AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, akademiyanın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova İtaliyada keçirilən “Əmək bazarında peşə bacarıqlarının proqnozlaşdırılmasının, tələb və təklifin uyğunlaşdırılmasının rəqəmsal transformasiyası” mövzusunda 8-ci tematik seminarda iştirak edib.

Tədbir Avropa Komissiyası, Avropa Təhsil Fondu və İtaliyanın Bikokka Universitetinin birgə təşkilatçılığı ilə Şərq Tərəfdaşlığı Proqramının 4-cü platforması çərçivəsində Milan şəhərində keçirilib. Azərbaycan bu seminarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Dövlət Statistika Komitəsi və İnformasiya Texnologiyaları İnstitutundan olan ekspert qrupu ilə təmsil olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda Avropa İttifaqı tərəfindən qlobal texnoloji çağırışlara cavab olaraq gələcəyin əmək bazarı, müəssisələri, iş yerləri və zəruri olan yeni bacarıqların proqnozlaşdırılması üzrə müzakirələr aparılıb.

Azərbaycan nümayəndələri adından təqdimat edən professor Məsumə Məmmədova “Azərbaycan: əmək bazarında tələb və təklifin proqnozlaşdırılması və uyğunlaşdırılması ekosisteminin formalaşması və inkişafı üzrə təşəbbüslər və nailiyyətlər” mövzusunda çıxış edərək, ölkəmizdə bu istiqamətdə aparılan işlər və tədqiqatlar haqqında məlumat verib.

Bənzər yazılar