28 il… Ağrılarla, acılarla, həsrətlə keçən 28 il. Hər bayramda, hər uğurumuzda, hər qələbəmizdə Azərbaycan xalqının bir duası var idi: “Bu şad günlərimizi Qarabağda keçirək”. Vaxt gəldi. Yurdundan, yuvasından didərgin düşən azərbaycanlılar evlərinin açarını sandıqdan çıxarıb qələbə xəbərini gözləyirlər. Uşaqlığını xəyallarında itirən millətim onları yenidən canlandırmaq üçün zəfər xəbərini gözləyir.

Bu illərdə necə qəhrəmanlar itirdik və itiririk. Bu gün onlar üçün də vuruşuruq, qanları yerdə qalmadı. Düşmən göz qırpan dəqiqədə yox olur. Qəhrəman şəhidlərimiz torpaq üçün vuruşub adını Vətən qoydular. Düşmən düşmənliyini edir, lakin 28 ildir ki, davam edən vəhşiliyinin cəzasını çəkir. Bu illər ərzində biz ağladıq, bu dəfə növbə Ermənistanındır. Biz onlar kimi deyilik, biz müharibə yox, torpaqlarımızı istəyirik. Səməd Vurğunun “Azərbaycan” şeirində el bilirdi ki, Azərbaycan bizimdir, indi bütün dünya bilir ki, Azərbaycan Qarabağla birgə bütövdür və bu Vətən bizimdir. Nə qədər ritorik sual olsa da biz Səməd Vurğunun “Azərbaycan” şeirində “Ayrılarmı könül candan?” sualına cavab verdik. Yox, könül candan ayrılmaz. Ayrılmadığına görə biz 28 ildə unutmadıq, unutdurmadıq. Azərbaycanımızı o torpaqlarsız bütöv bilmədik.

Bu gün başını hansı səmtə çevirirsənsə sənə qürur verən minlərlə mənzərə görürsən: bir tərəfdə Azərbaycanın qəhrəmanları döyüşür, bir tərəfdə döyüşməyə deyil, toya gedirmiş kimi sevincli, şən minlərlə igid torpaqlarımız üçün vuruşmağa gedir, bir tərəfdə əsgəri üçün öz əlləri ilə qazan-qazan yeməklər bişirib, əsgəri üçün dua edən millət, bir tərəfdə də əsgəri üçün qanını, canını verməyə hazır millət. Saymaqla bitməz.

Təqvimə baxırdım, bu gün 2 oktyabrdır. 1992-ci ildən bugünədək biz bu tarixi Xocavəndin işğalı kimi tanıyırdıq. Həmin an içimdən sadəcə bu səsi eşitdim “ Nə olaydı, sabah xəbər gələydi ki, Xocavəndi işğaldan azad etdik”. Azərbaycan əsgəri, ümidlərimiz, gələcəyimiz sənsən! Sən səngərdə əlində silahla döyüşürsən,

biz isə qəlbimizdən gələn dualarımızla əllərimizi göyə qaldırıb sənin üçün dua edirik. Bütöv Azərbaycan sənin üçün dua edir. Zəfər səninlədir, əmin ol. Çox az qaldı. Biz bir az daha səbr edəcəyik, yetər ki, sən özünü və zəfər xəbərini bizlərə gətir. Bir yerdə bayrağımızla yollanaq Qarabağa, Şuşaya, Zəngilana, Füzuliyə, Laçına, Kəlbəcərə, Qubadlıya, Ağdama, Cəbrayıla bir sözlə bütöv Azərbaycana!

Gülər Seymurqızı

BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Bənzər yazılar