“Ali təhsil haqqında” qanun layihəsinin hazırlanmasına rəsmi qərar verilib.

Mektebgushesi.az xəbər verir ki, bununla bağlı qərar iyulun 2-də parlamemtin Elm və təhsil komitəsinin jurnalistlər üçün geniş tərkibli olmayan iclasında verilib.

Deputat Kamilə Əliyeva bildirib ki, iclasda təhsil sistemi üçün çox önəmli rol oynayacaq “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması üzrə İşçi Qrupunun yaradılmasına razılıq verib.

Onun sözlərinə görə, Təhsil Nazirliyinin və təhsil mütəxəssislərinin də qatıldığı iclasda parlamentin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli İşçi Qrupunun rəhbəri, millət vəkili, professor Bəxtiyar Əliyev və təhsil nazirinin müavini İdris İsayev isə müavinlər seçiliblər.

“Həmçinin, komitə üzvlərindən mən, o cümlədən, Pərvin Kərimzadə, Musa Qasımlı və digərləri İşçi Qrupunun üzvləri seçildik. İşçi Qrupu üzvləri də yay ayları, tətil olmasına baxmayaraq,  bu müddət ərzində qanun layihəsinin geniş hazırlıqlarına başlayacaq və payız sessiyasının başlanmasına, sentyabrın 15-nə kimi də onun ilkin variantını hazırlayıb, adıçəkilən komitənin iclasının müzakirəsinə təqdim edəcəklər.

Komitəmizdə ilkin müzakirələrdən sonra isə  çox güman ki, qanun layihəsi MM-in 2019-cu il payız sessiyasının qanunvericilik işləri planına daxil ediləcək, həm də plenar iclasa tövsiyə olunacaq. Ali təhsil müəssisəsinin işçisi, elm adamı kimi hesab edirəm ki, belə bir qanun layihəsi olduqca vacibdir. Onun müzakirəsi və qəbul təhsil sistemimizin, ali təhsilimizin inkişafına öz müsbət və mütləq töhfələrini verəcək.

Bununla həm də təhsillə bağlı qanunları bir növ yekinlaşdırmış olacağıq. Çünki təhsillə bağlı demək olar ki, bütün qanunlar qəbul olunub və qüvvədir”-deyə, K. Əliyeva sözlərinə əlavə edib. (Etikxeber.az)

Bənzər yazılar