Bu gün Bakı Avrasiya Universitetində Azərbaycan Prezidentinin 15 oktyabr 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı çərçivəsində “Sabahımız naminə narkomaniyaya yox deyək” adlı  tədbir keçirilib.

Mektebgushesi.az– ın “Qafqazinfo”- ya istinadən məlumatına görə, tədbiri giriş sözü ilə açan rektorun köməkçisi Şəfayət Əliyev əsrimizin bəlasına çevrilmiş narkomaniya ilə mübarizədə hər birimizin  bir fərd olaraq düşüncəli şəkildə mübarizə aparmalı olduğumuzu bildirib, tələbələri zərəli vərdişlərdən uzaq durmağa səsləyib. Eyni zamanda müasir gəncliyin bu kimi xətalara tez düşməsindən narahatlığını ifadə edib.

Tədbirdə  Nərimanov Rayon İcra Hakimiyyətinin  Narkotiklərlə Mübarizə Komissiyasının məsul katibi Nicat Məmmədov, rayon üzrə mübarizə komissiyasının mütəmadi gördüyü işlərdən danışaraq illik hesabatdan vacib məqamları tələbələrin diqqətinə çatdırıb. Daha sonra Nərimanov rayon Polis İdarəsinin Azyaşlılarla İş Üzrə inspektoru, polis kapitanı İsmayıl Nəsibzadə  gündəlik təcrübəsində rast gəldiyi hadisələrdən danışaraq narkomaniyanın həyatımıza vurduğu acı həyat lövhələrindən danışıb. 

Tədbirdə iştirak edən Nərimanov rayon Polis İdarəsinin sahə inspektoru, polis kapitanı Nicat Məhərrəmov işgüzar fəaliyyətində eyni zamanda, rayon ərazisində yerləşən Ali və orta ixtisas tələbələri ilə təmasda olduğunu, problemlərin də məhz məişət hadisələrindən yarandığını qeyd edərək  maarifləndirici işlərin daha çox aparılmasının vacibliyini bildirib.

Bənzər yazılar