“Heç bir şey qadını analıq sevgisi qədər gözəlləşdirə bilməz!” (Balzak)

Çox yaxşı tanıyırıq bizə aşiq, candan yanan bu varlığı. Bəli, o, anadır, o, hər kəsdən daha çox candan yanandır balaya! Ağ saçında min bir kədər olsa da, amma  gözlərindəki sevinci, üzündəki təbəssümü heç vaxt əsirgəməz övladına. Analar xoşbəxt kimi görünsə də daima qəlbinin dərinliklərində bir hüzn vardır. Bir övlad anasının  səsini eşitməsə, nəfəsini duymasa dünya ona dərd olar. Başını sinəsinə qoyub körpə kimi hiss etmək və bu hissi ölənədək unutmamaq istər balalar.

Balam deyib övladını qucması bir insan üçün dünyalara dəyər anaların. Övlad anasının gözlərini, saçlarının ağ telini, nəfəsindən isti çıxan laylasını milyonların içindən seçər. Bir zamanlar deyərik, kaş anamın dizləri üstünə başımı qoya biləydim. Bircə anlıq kaş görəydim. Kaş ki, laylasından bircə kəlmə, öz dilindən duyardım. İçimdəki bu əsarət boğmazdı məni. Hər bir övlad  anasının  saçındakı ağ telinin, xoş gününün səbəbidir. Kim sevməz ki, anasını canından çox? Kim verməz ki, ürəyini, göz nurunu, nəfəsini. Övladdan çox anaya yanan varmı? Anadan çox yanan varmı bir balaya?  Bir ananın qəlbindəki əsarətə təssəlli yardım etməz. Ona  baxan bir ananın gözlərində yaşlar görən bir övladın çəkdiyini bilən varmı? Hər kəs bilsin anaların laylasında dirilirik. Hər kəs bilsin anaların göz nurundan, duasından bu yerdəyik. Analar övladının qəlbindəki bütün sirdən, gizlilərdən xəbərdardır. Övlad necə, bilirmi ananın qəlbindəki ağrıları, acıları, fəryadına yetişməsən, imdadına yetişərmi duaları?

“Ana laylası” müqəddəsdir. Mən qələmi götürüb yazmağa başlayarkən hər cümlədə bunu anladım. İnsan ananın laylasından nə qədər yazsa da sözlər bitməz, tükənməz. Mən qələmlə savaşmaqdan zövq alıram. Qələm yazma desə də “Ana laylası” – sanki “məndən yaz, mən bilirəm bacararsan” – deyir. Bir ananın qəlbindəki nisgilləri misra-misra vərəqimə həkk etməsəm qəlbim rahatlıq tapmaz. Hər kəs istər yuxu yatsın, oyananda dərdsiz-sərsiz körpə olsun.Yenə anası əvvəlki kimi söyləsin:

Laylay beşiyim laylay,

Evim eşiyim laylay.

Sən get şirin yuxuya,

Çəkim keşiyin laylay

Ana laylası körpəyə ruh verər, cana dinclik gətirər. Bir insan üçün “Ana laylası” həyatında baş verən ən pis hadisə zamanı belə, ananın dizlərinə başını qoyub, bütün dərdini, sərini yox edə biləcək nəğmədir. Laylaların tarixi çox qədimdir. Şifahi xalq ədəbiyyatının nəğmələr janrının ən geniş yayılmış nümunəsidir. Övlad neçə yaşında olursa olsun yenə də anası üçün uşaqdır. Layla ananın üstümüzə sevgiylə örtdüyü yorğanıdır. Bu yorğan bizi isidir, mışıl-mışıl şirin yuxulara qərq edir. Bəzən həyat elə amansız olur ki, körpə ana laylasına möhtac qalır. Bu möhtaclıq üzündən düzgün tərbiyə, düzgün yol seçə bilmir. Ana, uşaq dünyaya gəldiyi gündən ona tərbiyə verməlidir. Uşağın ilk duya biləcəyi tərbiyəvi sözlərdir laylalar.

Layla əməyim bala,

Duzum, çörəyim bala,

Gözdüyürəm yekələn,

Görüm köməyin bala.

“Cənnət anaların ayağı altındadır” deyilən söz bir həqiqətdir. Bir övlad  ki, ona layla deyən, daima beşiyinin başında olan anaya dəyər vermir, o insan həqiqətən də çox şey itirir. Yaradan həmin insanı bağışlamaz. Ana üçün övlad sanki böyümür. İstər kiçik, istər böyük yaşda olsaq da, bir yerimiz ağrıyarkən ilk həyəcanlanan, təşvişə düşən analarımız olur. “Ana laylası” ana sevgisindən irəli gəlir, biz övladlar da anamızı  hər şeydən üstün tutmalıyıq!

Elmin Sərdarlı, BSU-nun jurnalistika fakültəsinin I kurs tələbəsi

Bənzər yazılar