Son illər tədris prosesində, xüsusən də dərslik sahəsində bir sıra yeniliklər baş verib. Bu yeniliklər, heç şübhəsiz ki, dərsliklərin məzmun və keyfiyyətinə, formatına müsbət mənada təsir edib. Bir neçə ildir Təhsil Nazirliyi tərəfindən hazırlanan elektron dərsliklər bu sahədə atılan uğurlu addımlardandır.

Şagirdlər biliklərinin artırılması üçün planşetlərdən istifadə edərək, mövzuları daha asan və daha yaddaqalan səviyyədə mənimsəyirlər. Dərslərin internetin köməkliyilə keçirilməsinin də bir sıra üstün cəhətləri var. Misal üçün, mövzuya dair verilən tapşırıqların yerinə yetirilməsində, əlavə maraqlı məlumatların alınmasında, onlayn testlərin yerinə yetirilməsində, onlayn şagird nəzarəti və şagird nailiyyətlərinin qiymətləndirilməsində internetin rolu əvəzsizdir.

Uzun müddət idi ki, elektron dərsliklərin hazırlanması məsələsi müzakirə olunurdu. Həm orta, həm də ali təhsil müəssisələrində təhsil alan tələbələrin rahatlığı üçün dərsliklərin elektron formada tərtib olunması ekspertlər tərəfindən təklif olunurdu. Artıq Təhsil Nazirliyi tərəfindən hazırlanmış elektron dərslik portalında (www.e-derslik.edu.az) Azərbaycan və rus bölmələri üzrə mövcud olan 2-ci sinif dərsliklərinin hamısı və hər iki bölmə üzrə 3-cü sinif dərsliklərindən 7-si olmaqla, ümumilikdə, 22 dərslik yeniləri ilə əvəzlənib. Hazırda məzmun və dizayn baxımından təkmilləşdirilmiş dərsliklərin elektron formatda hazırlanıb portalda yerləşdirilməsi prosesi davam etdirilir. Portalda 231 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla, ümumilikdə, 255 elektron vəsait mövcuddur. Portalda video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı 27-yə çatdırılıb.

Nazirliyin yaydığı məlumatda qeyd olunur ki, elektron dərslik portalı ölkə üzrə saytların reytinq cədvəlində son bir ay ərzində 80 pillə yüksələrək 51-ci olub. Belə ki, sentyabr ayı ərzində portala giriş sayı 332 130-a, səhifələrə ümumi baxış sayı isə 2 748 408-ə çatıb.

Məlumdur ki, bu gün dərsliklərin satış qiyməti yüksəkdir. Elektron dərsliklər yaradılarsa, bu, ilk növbədə, valideynlərin büdcəsinə müsbət təsir edəcək, həm də dərsə gedən şagirdlərin məktəb çantasının yüngülləşməsinə səbəb olacaq.

  • “Elektron dərsliklərə keçid kağız dərsliklər ətrafında gedən ardı-arası kəsilməyən mübahisələrə son qoymaqla yanaşı…”

Təhsil eksperti Nadir İsrafilov “Baki-Xəbər”ə açıqlamasında qeyd etdi ki, elektron dərsliklərin yaradılması müsbət haldır: “Məlumat üçün bildirim ki, 2012-ci ildən başlayaraq qardaş Türkiyənin ümumtəhsil məktəblərində çox böyük strateji əhəmiyyət daşıyan “FATİH Projesi” adlı proqram həyata keçirilir. Proqrama uyğun olaraq, ölkənin bütün şagirdlərinə dövlət hesabına fərdi tablet, planşetlər verilir. Çəkisi 800 qram civarında olan bu bilgisayarlar təlim prosesində istifadə olunur, müxtəlif tədris vəsaitləri və məlumat qaynaqları yüklənir. Bununla da şagirdlərin canı kağız dərsliklərdən, dövlətin canı isə hər il sərf olunan milyardlarla dollar xərcdən qurtulur və qurtulacaq.

Qeyd edim ki, “FATİH Projesi” elan ediləndə Türkiyədə bir çoxu buna inanmadı. Amma pilot məktəblərdə keçirilən eksperimentlər Türkiyə təhsilinin böyük bir sıçrayışa hazır olduğunu nümayiş etdirdi.

Əlbəttə, başladılan bu proqrama kağız istehsalına görə milyonlarla ağacın qırılması, ətraf mühitin tullantılarla zibillənməsi, uşaqların sağlamlığı və hər il sərf olunan milyardlarla vəsait israfçılığının qarşısını almaq prizmasından da baxmaq olar. Lakin sagirdlər öz fərdi tablet kompyuterlərindən dərslik və dərs vəsaitləri kimi istifadə etməklə yanaşı, həm də bir-biri və müəllimləri ilə daim interaktiv əlaqədə olur, keçilən mövzuları daha yaxşı mənimsəmək üçün ölkədə və dünyada mövcud olan ən yaxşı canlı dərs nümunələrindən bəhrələnə bilirlər. Bunun nə demək olduğunu anlamaq elə də çətin deyil.

Xatırladım ki, ölkə başçısının fərmanı ilə 29 dekabr 2012-ci il tarixində “Azərbaycan 2020: Gələcəyə baxış” adlı proqram qəbul olunub. Proqram hər sinfin bir noutbuk, proyektor və elektron lövhə dəsti ilə, hər şagirdin isə bir pulsuz netbuk və ya planşetlə təmin edilməsini nəzərdə tutur. Əlbəttə, bu çox yaxşı haldır. Bunun üçün hər şeydən əvvəl mükəmməl proqram təminatı hazırlanmalı, sistemli iş aparılmalıdır. Burada diqqətçəkən əsas məsələ öncə təhsildə tətbiq olunacaq çağdaş texnologiyaların gənc nəslin beynində, dünyagörüşündə yaradacağı inqilabdır. Elektron dərsliklərə keçid kağız dərsliklər ətrafında gedən ardı-arası kəsilməyən mübahisələrə son qoymaqla yanaşı, həm də məktəbliləri ağır çanta yükündən xilas edər”.

N.İsrafilov hesab edir ki, ölkəmiz “Elektron hökumət” quruculuğunda böyük nailiyyətlər əldə edib. Təhsil Nazirliyi tərəfindən elektron dərslik portalı hazırlanıb, bir çox təhsil müəssisəsində elektron kitabxanalar fəaliyyət göstərir. Hazırda portalda 217 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla, ümumilikdə, 241 elektron vəsait mövcuddur. Portalda video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı 26-ya çatdırılıb. Yenilənmə davam edir: “2014-cü ildən fəaliyyət göstərən www.e-derslik.edu.az portalının hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır. Bu sistem şagirdlərin dərsliklərdən istifadəsində mobilliyi artırır, həmçinin, məktəblilər istənilən vaxt və məkanda dərsliklərə müraciət edə bilirlər. İstifadəçilər onlayn formada və ya əvvəlcədən yükləməklə dərslikləri elektron versiyada oxumaq, onlayn rejimdə dərsliyin istənilən səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq imkanı qazanırlar. Bu da, öz növbəsində, təhsilalanların öyrənmə prosesinin fərdiləşməsinə şərait yaradır. Elektron dərslik portalında 22 dərslik yenilənib. Bu sahədə aparılan işlər təqdirəlayiqdir və mərhələlər üzrə davam etdirilməlidir”

Bənzər yazılar