Sentyabrın 28-dən ölkəmizdə hərbi vəziyyət və qismən səfərbərlik elan olunub. Ölkədə hərbi vəziyyətin elan edilməsi çox doğru qərardır və butün imkanlarımız torpaqlarımızın işğaldan azad edilməsinə yönəldilib. Cəbhədən sevindirici xəbərlər davam edir. Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusu bütün cəbhəboyu uğurlu əks-hücum əməliyyatları həyata keçirir və düşmənə sarsıdıcı zərbələr endirir. Artıq Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib. Goranboy istiqamətində isə Murovdağ yüksəkliyi, eləcə digər bir sıra strateji yüksəkliklər azad olunub.

Şübhə yoxdur ki, rəşadətli ordumuz tərəfindən bu proses davam etdiriləcək və biz yeni-yeni qələbə xəbərləri eşidəcəyik. Onu da qeyd edim ki, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı Azərbaycan cəmiyyətində böyük ruh yüksəkliyi yaradıb. Bütün ölkə vətəndaşları cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndirilər. Bu, Azərbaycan cəmiyyətində vətənpərvərlik hisslərinin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir. Bütün cəmiyyətimiz, xalqımız bu məsələdə yekdil mövqedədir, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev və rəşadətli ordumuza güclü dəstək nümayiş etdirir. Vətəndaşlar silaha sarılaraq torpaqlıarımızın işğaldan azad olunmasında iştirak etməyə hər an hazır olduqlarını bəyan edirlər.

Təcavüzkar Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib və bu işğal nəticəsində 1 milyondan çox həmvətənimiz öz doğma yurdlarından didərgin düşüblər. 30 ildir ki, bu işğal davam edir. Beynəlxalq təşkilatlar, dövlətlər tərəfindən münaqişənin həlli ilə bağlı sənədlər qəbul olunsa da, Ermənistan buna məhəl qoymur. Bunun bir səbəbi də ondan ibarətdir ki, sənədlərin qəbul olunmasına baxmayaraq, onların icrası istiqamətində Ermənistana heç bir təzyiq göstərilmir. Ona görə də, Ermənistan beynəxalq hüquq normalarına məhəl qoymur, işğalçılıq siyasətini davam etdirir, həmin ərazilərdə Azərbaycana məxsus hər şeyi məhv edir.

Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra isə işğalçı dövlət təxribatlarını daha da artırdı, faktiki olaraq danışıqlar prosesini pozdu. Sentyabrın 27-də isə səhər saatlarında işğalçı Ermənistanın hərbi birləşmələri yenidən təxribat törədərək döyüş mövqelərimizi, yaşayış məntəqələrini və dinc insanları hədəfə alaraq ağır artilleriyadan atəşə tutublar. Bu hadisəı bir daha Ermənistanın təıcavüzkar niyyətindən əl çəkmədiyini, Azərbaycana qarşı işğal siyasətini davam etmək məqsədində olduğunu bir daha təsdiqləyir. Ermənistan hakimiyyətinin, baş nazir Paşinyanın, müdafiə nazirinin və digərlərinin bəyanatları bu faktı sübut edir. Ancaq Azərbaycan dövləti, Silahlı Qüvvələrimiz işğalçılara layiqli cavab tədbirlərinə başladı. Erməni hərbi birləşmələrinin mövqelərimizi ələ keçirmək məqsədilə törətdiyi növbəti təxribatın qarşısı qətiyyətlə alınıb, Azərbaycan Ordusunun həyata keçirdiyi adekvat xarakterli əks tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun xeyli canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Hazırda ordumuzun uğurlu əks-həmlələri davam edir. bunun nəticəsində düşmən pərən-pərənə düşüb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü zamanı bildirib. Dövlətimizin başçısı deyib: “Mənə verilən məlumata görə, bizim bütün yaralı əsgər və zabitlərimiz bir arzu ilə yaşayırlar ki, tezliklə sağalıb yenə də döyüş bölgələrinə getsinlər, Vətən uğrunda haqlı savaşını davam etdirsinlər. Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Uzun illər ərzində məcburi köçkün kimi yaşayan

soydaşlarımız da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar. Şəhid ailələrinə ölkəmizdə xüsusi diqqət göstərilir, dövlət tərəfindən bütün lazımi işlər görülür. Deyə bilərəm ki, Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Bilirsiniz ki, mənim göstərişimlə bütün şəhid ailələri dövlət tərəfindən mənzillərlə, evlərlə təmin edilir. Təkcə bu il 1500 şəhid ailəsi dövlət tərəfindən mənzillərlə təmin ediləcəkdir. Yaxın 2-3 il ərzində birinci Qarabağ müharibəsində həlak olmuş qəhrəman övladlarımızın ailələri tam miqyasda evlərlə, mənzillərlə təmin olunacaqdır. Biz bu gün də şəhidlər veririk, Vətən uğrunda gedən döyüşlərdə şəhidlərimiz olubdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin, Allah onların ailələrinə, yaxınlarına səbr versin. Onların qanı yerdə qalmır və qalmayacaqdır. Düşmənə layiqli cavab verilir”.

Bu gün Azərbaycan güclü orduya malikdir və Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, torpaqlarımızı işğaldan azad etməyə buna qadirdir. Tezliklə bütün torpaqlarımızın işğaldan azad ediləcəyinə inanırıq! Həmin günü səbirsizlikə gözləyirik!

Cəmil Quliyev

LDU-nun nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin müəllimi, t.ü.f.d.

Bənzər yazılar