“Bilmədiklərimizi bildiklərimiz vasitəsi ilə aşkar edə bilərik”

Umberto Eko

Müstəqillik illərində təhsilin çoxlu problemləri yarandı. Bu problemlərlə bağlı “Təhsilin konseptual problemi” məqaləmdə (“525-ci qəzet” 03.02.20) müfəssəl yazılmışdır. Bu problemlər ilbəil azalmır, əksinə, artır. Səbəblərdən biri bugünkü təhsilimizin sovet təhsili ilə liberal cəmiyyətin təhsilinin cəmindən ibarət olmasıdır. Təhsildə yarımçıqlıq sindromu hökm sürür və təhsili geri salır. Digər səbəb, təhsilə qüsurlu baxışımızdır.

Bu məqalədə bu səbəblərlə bağlı düşüncələrimi təhsil ictimaiyyəti ilə bölüşürəm.

Dəhşətli öncəgörmə 

Çağdaş günlərimizdə də bəşəriyyət mənəviyyat qıtlığı problemi yaşayır. İlahi qadağalara əməl edilmir. Dostu düşməndən, alimi nadandan, düzü əyridən, yaxşını pisdən ayırmaq getdikcə çətinləşir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəfələrlə dediyi kimi, dünya haqqı nahaqdan ayırmaq gücündə deyil. Yalanı zorla qəbul etdirmək şakəri bəzi dövlətlərin gündəlik siyasətinin tərkib hissəsini təşkil edir (Buna misal olaraq, Qarabağ problemini göstərmək olar. Adından da bəlli olduğu kimi, əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağ (qara+bağ=böyük bağ anlamına gəlir) beynəlxalq qurumların ədalətsizliyi və biganəliyi ucbatından mübahisə və müharibə predmetinə çevrilib). Bu biganəliyin nəticəsində mənəviyyat sürətlə aşılanır. Tanınmış rusiyalı yazıçı İvan Efremov hələ 1967-ci ildə bəşəri durumu belə xarakterizə etmişdir: “Dürüst həyat tərzinə alışmış nəsillər gələcəkdə yox olacaq”. Dəhşətli öncəgörmədir! Deməli, hamının hamını aldadacağı gün çox uzaqda deyil. Bu günlərdə “Exo Moskvı” saytına verdiyi müsahibəsində Rusiyanın tanınmış siyasətçisi, “Yabloko” partiyasının sədri Qriqori Yavlinski hesab edir ki, onun ölkəsi “yalan və saxtakarlıqla çirklənən, mənfi nüfuza sahib olan, tamamilə ləkələnmiş bir dövlət halına…” gətirilmişdir. Başqa bir fikrində İ.Efremov vurğulayır: “İmperiyaların, dövlətlərin və digər siyasi təşkilatların məhv olması mənəviyyətin itirilməsi ilə baş verir”. Aydındır ki, mənəviyyat bir günə yox olmur, o, yavaş-yavaş çürüyərək yox olur. Sual olunur, mənəviyyatın çürüməsinin səbəbi nədir? 

Təhsil doktrinası  

Düşüncəmə görə, mənəviyyat və bəşəri dəyərlər ona görə aşılanır ki, təhsilin doktrinası qüsurludur. Təhsil bəşəriyyəti düz istiqamətdə apara bilmir. Ənənəvi təhsil paradiqmasına görə, təhsilin məqsədi gəncləri şəxsiyyət yönümlü yetişdirməkdir. Bu yanaşma ilk baxışda cəlbedici görünsə də, çox qüsurludur. Belə ki, dünya iqtisadiyyatının 20%-i kölgə iqtisadiyyatının əlindədir. Bu iqtisadiyyatın yönəldiciləri mürəkkəb kombinasiyaları qura bilən qara fikirli intellektual şəxsiyyətlərdir. Nəzərə almaq lazımdır ki, bu şəxslər də mövcud təhsil sisteminin yetişdirmələridir. Mafiya babalarının varlığını da nəzərə alsaq,  bəşəri durum aydın təsəvvür olunar. Bu deyilənlər doğrudursa, bəs onda təhsilin ali məqsədi nə olmalıdır?

