Azər Məmmədov: “Türkiyəli həkim Şahin Turqay dedi mən hərbçidən pul götürsəm gecəni yata bilmərəm”                                   

                                                                                                      (III yazı)

Baş leytenant Azər Məmmədovla davam edirik söhbətimizə. O da Aprel savaşının qəhrəmanlarındandı. Paytaxtın Binəqədi kəndində yaşayır. Əlil arabası və valker hərəkət vasitəsi ilə gəzə bilir. Gündəlik müalicədədir. Tam sağalıb ayağa qalxma ehtimalı çox yüksəkdi. İnşallah, o durumuna qovuşanda Azəri yenidən sizinlə görüşdürmək ümidimizi biz də itirmirik. Bu qəhrəman oğlumuza da dualarınızı əsirgəməyin. Onunla həmöhbət olsanız, ordumuzun Qarabağı çox kiçik bir zaman kəsiyində ala biləcəyinə ümidlənərsiniz. Mənim kimi.

Azərlə söhbətimizin axarı onun müalicəsi yönündə başladı. Onu dayandırmadım və Aprel savaşındakı rolu, eləcə də ona ölkəmizin ayrı-ayrı instansiyalarındakı münasibətlər barədə suallarımı sonraya saxladım: 

  • Aprel döyüşləri elə başa çatan kimi Bakıdakı hərbi hospitalda 2016-cı il aprel ayının 6-da belimə mil qoyulmuşdu. Onların ikisi aşağıdan yuxarıya qırılmışdı. Ona görə də məni göndərdilər Türkiyəyə. Orda Heydər Əliyev Fondunun nümayəndəsi var, Sənan müəllim, o burdan göndərilən xəstələri müvafiq həkimlərə yönləndirir. Sənan müəllim Fondla əlaqə yaratdı, vəziyyəti danışdıqdan sonra Fonddan razılıq verdilər ki, əməliyyat olunum. Orda həkim dedi ki, sənin belindəki dəmirlər – millər dəyişilməlidi. Əks təqdirdə bunların heç bir effekti qalmayacaq. Beləcə, Türkiyədə onurğadan əməliyyat olundum. Mənə üstəlik hüceyrə də köçürüldü. Əməliyyatdan iki həftə sonra isə qayıtdım gəldim Azərbaycana.

Ümumiyyətlə mən yaralanandan sonra üç ay – 2016-cı il iyun ayının axırına kimi hərbi hospitalda qalmışam. Ondan sonra 15 gün Əlillərin Bərpa Mərkəzində yatdım. Sonra noyabr ayına kimi heç bir müalicə almadım. Noyabr ayında Fondla əlaqə yaratdım. Fondun təşkilatçılığı ilə mən Med Era hospitalında fasilələrlə iki ay müalicə olundum.

  • Əvvəlcə millərin qırılma səbəblərini bilmək istərdik. Bu millər aşınırlar, yoxsa…
  • Yox-yox. Əslində bunlar ömürlük qoyulur. Sadəcə necə olmuşdusa qırılmışdı. Deyəsən səhv qoyulmuşdu. Yəni aşağıdakı dəstəklər zəif, az olmuşdu.
  • Tab gətirməmişdi?
  • Hə, tab gətirməmişdi.
  • Bu, sizin müalicənizlə bağlı döyüşlərdən dərhal sonra baş verənlərdi. Sonra müalicənizi necə davam etdirmisiz?
  • 2017-ci ilin aprelində, yəni bu əməliyyatlardan və Aprel döyüşlərindən düz bir il sonra Heydər Əliyev Fondunun icraçı direktoru Anar müəllim mənimlə əlaqə saxladı ki, sizin adınız müalicə üçün Fonda verilib. Fonda gəlməyimi istədi. Getdim. Anar müəllim söylədi ki, Bakıda Azərbaycan Tibb Universitetinin Tədris-cərrahiyyə Korpusunda çalışan Türkiyəli bir həkim var, Şahin Turqay adlı, yaxşı olar ki, onun yanında fizioterapiya alasınız. Razılaşdıq. Bundan sonra adıçəkilən həkimlə görüşdük. O bildi ki, mən döyüşçü olmuşam. Bunu biləndən sonra nə qədər çalışdımsa ki, Turqay bəy, mənim müalicəmin qiymətini söylə, dedi siz nə danışırsız, mən sizdən pul götürə bilmərəm. Ümumiyyətlə təkid etməyin. Mən o pulu götürsəm gecəni yata bilmərəm (söhbət Polkovnik-leytenant Eldəniz Sadıqovu da pulsuz müalicə etmiş Türkiyəli həkim Şahin Turqaydan gedir. Belə bir nümunəni təbliğ etmək borcumuzdu). Sən yalnız gedib-gəlmək, yolpulu xərclərini həll elə, vəssalam. Ya da istəsən xəstəxanada da qala bilərsən. Dedim yox, yəqin ki, mənim müalicəm uzunmüddətli olacaq, ona görə də xəstəxanada qala bilmərəm.

