Tarixə nəzər salsaq, sarı, türklər üçün “hakimiyyət, dünyanın mərkəzi”nin simvolu hesab edilir. Bu isə, türk mifologiyasının əsas tanrılarından olan “Yaxşılıq Tanrısı Ülgən”in adı ilə bağlıdır. İnanclara əsasən, Ülgən göyün 16-cı qatında öz qızıl sarayında oturub dünyanı oradan idarə edir. Türklər inanırdılar ki, odu insanlara Ülgən göndərib. Ülgənin əlində ildırımlar göndərən sehirli yayı var və o, şimşəklərlə haranı vursa, ora müqəddəsləşir. Buradan aydın olur ki, Ülgənin qızıl sarayı, odu insanlara göndərməsi, şimşəklər çaxdırması, sarı rəngi türklər üçün hakimiyyət rəmzinə çevirib. Türkmənlərin əsrlərlə ayaqlarına sarı çəkmə geyinməkləri də buradan qaynaqlanır.

        Göytürklərin və Səlcuqların dönəmində bu rəng yaşıl və qırmızı rənglərlə birgə bəy zümrəsini, sultan və sultan ailəsini təmsil edirdi. Buna nümunə kimi, 1935-ci ildə rus arxeoloqu S.V.Ksilevin Altay və Sayan dağlarında apardığı qazıntıların nəticələrini göstərə bilərik. Arxeoloq araşdırmaları zamanı VII – VIII əsrə aid Türk aristokrotiya zümrəsinin bəylərinə aid məzarlar aşkar etmişdir. Məzardan üzərində üç qat patlar (1-ci qatı qırmızı, 2-ci qatı yaşıl, 3-cü qatı sarı rəngdə ipəkdən olub)  olan kişi skleti tapılmışdır.

         Türklərlə yanaşı, Çin və Yaponiyada da sarı rəng ali zümrənin rəngi hesab olunurdu. Xüsusilə, Çində bu rəngə xüsusi ehtiram var. Bunun da əsas səbəbi Sarı İmperator Huang Dinin adı ilə bağlıdır. Sarı İmperator Çində “Mədəniyyətin Atası” kimi tanınır. O, çinliləri köçərilikdən oturaq həyata keçirmiş və Çin mədəniyyətinin yaradılmasında özünəməxsus rol oynamışdır. Çin əfsanələrində qeyd edilir ki, Sarı İmperator tanırlara daha yaxın olmaq üçün daim meditasiyalarla məşğul olurmuş və gün keçdikcə “aydınlanırmış”. Buna görə, bir gün “cənnətdən gələn Sarı bir Əjdaha” onu özü ilə cənnətə aparır. Və hazırda da “Sarı Əjdaha” çinlilər üçün müqəddəs sayılır.

         Asiya ölkələrindən fərqli olaraq, orta əsrlərdə Avropada sarı “günahın, xəyanətin” simvolu idi. Hətta, tarixçilər təsdiq edir ki, inkivizasiya dövründə odda yandırılan qadınların əksəriyyəti sarışın olublar. Çünki kilsə sarı saçlı qadınları “iblis xislətli” hesab edirdi. Şərqdə isə, xüsusilə, türk xalqlarında sarışın qadınları “İlahiyə yaxın” görürdülər. Müsəlman türklərinin xalq xürafatlarındakı “sarı albastı” adlanan qoruyucu ruhu qazax-qırğız din adamları qadınlaşdıraraq, “sarı qız” adlandırmış və dara düşəndə “dərdə dərman olan, ey sarı qız, gəl!” deyə çağırırmışlar.

