Moskva məktəblərindən birində bir oğlan dərsə gəlmir. Bir həftə… iki həftə keçir… gəlmir. Onun telefonu yox idi. Sinif yoldaşları müəllimin məsləhətilə onun evinə gedirlər. Qapını Lyovanın anası açır. Onun üzü çox kədərli idi. Uşaqlar salamlaşdılar və çəkinərək soruşdular: “Lyova niyə dərsə gəlmir?” Ana kədərli halda cavab verdi: “O daha sizinlə birgə oxumayacaq. O, əməliyyat olunub. Uğursuz. Gözləri görmür. Özü təkbaşına gələ bilməz”. Uşaqlar susdular. Bir-birinə baxdılar və onlardan biri: “Biz onu növbə ilə məktəbə aparıb gətirərik” – dedi. Onun ardınca bir-bir dilləndilər:
– Evə ötürərik
– Dərslərini hazırlamağa kömək edərik
Ananın gözlərinə yaş doldu. O, uşaqları otağa ötürdü. Bir az sonra gözlərində sarğı olan Lyovanı divarları tuta-tuta gələn görəndə dostlarının bədbəxtliyini dərk etdilər. Yerlərində dondular. lyova çox çətinliklə: “Salam” – dedi. Hərə bir kömək təklif etdi:
– Mən sabah sənin dalınca gəlib məktəbə apararam.
– Mən keçdiklərimizi sənə danışaram.
– Mən cəbrdən keçdiklərimizi danışaram.
Lyova kimə qulaq assın bilmirdi, şaşqın halda başını tərpədib təsdiq edirdi. Ananın üzündən göz yaşları axırdı.
Uşaqlar gedəndən sonra plan tərtib etdilər ki, kim onun dalınca getsin, kim hansı dərsləri izah etsin, kim onu gəzdirsin, məktəbə aparsın. Sinifdə parta yoldaşı ona sakitcə müəllimin lövhədə yazdıqlarını deyirdi.
Lyova məktəbi qızıl medalla bitirib instituta daxil oldu.
Orda da onun gözləri olan dostları tapıldı. İnstitutdan sonra da oxumağa davam etdi və dünyamiqyaslı tanınmış riyaziyyatçı oldu. Bu Lev Pontryagin idi. Lev Semyonoviç Pontryagin (1908-1988) 14 yaşından görmə qabiliyyətini itirmiş 20-ci əsrin dahi sovet riyaziyyatçısı, SSRİ EA-nın üzvü idi. Onun cəbri və differensial topologiyaya, dalğa nəzəriyyəsinə, variasiya hesablamasına, idarəetmə nəzəriyyəsinə böyük xidmətləri olmuşdur. Potryaginin işlərinin dünya elminə böyük təsiri olmuşdur.

Böyükağa Mikayıllı

Bənzər yazılar