Sonra Turqay doktorun dediklərini Anar müəllimə söyləyəndə, o, həkimə təşəkkür etdi və digər xərclərin həll olunacağını bildirdi. Həmin tarixdən bəri hər gün mən fizioterapiyaya gedirəm, yalnız qeyri-iş günlərini çıxmaq şərtilə. Müalicəm aparılır Azərbaycan Tibb Universitetinin Tədris-cərrahiyyə Korpusunda.

  • Sizin ayaqlarınız ikisi də yerindədi. Ona görə protezləşməyə də ehtiyacınız olmayıb…
  • Xeyr, mənim protezləşməyə ehtiyacım olmadı. Mənə sadəcə olaraq bir əlil arabası və gəzmək üçün valkerlər veriblər.
  • Ümumiyyətlə neçə dəfə əməliyyat olunmusan?
  • Dörd dəfə əməliyyat olunmuşam.
  • Gəzə biləcəyinlə bağlı hansısa ümidlər verilirmi?
  • Bilirsiz, vaxt lazımdı mütləq. Bu sinir məsələsi elədir ki, onu yalnız iynə-dərmanla həll etmək mümkün olmur, onu elektriklə, fizioterapiya ilə oyadırlar ki, zamanla özünü bərpa edə bilsin.

           “Türkiyədə hovuz terapiyası almalıyam”

Söhbətimiz zamanı o da bəlli olur ki, Azər indi terapiyanın digər formaları ilə də müalicəsini davam etdirməlidir. Bunların hamısı isə yalnız Azərbaycanda mümkün deyil:

  • Bu il aprel ayında Heydər Əliyev Mərkəzində Mehriban xanımla görüş keçirildi. Bu görüş zamanı müraciət etdim ki, Türkiyədə əlavə müayinə-müalicəyə ehtiyacım var. Sağ olsunlar göndərdilər. Getdim iki günlük, həkim müayinə elədi, dedi ki, burada uzunmüddətli fizioterapiya keçməlisən, əsasən də hovuz terapiyası. Hovuz terapiyası o deməkdir ki, bütün hərəkətləri hovuzda etməlisən.
  • Bizdə belə terapiya yoxdu?
  • Yox, Azərbaycanda heç yerdə yoxdu. Bu, tamamilə yeni metod sayılır. Nə isə, gəldim Fonda bildirdim, indi onlar müqavilə bağlayacaqlar, digər prosedurları həll edəcəklər, gedəcəyəm müalicəyə. Bir qədər yubandıq. Çünki düşdü yay aylarına, orda da, burda da əksəriyyət tətildə oldu deyə yubandıq, amma indi problemləri həll edib gedəcəyik. Yəqin sentyabrın sonuna, ya da oktyabr ayına göndərərlər.
  • İnşallah.