Türk xalq mahnılarına, ədəbiyyatına nəzər salsaq görərik ki, bu rəng zəriflik, parlaqlıq kimi qadınların gözəllik və fərqliliyinin təsviri idi. Türklərin qədim xalq mahnısı “Sarı gəlin” mahnısında da bir sarışın gözələ xitab olunur. Bəzi tədqiqatçılar bu mahnının türk şamanizm dövründə yazıldığını qeyd edirlər. Çünki şaman adətlərinə əsasən, evlilik mərasimi zamanı bəy ilə gəlinin saçı bir-birinə hörülərmiş. Gözəlin Sarı gəlin kimi mahnıda təsvir olunması isə qədim türklərin qızları sarı epiteti ilə təsvir etmə ənənələrindən biridir. Bu təsvirlərə başqa nümunə kimi Kitabi-Dədə Qorqudun VII boyu “Qanlı Qoca oğlu Qanturalı boyu”nda Qanturalının nişanlısı “Sarı donlu Selcan xatun”u və Aşıq Ələsgərin  “Sarı köynək” qoşmasını göstərə bilərik. Göründüyü kimi, hər iki nümunədə qadınların fərqlilik təsviri sarıdır.

Yaxın keçmişə nəzər salanda isə, sarının sadaladığımız mənalarından fərqli olaraq, Rəsul Rza onu daha çox ağrı acı, kədər rəngi kimi təsvir edir. Məsələn, “Şikəst bir övlad anasının bənizi”, “Payıza bürünmüş ağaclar”, “Payını güclülər yemiş aclar” kimi misralarla sarının həm müxtəlif tonlarının, həm də sarının özünün mənalarını “Rənglər” silsiləsində açır. Ədəbiyyatçılar onun Səməd   Mənsurun “Rəng” şeirindən ilhamlandığını güman edirlər.

Bütün bunlardan əlavə, sarının ümumən nələri təmsil etdiyinə nəzər yetirsək, onda görərik ki, o, “günəş işığı, xoşbəxtlik, sevinc” mənalarına gəlir. Amma Suriya müsəlmanları bu rəngi ölüm simgəsi kimi qəbul edirlər. Təsadüfi deyil ki, təbiətin ölməsi – günəşin qürub etmə anı, payızın gəlməsi, məhz saralma ilə başlayır, həmçinin insanlar xəstəliyə tutularkən saralırlar. Yəni, bir növ sarı məlum bir sonun baslanğıcı kimi özünü göstərir.

Misirdə mumiya və onların məzarlarını bəzəyən qızıl matəmin bir simvoludur. Bunun əksinə olaraq isə, Taylanda bu rəng şansı bildirir və həftəyə uğurla başlamaq üçün bazar günü sarı rəng üçün ayrılır. Bəzi insanlar və bəzi məktəblərdəki müəllimlər bazar ertəsi sarı rəngdə geyinirlər.

Mifologiyanı, tarix və ədəbiyyatı bir kənara qoysaq, sarı psixoloji mənada nələri ifadə etdiyinə diqqət yetirsək, görərik ki, sarı psixoloji mənada ümid, xoşbəxtlik, sevinc, əyləncə, canlılıq, aydınlıq, qamaşdırıcılığın və işığın rəngidir.

Sarı rəngə meyilli insanlar rasional və yaradıcı olurlar. Bu rəng insanlarda rahatlıq və pozitivlik oyadır. Sarı, həmçinin, özünə əminliyin, özünü təsdiqin rəngidir. Eyni zamanda, sarı rəngdə geyinən insanların mədə xəstəlikləri problemlərini özlərindən və onlara nəzər yetirənlərdən uzaqlaşdırdıqlarına da inanılır.

Səməd Mənsur aləmdə hər şeyə rəngdir deyirdi. Biz də bu düşüncəyə qatlırıq, aləmdə hər nə görürüksə, nə düşünürüksə, nələrlə təmasda olub, nələrə inanırıqsa, hamısı rəngdir. Ən əsası isə sarı hər sabah doğan günəş, çörəyə çevrilən buğda, dənizin sahilindəki qumun rəngidir. Bu üzdən də gəlin aləmi biz də “sarı” kimi düşünək. Çünki bu aləmdə nə görürüksə hamısı rəngdir, özü də, sarı rəng!

Xanım Cəfərova, jurnalist

Bənzər yazılar