İyulun 9-da Azərbaycan Texniki Universitetinin (AzTU) rektor əvəzi, professor Xalıq Yahudovun rəhbərliyi ilə universitetin bir qrup professor-tələbə heyəti Daxili İşlər Nazirliyinin Polis Akademiyasında olub.

Polis Akademiyası ilə yaxından tanış olduqdan sonra AzTU-nun nümayəndə heyəti akademiyanın müəllim və tələbə heyəti ilə birlikdə Polis Akademiyasının fəaliyyətini əks etdirən videofilmi izləyiblər.

Sonra AzTU və Daxili İşlər Nazirliyinin Polis Akademiyası arasında elm və təhsil sahələrində əməkdaşlıq müqaviləsi imzalanıb.

İmzalanma mərasimində Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev AzTU-nun nümayəndə heyətini salamlayıb və Polis Akademiyasının fəaliyyəti haqqında geniş məlumat verib. Polis general-mayoru Nazim Əliyev informasiya texnologiyalarının inkişafının ölkənin bütün sahələrinə müsbət və mənfi təsirindən danışıb. Bu məqsədlə də akademiyada yeni “İnformasiya təhlükəsizliyi” fakültəsinin fəaliyyət göstərdiyini qeyd edib. Bildirilib ki, bu fakültənin tədris proqramı AzTU və akademiyanın peşəkar mütəxəssisləri tərəfindən birgə hazırlanıb.

AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov çıxışında Polis Akademiyası ilə əməkdaşlıqdan məmnun olduğunu bildirib və informasiya təhlükəsizliyi ilə əlaqəli hər iki təhsil müəssisəsi arasında əməkdaşlığın zəruri olduğunu vurğulayıb.

İmzalanma mərasimindən sonra Polis Akademiyasının təşkil etdiyi “Müasir cəmiyyətdə informasiya təhlükəsizliyinin aktual problemləri” mövzusunda konfrans keçirilib.

Konfransda polis general-mayoru Nazim Əliyev, AzTU-nun Elm və texnika üzrə prorektoru, professor İlham Pirməmmədov, AzTU-nun Strateji inkişaf üzrə prorektoru, professor Elton Məmmədov çıxışlarında konfransın əhəmiyyətindən, mövzunun aktuallığından və hər iki təhsil ocağı arasında bağlanmış müqavilənin zəruriliyindən danışıblar.

Çıxış edənlər təhlükəsizlik tələblərinə cavab verməyən proqram təminatları, informasiya təhlükəsizliyinin qanunvericilik bazasının formalaşması, kibercinayətkarlıqda sosial mühəndislik, texnologiyaların sürətlə modernləşməsi, vebserverlərə hücum metodlarının analizi və informasiya cəmiyyətinin formalaşması mövzularında mühazirələr oxuyublar.

Bənzər yazılar