“Buraxılış imtahanından sonra sual kitabçasını özü ilə aparan abituriyentlər olub”.
Bu sözləri mətbuata açıqlamasında Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə deyib.
DİM təmsilçisi sual kitabçalarının abituriyentlər tərəfindən qanunsuz aparılmasını əvvəlcədən öyrədilmiş şəxslər tərəfindən edildiyini güman edir:

“Əslində bu şagirdlərin məqsədi heç də imtahan vermək olmur. Bəzi kurslarda repetitorluqla məşğul olan insanlar öz şagirdlərini öyrədir və ya təhrik edirlər ki, bu formada qaydaları pozsunlar. Bu tip faktlar tərəfimizdən qeydə alınır. 
Bugünədək öz yerinə başqasını göndərmək istəyən də, başqasından köçürməyə cəhd edənlər də, yaxud digər imtahan qaydalarını pozanlar da olub. Eyni zamanda imtahandan sonra sual kitabçasını kənara çıxaranlar da bu qəbildəndir. 
Bunlarla bağlı hazırda araşdırma aparılır. Nəticələr barədə lazım gəldikdə prokurorluq orqanlarına müraciət edirik. Ötən il öz yerinə başqasını göndərən abituriyentlə bağlı məsələ hələ ki, prokurorluq orqanları tərəfindən araşdırılır. 

Yəni abituriyentlərə tövsiyə edirik ki, qəti olaraq imtahan qaydasını pozmasınlar. Əks təqdirdə həmin şəxslərin imtahan nəticəsi ləğv olunacaq, imtahanın ikinci mərhələsinə buraxılmayacaqlar”.
Qeyd edək ki, aprelin 7-də və 14-də DİM tərəfindən 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib. İmtahandan sonra abituriyentlərin sualları internetdə yerləşdirməsi xəbəri yayılıb.

Mektebgushesi.az


Bənzər yazılar