Hesab edirəm ki, təhsilin ali məqsədi savadlı, bilikli şəxsiyyətlər yox, kamil insan yetişdirmək olmalıdır. Şəxsiyyət yönümlü təhsil həm cəmiyyəti, həm də bəşəriyyəti parçalayır və rəngarəng edir. Dövlətləri inkişaf etmiş və ya geri qalmış hala gətirir. Bəşəriyyətin harmonik yaşamasını və inkişafını əngəlləyir. Kamil insanlardan təşkil olunmuş cəmiyyətlərdə prinsipcə parçalanma ola bilməz. Çünki kamil insanlar problemləri güclə yox, ağılla həll edərlər. Cəmiyyəti bu istiqamətdə aparmaq üçün təhsilə baxış dəyişməlidir. Təhsilin paradiqması dəyişməlidir.  

Kamilliyin meyarı 

Məlumdur ki, hər bir insan doğumla iki mənafe daşıyıcısıdır: şəxsi mənafe və ictimai mənafe. Kamilliyin meyarı olaraq ictimai mənafenin şəxsi mənafeyə olan nisbətin götürmək olar: Kamillik = ictimai mənafe : şəxsi mənafe

Kəsrin sürəti artdıqca, yəni insan nə qədər çox ictimai mənafe daşıyıcısı olarsa, bir o qədər kamilləşər, məxrəci artdıqca isə insan cahilləşir.

Təhsil vasitəsi ilə kamilliyi artırıb və ya azaltmaq mümkündür. A.Eynşteynə görə, ABŞ təhsili pula itaət, sitayiş üzərində qurulubdur. Yəni ABŞ təhsili kəsrin məxrəcinə (şəxsi mənafeyə) işləyir. Avropa təhsili bundan fərqli olaraq insana, təbiətə qayğı üzərində (ümumi mənafe) qurulubdu, yəni kəsrin sürətinə işləyir. Bu yanaşmanı təsdiq edən misallar çoxdur.

Tarixdən misal: Makedoniyalı İsgəndər İranı fəth etməyə gedəndə qoşun yolda susuzluqdan əziyyət çəkir. Qəsəbələrin birində İsgəndərə bir tuluq su təklif edilir. İsgəndər suyun miqdarına baxır və qoşuna baxır, su içməkdən imtina edir. İsgəndər kəsrin məxrəcinə yox, sürətinə işləyir, qoşunun məhəbbətini qazanır, nəticədə uğur qazanır və tarixə adını yazır.

Stalinin qərarı. Müharibənin yekunları ilə bağlı İ.Stalinin yanında vəziyyət müzakirə olunur. Bir general-leytenantın məruzəsindən Stalin razı qalır və soruşur: əlavə sözün varmı? General deyir ki, şəxsi xahişim var. Almaniyadan qayıdanda xoşuma gələn bir neçə şeyi nəzarətçilər buraxmadılar. İstərdim ki, onları qaytarsınlar. Stalin deyir: raport yaz, üstün yazaram. Generalın əvvəlcədən yazdığı raportun üzərinə Stalin yazır: “Polkovnikin zir-zibilini özünə qaytarın. İ.Stalin”. General deyir ki, yoldaş Stalin mən polkovnik deyiləm, general leytenantam. Stalin deyir: orda hər şey düz yazılıbdı.

Nə baş verdi?          

Stalin general-leytenantın şəxsi mənafesini təmin etsə də, ictimai mənafe baxımından onu ciddi cəzalandırdı.

Günümüzdən misal.  Keçən ay baş verən”Nəvə toyu” qalmaqalını yadınıza salın və ya ətrafınıza təzədən diqqətlə baxın. O məmurlar adətən tənqid atəşinə tutulurlar ki, onlar aşırı dərəcədə şəxsi mənafe daşıyıcılarıdır. Yeri düşdükcə dövlət mənafeyini şəxsi mənafeyə qurban verirlər. Belə insanlar CAHİL insanlardır. Əyri yolla var-dövlət yığıb xoşbəxt olmaq istəyirlər. Toplumun belə adamlardan xoşu gəlmir. Xalqın mal- dövlətin oğurlamaqla xoşbəxt olmaq qeyri-mümkündür! Xoşbəxt olmaq üçün, ilk öncə başqalarını xoşbəxt etmək lazımdır. Xalq o insanları sevir ki, onlar ictimai mənafeyi şəxsi mənafedən üstün tuturlar. Belə insanlar KAMİL insanlardı. İnanıram ki, əgər bəşəriyyətdə hər iki nəfərdən biri kamil olarsa, onda dünyada müharibə olmaz. Beləliklə, toplumun xoşbəxliyi fərdin, fərdin xoşbəxliyi toplumun əlindədir. 

