Azərbaycan Universitetində “Çin Günü” adlı mədəniyyət tədbiri keçirilib. Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşəbbüsü, institut ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən Azərbaycan Universiteti Konfutsi Mərkəzi və Xarici dillər kafedrasının təşkilatçılığı ilə ərsəyə gələn tədbirdə Çin dili, mədəniyyəti və ənənələrinin təqdimatı olub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirin açılış mərasimində ali məktəbin elmi işlər üzrə prorektoru, professor Yusif Qasımov və Konfutsi İnstitutunun Çin tərəfdən direktoru xanım Luo Xiaozhi çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, tədbir tələbələrə Çin mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı yaradır. Dünyadakı ən qədim mədəniyyətlərdən biri olan Çin, eyni zamanda, kağız, barıt, kompas kimi böyük kəşflər ölkəsidir. Geniş əraziyə və əsrarəngiz təbiətə malikdir. Çin dili özündə mədəniyyət və incəsənəti birləşdirir. Dünya əhalisinin beşdə biri bu dildə danışır. Azərbaycan Universitetində 2018-ci ilin sentyabr ayından ikinci xarici dil kimi Çin dilinin tədrisinə başlanıb. Hazırda həftədə 16 dərs saatı olmaqla iki qrupda Çin dili fənni tədris olunur.

Açılış mərasimində iştirakçılara “Mənim səsimdəki nəğməm” məşhur Çin mahnısı təqdim olunub. Mahnını tərcümə ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Aytac İsmayılova səsləndirib.

Tədbirin sərgi hissəsində Çin mədəniyyətinin ayrılmaz hissəsi olan Çin kağız kəsmə sənəti, çay mərasimi, kalliqrafiya və Çin mədəniyyətinə aid əşyalar nümayiş olunub, iştirakçılar arasında yemək çubuqları vasitəsilə fıstıq götürmə oyunu keçirilib. Qaliblərə müxtəlif mükafatlar təqdim olunub.

“Çin Günü” mədəniyyət tədbiri maraqlı anlarla yadda qalıb.

Bənzər yazılar