Oktyabrın 1-də Bakı Dövlət Universitetinin (BDU) nəzdindəki Konfutsi İnstitutunda Çin Xalq Respublikasının (ÇXR) Anxoy vilayətinin Dövlət Opera Teatrının solistləri ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, müəllim və tələbələrin iştirak etdikləri görüşdə universitetin nəzdindəki Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru Oqtay Cəlilbəyli çıxış edərək iki ölkə arasında əməkdaşlığın, o cümlədən elm, təhsil və mədəniyyət sahəsində əlaqələrin əhəmiyyətindən danışıb.

BDU-nun nəzdindəki Konfutsi İnstitutunun 2011-ci ildə yaradıldığını qeyd edən Oqtay Cəlilbəyli onun fəaliyyəti haqqında ətraflı məlumat verib.

Bildirilib ki, azərbaycanlı tələbələr Çində təhsil alırlar. Çin dilinin Azərbaycanda öyrənilməsi istiqamətində əhəmiyyətli tədbirlər reallaşdırılır. Ölkəmizin müxtəlif ali məktəblərində Çin dili kursları təşkil olunub.

BDU-nun nəzdindəki Konfutsi İnstitutunun ÇXR tərəfindən direktoru xanım Luo Siaoci Çin dilinə marağın ilbəil artdığını deyib.

Görüşdən məmnun qaldıqlarını bildirən Anxoy vilayətinin Dövlət Opera Teatrının solistləri öz yaradıcılıqlarından bəhs edib, institutun kollektivinə uğurlar arzulayıblar.

Bənzər yazılar