“Bu, komanda yarışı deyil, individual müsabiqədir. Bir-birimizdən asılılığımız yoxdur, amma düşünürəm ki, rəqiblərim də yüksək nəticə göstərəcək potensialdadırlar”.

Mektebgushesi.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlamasında ölkəmizi  Beynəlxalq İnformatika Olimpiadasında  təmsil edən Abutalıb Namazov deyib.

O, Fizika Riyaziyyat Informatika Təmayüllü Respublika liseyinin X sinif şagirdidir. Artıq üçüncü dəfədir ki, Beynəlxalq İnformatika Olimpiadasında iştirak edir:

“Bu olimpiadaya ciddi hazırlaşmalısan  ki, uğur qazana biləsən. Çünki burada dünyanın 90-a yaxın ölkəsinin ən güclü 4 şagirdi iştirak edir. Bu, hər yerdə qəbul olunmuş bir informatika müsabiqəsidir. Ümid edirəm, bu il nəticəmiz yaxşı olacaq. Açığı, hədəfim gümüş medaldır. Halbuki keçən il medalı çox kiçik faizlə  qaçırmışdım.

VII sinifdən olimpiadaya hazırlaşıram. Həmin il fənn olimpiadalarında iştirak etdim və I yerə layiq görüldüm. Hazırlığa oxuduğum  məktəbdə olan olimpiada mərkəzində başlamışam. Onu da qeyd edim ki, İnformatika Olimpiadasında uğur qazanmaq üçün ciddi əmək tələb olunur. Iştirakçı günlərini kompüter arxasında keçirməli olur. Bu, Riyaziyyat Olimpiadası deyil ki, qələm və vərəqlə kifayətlənəsən. Həm də beynin yorulması deməkdir”.

Rəqiblərinin potensialına gəlincə isə, təmsilçimiz belə cavab verib:

“Bu, komanda yarışı deyil, individual müsabiqədir. Bir-birimizdən asılılığımız yoxdur, amma düşünürəm ki, rəqiblərim də yüksək nəticə göstərəcək potensialdadırlar”.           

Qeyd edək ki, ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən Beynəlxalq İnformatika Olimpiadası Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilir.

Olimpiadanın rəsmi qlobal sponsoru qismində “Acer” şirkəti çıxış edir. Bundan başqa, yerli şirkətlər – ölkənin lider mobil operatoru “Azercell Telekom” tədbirin “İstedadların rəqəmsal sponsoru”, “PAŞA Bank” isə “İstedad sponsoru” kimi dəstək verir. İctimai Televiziya (İTV) Olimpiadanın baş media tərəfdaşıdır.

Bənzər yazılar