Aprelin 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) buraxılış siniflərinin şagirdləri üçün fizika, riyaziyyat və kimya fənləri üzrə Respublika Fənn Olimpiadası keçirilib.

Universitetdən Mektebgushesi.az verilən məlumata görə, olimpiadada Bakı şəhərinin ümumtəhsil məktəblərindən ümumilikdə 135 nəfər XI sinif şagirdi iştirak edib. Onlardan 39 nəfəri fizika üzrə, 53 nəfəri riyaziyyat üzrə, 43 nəfəri isə kimya fənni üzrə biliklərini yoxlayıb. Azərbaycan və rus dillərində olmaqla yazılı formada aparılan imtahanda hər şagird yalnız bir fənn üzrə iştirak etmək hüququna malik olub.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı imtahanların keçirildiyi otaqları gəzib, olimpiadanın gedişatını izləyib. Daha sonra olimpiadada iştirak edən məktəblilərin valideynləri ilə görüşən rektor M.Babanlı universitetdə gənclərin yüksək səviyyədə təhsil almaları üçün görülən işlərdən danışıb, onları maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, olimpiada gənclərin dəqiq elmlərə marağının artırılması, istedadlı gənclərin aşkarlanması və onların peşə yönümünün istiqamətləndirilməsi məqsədi ilə keçirilir. İmtahanlarda ən yüksək nəticə göstərən şagirdlər universitet tərəfindən mükafatlandırılacaq.

Bənzər yazılar