“Ohanyan xətti”ni bir göz qırpımında aldıq

  • Azər, yaralandığın döyüşdən, ümumiyyətlə Aprel döyüşlərindən danışmağını istərdik…
  • Döyüşdə mən Tərtər bölgəsində olmuşam. Aprelin 1-də bizə tapşırıq gəldi ki, belə bir vəziyyət yaranıb, düşmən qüvvələri artıq bizim mövqelərə hücuma keçməyə hazırlaşır. Biz də tapşırıq üzrə silahlandıq və müvafiq yerlərə yerləşdik. 1-dən 2-nə keçən gecə Qapanlı-Selsuan istiqamətində ermənilərin artıq gözlədiyimiz hücumunun qarşısını aldıq və onlara qarşı əks-hücuma keçdik. Səhər saat yeddi radələrində artıq onların səngərində idik, elə orda da mən yaralandım. “Ohanyan xətti” adlı mif yaratmışdılar. Nə xətt idi ki o (gülür)… Oranı elə sürətlə keçdik ki… Bir mövqe idi də. Adını qoyublar “Ohanyan xətti”. 20 ildə də şişirdib qaldırıblar dağın başına. Onu, elin dili ilə desək, bir göz qırpımında aldıq. Bu döyüşdə mənim beş əsgərim şəhid oldu. Ümumilikdə 19 əsgərimiz orda şəhid olmuşdu.
  • Necə yaralandığını xatırlayırsan?
  • Səngərdə onların iki əsgərini vurmuşdum. Üçüncünü də vurdum. Bax o qıc olub yıxılanda, görünür, əli tətikdə qalıb, mənə dəyən güllə onun əlindən açılmışdı. Çünki mənim ətrafımda, nə sağda, nə solda ondan başqa heç kim yox idi. Onu vuran kimi döndüm, elə o yıxılan kimi mən də yıxıldım, elə bildim ayaqlarım yerdən üzüldü.
  • Bizim əsgərlər hardaydı bəs bu zaman?
  • Bizim əsgərlər məndən arxadaydı. Gördüm ki, ayaqlarımı hiss eləmirəm. Əsgərlərə dedim mən yaralandım, onlar gəlib məni çəkdilər bir qədər arxaya. Təxminən bir saat yarıma qədər qaldım orda. Orda mənə ilk tibbi yardım göstərildi. Sonra saat 9 radələrində məni çatdırdılar Sarıcalı hospitalına. İlk əməliyyatı da orada elədilər.
  • Gülləni çıxardılar?
  • Yox güllə dəyən kimi çıxmışdı. Sol böyrəyimin üstündən girib onurğaya toxunub sağ böyrəyimin altından çıxmışdı. Böyrəyimin üst təbəqəsini yandırsa da, böyrəklərimi zədələməmişdi. Bircə onurğaya toxunmağı olmasaydı…
  • Qaldınız orda?
  • Yox, ilkin əməliyyatdan sonra axşamüstü təxminən saat 6 radələrində vertolyotla gətirdilər Bakıya. Bakıya çatan kimi təzədən bir əməliyyata da girdim. Bu əməliyyat zamanı bədənimdən 700 qram laxtalanmış qan çıxardılar. Sonra qan vurdular mənə. Gecə saat 1-2-yə kimi əməliyyatda olmuşam. Aprelin 6-da isə təzədən bir də əməliyyata girdim. Bu dəfə dediyim o milləri yerləşdirdilər onurğama. Üç ay yarım qaldım hospitalda. Hara gedirdim ancaq əlil arabası ilə gedirdim. Ayaqlarımı hiss edib bax beləcə tərpədə də bilmirdim (ayaq barmaqlarını tərpətməklə bunu əyani göstərir.). Beləcə yavaş-yavaş Turqay doktorun yanında əlil arabasından durdum ayağa. Valkerlə gəzməyə başladım. Ancaq evdə onunla yeriyəndə səs-küy çox çıxır deyə, evdə olanda arabadan çox istifadə edirəm. Amma bayıra çıxanda, xəstəxanaya gedib-gələndə valkerlə hərəkət edirəm.
  • İcra strukturlarının münasibətini bilmək istəyirdik. Sosial qayğılarınızın qarşılanmasında, müalicənizə dəstək olmaqda kimləri yanınızda görürsünüz?
  • Təbii ki, bu sırada ilk öncə H.Əliyev Fondunun gördüyü işləri qeyd etməyə bilmərəm. Bu yaşadığım evi də onlar verib mənə. Daha doğrusu, Sumqayıtda yeni tikilən binadan iki otaqlı ev vermişdilər. Bir qədər balacaydı ailə ilə yaşamağa, ona görə onu satıb Binəqədi qəsəbəsində bu evi aldım. Sağ olsunlar, evin sənədləşməsini, çıxarış da daxil olmaqla Binəqədi İcra Hakimiyyəti həll etdi.

“Doğulduğum Şərur rayonunun icra strukturları bir dəfə də mənə zəng etməyiblər…”

  • Özünüz binəqədilisiz?
  • Yox, əslim Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Mahmud kəndindəndi. Elə hərbi xidmətə də ordan getmişəm. Ancaq indiyədək qəribədir ki, nə Şərur rayon İcra hakimiyyətindən, nə məni orduya yola salan Şərur rayon Hərbi Səfərbərlik idarəsindən, nə Şərur bələdiyyəsindən bu üç il yarımda bir dəfə də zəng edib harda olmağımla, müalicə alıb-ala bilməməyimlə, harda yaşamağımla, necə yaşamağımla və s. ümumiyyətlə başıma sonradan nələrin gəlməsi ilə maraqlanan olmayıb.
  • Bəlkə məlumatları yoxdu, özün də onlara müraciət etməmisən?
  • Necə yoxdu?! O zaman mənim guya şəhid olduğumu eşidib dəfnimə də hazırlıq aparmaq istədikləri faktı da var axı ortalıqda… Bu 3 il ərzində iki dəfə kəndimizə getmişəm. Ancaq gəldiyimi onlara heç bildirməmişəm də… Mən niyə deməliyəm?!.. Amma Binəqədidə icra hakimiyyəti də, Hərbi Səfərbərlik idarəsi də, bələdiyyə də maraqlanır, Novruz bayramında, Qurban bayramında pay da göndərirlər, Yeni ildə zəng edib təbrik də edirlər. Bilirsiniz, yəni bu diqqəti görəndə bir qürur hissi keçirərək düşünürsən ki, bu Vətən üçün, bu insanlar üçün vuruşmağa da, mübarizə aparmağa da, şəhid olmağa da dəyərmiş… Üstəlik diqqət olanda özündə bir təpər hiss edirsən, həyatdan küsmürsən.
  • Düzdü. Azər, neçə övladın var?
  • Bir qızım, bir oğlum var.
  • Uşaqlar var idi Aprel müharibəsi zamanı?
  • Qızım var idi. İki ay yarımlıq idi o zaman. Oğlum sonra doğulub. İki yaşı olacaq bu yaxınlarda.
  • Allah saxlasın.
  • Sağ olun.

                                                                                                 (ardı var)

Dəyanət Səlimxanlı

Nəzirməmməd Zöhrablı

Bənzər yazılar