ADPU-nun rektoruna çamur atanlar mühafizəkarlardır

Doğrudan da islahatçılıq bütün dövrlərdə qamçı ilə qarşılanırmış. Mühafizəkarlar elə bütün zamanlarda tarixin təkərinin yerindən tərpənməsini əngəlləməklə məşğul imişlər. Bu yüz il öncə də beləymiş, indi də belədir. Üç il əvvəl Azərbaycan Turizm İnistitutunun rəhbərliyində qazandığı islahatçı imici ilə qocaman Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru vəzifəsinə gətirilən professor  Cəfər Cəfərov da burada kök salmış mühafizəkarlığın yersiz dirənişləri ilə üz-üzə qalıb. Mühafizəkarlığın bir adı var: nəyin bahasına olursa-olsun indiyədək içində yaşadıqları “durumu” qoruyub saxlamaq. Nəyin bahasına olursa-olsun onlara “sərf edən” köhnə sistem, “köhnə qaydalar” –  tapşırıqla, rüşvətlə işləmək, nəyin bahasına olursa-olsun yalnız varlanmaq istəyi, nəticədə zəif, bəsit səviyyəli mütəxəssis-kadrlar yetişdirməklə gününü keçirmək. Onlara yüksək, bəlkə rüşvət yolu ilə mənimsədiklərindən artıq əmək haqqı vəd olunanda da öz köhnə şakərlərindən əl çəkməmək üçün belə vədlərdən imtina edirlər. Səbəbi bəllidir: dəyişmək, yenilənmək, yeni zamana adaptasiya olunmaqdan xoşlanmırlar. Baxmayaraq ki, zaman dəyişib, təhsil də bir çox digər sahələr kimi yeni dövrə uyğunlaşdırılaraq modernləşdirilib, bu prosesin icrası davamlıdır, artıq ölkəmizdə də bu dəyişikliklərə müvafiq Təhsil üzrə Dövlət Strategiyası qəbul edilib, mühafizəkarlar adətkərdə olduqları ətalətdən xilas olmağı belə düşünmürlər.

Özləri üçün müəyyən etdikləri “status-kvonu” qorumağın spesifik yollarını da kəşf ediblər mühafizəkarlar. Bunun üçün xüsusi hədəf müəyyənləşdirirlər ki, təki baş nəyəsə qarışsın, öz fəaliyyətsizlikləri bu qarışıqlığın fonunda görünməz olsun, imkan yaranarsa onların “başağrısına çevrilmiş” islahatçı rəhbərin vəzifədən uzaqlaşdırılmasına nail olunsun. Mühafizəkarlar bu çirkin niyyətlərə çatmaqdan ötrü seçdikləri hədəflərinə ən ağır ittihamlarla çamur atmaqdan çəkinmirlər. Bunlar keçilmiş yollar, çağırılmış bayatılar olsa da, yenə onlar bu niyyətlərindən xilas ola bilmirlər.  

Cəfər Cəfərovun üç ildir çalışdığı ADPU-nun rektoru vəzifəsində problemləri islahatlara “bismillah” deyən kimi başlayıb. İslahatlarsa mütləq yeniliklərin tətbiqi, lazım gələndə kadr dəyişiklikləri ilə müşayiət olunmalıdır. Rektorun barəsində mətbuatda yazılıb-yazdırılanlar da elə bu iki amilə etiraz olunması fonunda qabardılıb. Amma özlərini təhsil sahəsinin aparıcı mütəxəssisləri hesab edənlər mətbuata açıqlamalarında rektorla məişət zəminində mübarizə aparmaqdan da çəkinməyiblər. Ziyalılığa yaraşmayan çirkab dolu ifadələrin yer aldığı müsahibənin detallarından danışmaq belə istəmirik. Amma səbəbləri araşdırmağımıza lüzum hiss edirik. Çünki söhbət təhsil sahəsini əhatə edir. Söhbət həmçinin bizim də yenilənməsi üçün mübarizə apardığımız təhsilin modernləşdirilməsinə kimlərinsə zərbə vurmaq istəyindən, köhnə stereotiplərlə idarəçiliyin yenidən bərpasına çabalar göstərilməsindən gedir. Bir sözlə, söhbət köhnəliklə yeniliyin mübarizəsindən gedir. Bizim sayt isə profilinə bilavasitə uyğun olaraq birmənalı şəkildə yenilənməkdə olan təhsil siyasətinin tərəfdarlarındandır. Bizim yenilikçi təhsil sisteminə uyğun keçirdiyimiz iki sorğunun qalibləri sırasında yer alıb Cəfər Cəfərovun idarəçiliyi ilə ADPU. Cəfər Cəfərov şəxsən Mektebgushesi.az saytının kecirdiyi  “Hansı rektor tələbəyə əlçatandır?” nominasiyamızın qalibi olub. Bəs onda bu sorğularda iştirak edən, rektorlarının əlçatanlığını, rüşvətxorların deyil, tələbənin, savadlı müəllimlərin yanında olduğunu təsdiqləyən, qiymətləndirən kimlərdir? Bunlar universitetin islahatlara isti yanaşan kəsimidir, şübhəsiz. Əgər tərəzinin digər gözündə bu kəsim də varsa, o zaman hansısa dedi-qodu səviyyəli yazılara görə kədərlənməyə, ruhdan düşməyə, başlıcası başlanılan islahatları dayandırmağa dəyməz. Biz də media qurumu olaraq islahatçılığa dəstəyimizi davam etdirəcək, lazım gələrsə növbəti yazılarda dedi-qoduları deyil, gerçək islahatları bütün detalları ilə ictimailəşdirəcəyik. Çünki iş görənə “qollarına qüvvət” deyərlər, qollarından yapışıb onu süstləşdirməzlər…

