Azərbaycan Texniki Universitetində İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində “Sabahın alimləri” IX Respublika müsabiqəsinin açılış mərasimi keçirilib.

Mektebgushesi.az xəbər verir ki, mərasimdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva müasir dünyada elmin, təhsilin mühüm rolunu vurğulayıb, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi önəm verdiyini bildirib.

Ölkəmizdə təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışan M.Vəliyeva, eyni zamanda, “Sabahın alimləri” müsabiqəsinin əhəmiyyətini diqqətə çatdırıb.

Tədbirdə məlumat verilib ki, müsabiqədə iştirak üçün 454 şagird 258 layihə ilə müraciət edib. Onlardan 327 nəfər 187 elmi layihə ilə müsabiqədə iştirak etmək hüququ qazanıb. 187 layihə sırasında fərdi layihələrin sayı 47, kollektiv layihələrin sayı isə 140-dır.

Müsabiqənin təşkilində məqsəd IX-XI sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsidir. Eyni zamanda, yüksək elmi-tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsini təmin etmək də məqsədlər sırasındadır.

Müsabiqə fevralın 13-də yekunlaşacaq.

Bənzər yazılar