Biz müstəqil Azərbaycanın azad vətəndaşlarıyıq. Hər bir ölkənin gələcəyi onun xalqının milli kimliyindən, tarixi keçmişindən asılıdır. Vətənin gələcəyi onun dövlətinin, xalqının gələcəyi olan gənclərin fəaliyyəti ilə sıx əlaqədardır. Bu baxımdan hər bir ölkənin keçmişi onun gələcəyini birbaşa xarakterizə edir. Xələflər öz sələflərinin davamçısıdır. Çünki, müasirlik keçmiş təcrübənin üzərində bərqərar olur. Gənclik böyük və tükənməz bir qüvvədir; gənclik vətənin işıqlı sabahı, nurlu gələcəyidir. Fiziki və mənəvi cəhətdən sağlam olan dünyada gedən prosseləri qavrayan müasir texnologiyalarla bələd olan əqidəli milli-mənəvi dəyərlərə malik gənclər vətənimizi uğurlu gələcəyə aparmaq üçün açar rolunu oynayırlar. Bu gün bizim azad, müstəqil, süveren dövlətimiz, düşmənin qarşısında məğrur dayanan ordumuz, azad və şücaətli xalqımız var. Bu azadlığı biz canımız, qanımız bahasına min bir əzabla qazanmışıq. Bu gün onun firavan inkişaf etməsi, öndə gedən dövlətlər sırasında addımlaması üçün cənab Prezidentimiz İlham Əliyev başda olmaqla xalqımız bütün mümkün vasitələrdən istifadə edir.

Bu gün hər bir gənc mövqeyindən, statusundan asılı olmayaraq əsl vətənpərvər kimi özünü təsdiq edir. Vətənpərvərlik sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni canı bahasına qorumaq, torpağa bağlı olmaq – budur vətənpərvərlik. Vətənimin 30 ilə yaxındır sinəsini dağlayan bir yarası vardı – Qarabağ yarası. Sentyabrın 27-dən başlayan mübarizədə qətiyyətli ordumuz vətən torpağını inamla azad etməkdədir. Dünən oktyabrın 3-də Azərbaycan Ordusu Tərtər rayon Talış kəndini, Cəbrayıl rayon Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndini düşmən tapdağından azad edib. Azərbaycan Ordusunun əsgərləri Suqovuşanda Azərbaycan bayrağını qaldırıblar.

Biz Azərbaycan gəncləri inanırıq ki, Azərbaycan əsgəri düşmənə ondan daha üstün olduğunu göstərəcək. Bu gün müzəffər ordumuzun arxasında onun dövləti və bütöv Azərbaycan xalqı var. Xalqın isə vahid bir istəyi odur ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır və biz öz torpaqlarımıza qayıtmalıyıq.

Salmanlı Didar,

BDU-nun Şərqşünaslıq fakültəsinin tələbəsi

Bənzər yazılar