20 yaşım var, bu yaşıma qədər ağlım kəsəndən Qarabağ həsrəti ilə böyüməyə məcbur olmuşam. Valideynlərimin doğulub böyüdüyü Qarabağımın, öz ata-baba yurdumun ancaq adını eşidirdim həmişə. Küçəmizi, kənd məktəbini, evimizin yanındakı bulağı yalnız xəyalımda canlandıra bilmişəm. Oralardan xəyallarımda bir yurd qurmuşam. Bir gün görmək ümidi ilə yaşamışam. Nə olsun ki orda doğulmamışam, mənim ürəyim, ruhum, cismim hər zaman Qarabağla olub. İnsan da görmədiyi yeri bu qədər sevərmi? Sevmək olarmış sən demə. Çox ümidliyəm, bilirəm ki xəyallarımın gerçək olmasına az qalıb. İndidən o yerlərlə bağlı planlar da qururam. Axı illər sürən həsrətim sona yetəcək.. Axı axır ki mən də məcburi köçkün olmayacam daha.. Axı Qarabağımı, Ağdamımı görə biləcəm.

Əminəm ki bu arzularımın yerinə yetməsinə az qalıb.. Çünki, əsgərlərimizə güvənirəm, ordumuza inanıram. Cəbhədən gələn video görüntülərə bir baxın! Fəxr elədim. Fəxr elədim ki mən, belə cəsur, igid, vətənpərvər insanlarla eyni məmləkətə sahibəm. Bu ordu qalib gəlməsin nə etsin? Hər saniyə hər an dua edirəm. Ürəyim əsgərlərimizlədir. Mən bilirəm ki Azərbaycanın o mərd oğulları Şuşada Azərbaycan bayrağını dalğalanıracaqlar. Mən də Cıdır düzündən xarı bülbül dərib Ağdama, evimizə gətirəcəm. O gün uzaqda deyil, az qaldı.. lap az qaldı…

Fidan Məmmədli,

BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Bənzər yazılar