Hardan başlayım? Necə başlayım? Bilmirəm… Hər bir müharibənin bir başlanğıc nöqtəsi olur. Ermənistan-Azərbaycan müharibəsinin başlandığı tarixə kiçik bir səfər etmək istəyirəm. Azərbaycanın 2 hissəyə bölünməsinə səbəb olmuş müqavilələr, qeyri-qanuni qərarlar, xarici qüvvələrin təkidi – bunların hamısı xalqımızın sinəsinə vətən dağı çəkdi. Vaxtilə rusların vasitəçiliyi ilə Azərbaycan ərazisində yerləşdirilmiş erməni vandalları artıq qondarma “Ermənistan” respublikasının yaradılmasında məqsədli idilər. Nə üçün Azərbaycan? Bildiyimiz kimi, hər qarışı cənnətməkan olan yurdum əsrlər boyu yadellilərin diqqətini özünə çəkməyi bacarmış və bu səbəbdən də ərazilərimiz daim hücumlara məruz qalmışdır. İşğal olunmuş torpaqlarımızın buz bulaqları, yaşıl meşələri, vüqarlı dağları, təbii sərvətləri – bir sözlə, bütün gözəllikləri mənfur düşmənin gözündən yan keçməyib. Hər fürsətdən istifadə edən işğalçı Ermənistan Şuşa, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və digər şəhər, kənd və yüksəklikləri elə keçirərək Azərbaycan xalqına 30 ilə yaxın davam edən vətən həsrətini yaşatdı. Lakin haqq ədalət hər zaman öz yerini tapır. Xeyir hər zaman şər üzərində qələbə qazanır. Bu öz sübutunu tarixin izlərini özündə əks etdirən “Avesta” və digər mədəniyyət nümunələrində də tapır.

Ən yeni tarix yenidən yazılır. 30 illik vətən həsrətinə son qoyulur. 27 sentyabr tarixində düşmənin törətdiyi təxribata cavab olaraq Azərbaycan ordusunun həyata keçirdiyi adekvat tədbirlər təcavüzkar düşmənə bir dərs verdi. Bu dərs hələ bitməyib, hələ çox qələbə sevincini yaşayacaq bu millət. Haqq uğrunda davam edən mübarizənin 11-ci günündə Azərbaycanın igid əsgərlərinin həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində 30-a yaxın kənd azad edildi, Murovdağ düşmən qüvvələrindən təmizləndi, Madagiz Ali Baş Komandanın qərarı ilə öz adını bərpa edərək Suqovuşan adlandırıldı. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev və onun fədakar ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində düşmən öz dərsini aldı və almaqda davam edir. Çarəsiz qalmış düşmən mülki əhalini atəşə tutmaqda gördü çarəni amma bunlar da xalqın mübarizə əzmini qıra bilmədi. Əhali arasında təşviş yaratmaq üçün həyata keçirilən təxribat öz nəticəsini vermədi. Azərbaycan xalqı öz yurdundan qaçmadı, arzularından deyil, arzularının arxasınca qaçdı. Mənim bu cümlələri yazarkən yaşadığım sevinc və qürur hissini heç bir söz ifadə edə bilməz. Minlərlə insanın qüruru və sevincidir ordumuzun qazandığı uğurlar. Ata-baba yurdundan ayrı düşmüş minlərlə insanın sevincdən yaşaran gözlərinə, vətən

deyən dillərinə qurban olum. İnanıram ki, o gözlər hələ çox sevincdən yaşaracaq, o saf qəlblərdə olan vətən həsrəti gündən-günə bitəcək. İllər öncə şəhid olmuş, bu gün də şəhid olan, son damla qanına qədər vətənin ərazi bütövlüyünün qorunması uğrunda canından keçən igidlərin qısası alınır və alınacaqdır. Bizim mübarizəmiz haqq mübarizəsidir. Bu haqq mübarizəsinin sonunda Azərbaycan xalqı öz ərazi bütövlüyünü bərpa edəcək. Hər qarış torpaqda bayram şənlikləri təşkil ediləcək, xalqımızın hər bir vətəndaşının gözündə sevinc göz yaşları yaranacaq. Hər kənddə, şəhərdə “Qarabağ Azərbaycanındır” şüarları səslənəcək, düşmənin beli büküləcək və dünya Azərbaycanın qüdrətini anlayacaq!

Filologiya fakültəsinin tələbəsi olaraq ən böyük arzum odur ki, mən Qarabağda şagirdlərimə dərs keçim. Onlara Azərbaycan xalqının dilini, ədəbiyyatını öyrədim. Onlar da bilsinlər, öyrənsinlər ki, Azərbaycan xalqı necə məğrur, ədalətli və tarixin izini özündə daşıyan bir xalqdır. Bu arzular gerçək olacaq.

“Qarabağ bizimdir, Qarabağ Azərbaycandır”

Lumu İspəndiyarzadə,

BDU-nun Filologiya fakültəsinin tələbəsi

Bənzər yazılar