Bu gün o gündür, bu gün ən yeni tarix yenidən yazılır. Mən necə xoşbəxt insanam ki, bu tarixi anlara öz gözlərimlə şahid oluram. Artıq 30 ilə yaxındır ki, biz öz doğma torpaqlarımızdan didərgin düşmüşük, amma yenə də o ümid işığı sönməyibdir. Biz o işığa ümidli addımlarla irəliləmişik, həmişə sülh tərəfdarı olmuşuq. Buna rəğmən, yenə də, ermənilər sülhə məhəl qoymamış və layiqli cavabını yetərincə almaqdadır. Biz illərlə sülh tərəfdarı olduq, amma nə etmək olardı axı, qarşımızdakı erməni idi, vandal idi, barbar idi.

Mən o ümidlə yaşayan qadın görmüşəm, illərlə Qarabağdakı evinin açarını sandıqda saxlamış və indi o açarları sandıqdan çıxarmışdır. Biz illərlə müqəddəs torpaqlarımızın azad olunmasını arzulamışıq. İlk dəfə eşidəndə ki, Qarabağda yeddi kəndimiz əsgərlərimiz tərəfindən azad olunub, 6 il müharibədə olmuş, müharibə veteranı olan atamın gözlərində ilk dəfə sevinc göz yaşlarını görəndə mən də özümü saxlaya bilmədim. Sanki qolumdakı zəncirləri qırmışdım, sanki qəfəsdəydim, qəfəsdən azad olunmuşdum və azad idim. Atamı heç bir zaman ağlayan görməmişdim, illərin həsrəti bizi də ağlatmışdı.

İgid əsgərlərimiz günü-gündən düşmənin üzərinə doğru irəliləyir, bu işğalçılıq deyil, Prezidentimiz İlham Əliyevin dediyi kimi: “Bizim davamız haqq davasıdır, bizim davamız öz doğma torpaqlarımızda gedir”. Ordumuza inamımız böyükdür, təbii ki, ermənilər işğalçılıq siyasəti ilə əldə etdikləri bu torpaqlardan baş götürüb qaçacaqlar, lakin bizim igidlərimiz, Poladlarımız, Mübarizlərimiz, Cəbrayıllarımız canlarını belə fəda edirlər və edəcəklər. Çünki, onlar bu torpaqdan kam almış, bu torpağın suyunu içmiş, bu torpağın çörəyini yemişdir.

Bizim mərd oğullarımız öz qanları ilə tarix yazırlar. Həmişə məktəb gündəliklərinin arxasında rayonlarımızın işğal tarixləri yazılırdısa, artıq müqəddəs torpaqlarımızın azad olunması tarixləri ilə əvəz ediləcək. Biz buna illərdir, inanaraq yaşamışıq. Biz hamılıqla, bütün xalqımız səngərdə dayanan mübariz əsgərlərimizin arxasındayıq. Bu cümlənin isbatı kimi belə bir fikrə rast gəldim: “Gecə kənddə işıqları söndürmürük ki, əsgər arxaya çevriləndə arxasında dayaq olduğunu görsün”. Mənə bu xalqın, bu millətin oxşarını tapın deyərdim, tapa bilməzsiniz. Xalqımızın əsgərlərə olan dayağı bənzərsizdir. On minlərlə könüllülərin səfərbərlik üçün müraciəti necə də təsirlidir.

Xalqımız inanır ki, Qarabağı azad edəcəyik! 60 milyonluq Azərbaycan xalqı bu arzuya, bu istəyə inanır və inam hər şeyə qadirdir, yetər ki, inanasan. Hər şeyin yaxşı

olacağına inanaraq torpaqlarımızı azad etmək uğrunda mərd igidlərimiz savaşır. Biz bu tarixi yazanlardan olacağıq. Bu səs türkün səsidir. Biz bu reallığı yaşayacağıq və bir gün sübh çağı Azərbaycan əsgəri Qarabağa Azərbaycan bayrağını sancarkən Günəş öz qızmar şəfəqləri ilə Qarabağı ömürlük işığa qərq edəcək, və öz isti nəfəsi ilə bu torpaqları isidəcək.

Aysel Seyidova,

BDU-nun Filologiya fakültəsinin tələbəsi

Bənzər yazılar