Rektor barəsində yazılanları araşdırarkən universitetin islahatçılığa meylli müəllimlərindən tarixçi alim Dilavər Əzimlinin baş verənlərə münasibəti ilə rastlaşdıq. Onun qeydləri ADPU və onun rektoru Cəfər Cəfərov ətrafında süni şəkildə yaradılan söz-söhbətlərə çox tutarlı cavab sayıla bilər. Hələlik Facebook-statuslu bu yazıdan bəzi hissələri diqqətinizə çatdırırıq ki, oxucular əsl-həqiqətdə nələrin baş verdiyini bilmiş olsunlar. Dilavər Əzimli yazır:

“Son günlərdə Müxalifet.az saytında Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov barədə gedən yazılar təəccübümə səbəb oldu. Son yazının adı isə belə idi: “CƏFƏR CƏFƏROV ABEL MƏHƏRRƏMOVUN “YOLU” İLƏ GEDİR – Rektor hansı məmura arxalanır…”. Bu yazılanlar da reallıqdan tamamilə uzaqdır. Bu statusumda mən Cəfər müəllim haqqında çox şey yaza bilərəm. Yaza bilərəm ki, demokratik insandır, savadlıdır, praqmatikdir. Bunlar öz yerində. Amma burada bir məsələ var: Cəfər müəllim iqtidarın ən böyük yenilikçilərdən biridir. Əslində, ona qarşı hücum ölkə başçısının gerçəkləşdirmək istədiyi islahatlara qarşı hücumdur. Ölkə başçısı onu bu Universitetə təyin edəndə də onun islahatçı xarakterini nəzərə alıb bu qərarı vermişdi. Bildiyimə görə, Cəfər müəllim bu Universitetə hətta gəlmək istəmirdi. Çünki bu Universitetdə zaman-zaman elə sistem fəaliyyət göstərirdi ki, burada islahat aparmaq mütləq ciddi maneələrlə üzləşəcəkdi. Burada hökm sürən sistem qos-qoca olmaqla müəyyən qrupların maraqlarına xidmət edirdi. Belə də oldu. Cəfər müəllim bura təyin olunandan qısa müddət sonra vəziyyətin nə qədər ağır durumda olduğunu gördü. Həyata keçirdiyi islahatlar nəticə verməyə başlayanda bu cür hücumlar təşkil olundu”.

Bunlar ADPU-da pedaqoji fəaliyyətlə məşğul olan yeniliklər tərəfdarı tarixçi alimin yazdıqları, şər-böhtan xarakterli yazılardan dolayı keçirdiyi narahatçılıqların təzahürüdür. Ümumən universitetdə aparılan islahatların detallarını görmək istəyən həmkarlarımız yaxşı olardı ki, onlara verilən “faktları” dəqiqləşdirdikdən sonra ictimailəşdirəydilər. Bununla həm də jurnalistikanın qızıl qaydalarına əməl etmiş olardılar.

Mektebgushesi.az

Bənzər yazılar