlıq elmi-tədqiqat institutunun, Bitki Mühafizəsi və Texniki Bitkilər elmi-tədqiqat institutunun və Aqromexanika elmi-tədqiqat insitutunun nümayəndələri, 75 doktorant və dissertant iştirak edib.

Seminarı giriş sözü ilə layihənin meneceri, bağçılıq kafedrasının dosenti, biologiya üzrə fəlsəfə doktoru Abbas İsmayılov açıb.

AMEA Gəncə Bölməsinin akademik katibi, akademik Fuad Əliyev, Heyvandarlıq elmi-tədqiqat institutunun direktoru, dosent Mahir Hacıyev, Aqromexanika elmi-tədqiqat insitutunun direktoru dosent Kamil Fətəliyev çıxış edib, Azərbaycanda doktorantura təhsil sistemində aparılan məqsədyönlü islahatlardan danışıb. Bu sahədə müasir dövrün çağırışlarından irəli gələn vəzifələri diqqətə çatdıran çıxışçılar bütün bunların yüksəkixtisaslı gənc kadrların hazırlanmasına yönəldiyini bildiriblər. Sözügedən layihənin Azərbaycan doktorantura təhsil sisteminə töhfə verəcəyini söyləyən çıxışçılar Avropanın aparıcı universitetlərinin bu layihədə iştirakının birgə təcrübə mübadiləsi aparmaq üçün geniş imkanlar yaratdığını qeyd ediblər.

Layihənin meneceri Abbas İsmayılov Avropa və Azərbaycan universitetləri arasında təcrübə mübadiləsi ilə üç il yarım davam etmiş (2015-2019) layihənin məqsədindən danışaraq qeyd edib ki, Azərbaycanda doktorantura təhsilinin Avropa Ali Təhsil sahəsinin tələblərinə uyğun yenidən qurulması və inkişaf etdirilməsi istiqamətində tərəfdaş qurumlar birgə iş aparıb, ölkəmizin Avropa təhsil siteminə inteqrasiyasını təşkil ediblər. Monpelye Universitetinin koordinator olduğu layihədə Azərbaycan tərəfdən Təhsil Nazirliyi, AMEA, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti, Avropa tərəfdaşlarından isə Fransanın Monpelye, İsveçin Uppsala, Almaniyanın Heydelberq, Çexiyanın Mazarıkova və İspaniyanın Barselona universitetlərinin iştirakını seminar iştirakçılarının diqqətinə çatdırıb.

Avropa universitetləri ilə mübadilə təşkil edərək, Azərbaycanda doktorantura təhsilinin yenidən qurulması, uyğunlaşdırılması və inkişaf etdirilməsinə uyğun olaraq PhD-nin mükəmməlliyinin artırılması, ali təhsil müəssisələrinin beynəlmiləlləşməsinin inkişaf etdirilməsi, Azərbaycanı yüksək keyfiyyətli doktorantura təhsili ilə təmin etmək (tədqiqat, innovasiya və təhsil əlaqələri vasitəsilə), NİZAMİ layihəsi vasitəsilə ali təhsil müəssisələri arasında əməkdaşlığı möhkəmləndirmək və Azərbaycan doktorantura təhsilini avropada təşviq etməkdən ibarətdir. Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb.

Bənzər yazılar