Sentyabrın 27-sindən başlayaraq ordumuz işğalçı tərəfin təxribatlarına son qoymaq və 30 ilə yaxındır işğal altında olan torpaqlarımızı azad etmək üçün əks-hücum əməliyyatlarına başladı. Bu əməliyyatla Ermənistan Qarabağ yuxusundan ayılmağa məcbur edildi. Həmişə olduğu kimi bu dəfə də müharibə anlayışını yaşayış yerlərimizi topa tutmaqda, mülki əhalimizə silah doğrultmaqda görən düşmən bu dəfə də öz çirkin əməlindən əl çəkmədi. Onların bu əməllərinə ordumuz tərəfindən adekvat tədbirlər görülür.

Ümumiyyətlə onu qeyd etmək istəyirəm ki, Ermənistanda siyasi hakimiyyətin ömrünü bizim ordumuz təyin edir. 2016-cı ilin aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi zamanı düşmən tərəfinin verdiyi itkilər Sarkisyan hakimiyyətinin sonunun başlanğıcı idi. Azərbaycan Ermənistandan fərqli olaraq işğalçı siyasət yürütmür. Prezidentimiz İlham Əliyevə “daxildə vəziyyət ağırdır, oradan-buradan məni sıxırlar, mənə vaxt verin, mən bu məsələni həll edəcəyəm, mən yeni fikirlərlə gəlmişəm. Mən keçmişdə nə olub hamısının üstündən xətt çəkmişəm, imkan verin, vaxt verin.” deyə xahiş edən Paşinyanın daha sonra Soçidə “Qarabağ- Ermənistandır- nöqtə” deyərək öz siyasi hakmiyyətinin sonuna rəhbərlik etdiyi dövlətinin isə sonunun başlanğıcına səbəb oldu. Paşinyandan fərqli olaraq şou xətirinə deyilməyən “Qarabağ- Azərbaycandır! və Nida işarəsi!” cavabı isə öz təsdiqini mütəmadi olaraq aldığımız qələbə xəbərlərində tapır. Həmişə siyasi tribunalarda rüsvay olan Paşinyan hakimiyyəti bugünkü döyüşlərdə də o aqibəti yaşayır. Elə hesab edirəm ki, tərəfləri müharibəni dayandırmağa səsləyən Fransa, ABŞ, Rusiya və s. kimi ölkələr də Türkiyə və Paskitan kimi haqsızlığa və ədalətsizliyə qarşı mübarizə aparan Azərbaycanın yanında olmalıdır.

Bu gün düşmən elə bir hazırlıqlı və nizamlı ordu ilə rastlaşıb ki, bizim torpaqlarımızdan rədd olmaqdan başqa çarələri yoxdu. Minlərlə insanın yaşından və sosial statusundan asılı olmayaraq könüllü olaraq orduya yazılma faktı qələbədən xəbər verir. Biz xalq dövlət vəhdətini keçən aylarda – pandemiya dövründə prezidentimizin “Biz birlikdə güclüyük!” şüarı ətrafında sıx birliyimizdə gördük. Bu gün isə ölkənin siyasi tarixində ilk dəfə olaraq 50 siyasi partiya rəhbərinin Ali Baş Komandanın yanında olduqlarına dair birgə bəyanatı Azərbaycan cəmiyyətinin hər zaman olduğundan daha böyük milli həmrəyliyinə, milli birliyinə nişanədir.

Mövcud şəraitlə əlaqədar ölkədə hərbi vəziyyətin elan olunması haqqında Fərmanın tələblərinə riayət etmək isə artıq hər bir vətəndaşın borcu və şəxsi məsuliyyətidir. Biz bu gün paralel olaraq informasiya müharibəsində də qalib olmalıyıq. Bu qalibiyyətə gedən yol isə hər bir məlumatın rəsmi mənbələrə istinad edilməsindən keçir.

Bir geoloq olaraq axtarış-kəşfiyyat işlərini faydalı qazıntılarla zəngin olan, işğaldan azad etdiyimiz torpaqlarımızda həyata keçirəcəyimə isə sayılı günlər qalıb.

İlqar Quliyev,

BDU Geologiya fakültəsinin dekan müavini,

YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin sədri

Bənzər yazılar