Təhsilə yeni baxış 

İnkişaf etməkdə olan ölkələr sırasından inkişaf etmiş ölkələr sırasına qalxmaq  üçün təhsilə baxış dəyişməlidir. Bəşəriyyətin harmonik inkişafını təmin etmək, mənəviyyatı, milli və bəşəri dəyərləri qorumaq niyyəti ilə son aylar KİV-də tez-tez “təhsilə baxış dəyşməlidir” çağırışını edirəm. Sual olunur: Konkret olaraq təhsildə nələr dəyişməlidir?

Qısa cavab belədir: ümumi halda təhsil fenomeninə baxış, xüsusi halda təhsilverənə və təhsilalana münasibət dəyişməlidir.

Bu qısa cavabın, geniş izahata ehtiyacı vardır. Belə ki,

1. Sosial fenomen kimi təhsilin özünə baxış dəyişməlidir.

a) İnkişaf etmiş dövlətlər (Norveç, Avstraliya, Yaponiya, İsrail və s.) üçün təhsil vasitə, inkişaf etməkdə olan ölkələr (Türkiyə, Azərbaycan, Rusiya Federasiyası və b.) üçün təhsil məqsəddir. Biz də təhsilə məqsəd kimi yox, vasitə kimi baxmalıyıq ki, sürətlə inkişaf edək. Gənclərə elə təhsil verməliyik ki, onlar gələcəkdə içərisindən keçdikləri hadisələrlə bağlı düzgün qərarlar qəbul edə bilsinlər. Hadisələrin, proseslərin obyekti yox, subyekti olsunlar.

b) təhsil düşüncəni kamilləşdirməlidir. İnsanlar başa düşməlidirlər ki, “əyri yolla pul yığmaqla yox, başqalarını xoşbəxt etməklə, xoşbəxt olmaq olar”.

c) təhsil gənclərə vətəni sevmək, şərəflə yaşamaq, düz danışmaq kimi insani keyfiyyətəri təhsilalanlara öyrətməlidir. Təhsil təhsilalanları başa salmalıdır ki, yalanla dünyanın o biri başına getmək olar, ancaq geri qayıtmaq olmaz.

2. Müəllimə (təhsilverənə) baxış dəyişməlidir.

a) Tarix boyu müəllim cəmiyyətdə hörmət sahibi olub. Keçən əsrin 50-ci illərində orta məktəb məzunlarının əksəriyyəti müəllim peşəsini seçərdi. Bu gün Azərbaycan təhsili həmin məzunların əməyi hesabına ayaq üstədir. Biz bu kəsimə layiq olduqları hörməti etsək, onda dövlətimiz də dövlətlər sırasında layiqli yer tutar. Teymurləng və H.Z.Tağıyev öləndə qəbirlərini müəllimlərinin ayaqları altında qazılmasını istəyiblər. Millətə sevginin, ədalətin ruhu müəllimlərin əlindədir.

b) Müəllim əməyi layiqincə qiymətləndirilməlidir. İkinci Dünya savaşından sonra sovet dönəmində müəllim 20 il qüsursuz əməyinə görə “Qırmızı əmək bayrağı ordeni”, 25 il  qüsursuz əməyinə görə  “Lenin ordenləri”, 30 il qüsursuz içinə görə 2-ci “Lenin ordeni” ilə mükafatlandırılıb. Bu səbəbdən birinci Stalin beşilliyində SSRİ -nin varı-dövləti 2 qat artmışdı, yəni adam başına düşən ÜDM iki dəfə çox olmuşdu. Buradan belə nəticəyə gəlmək olar ki, “təhsil iqtisadiyyatdan yox, iqtisadiyyat təhsildən asılıdır”. Belə olarsa, birinci halda təhsil cəmiyyəti xoşbəxt gələcəyə, ikinci halda vəhşi kapitalizmə tərəf aparır.

c) Müharibə zamanı ordu komandirləri hansı dərəcədə önəm daşıyırsa, əmin-amanlıq (sülh) dövründə də təhsil generalları (məktəb direktorları) həmin önəmi daşımalıdırlar. Belə direktorları 150 min müəllimlərin içərisindən seçmək çətin deyil. Bunun üçün iddiaçıları sadə psixoloji testdən keçirmək kifayətdir. Məktəbin uğuru direktordan asılıdır. Özünü məktəbə qurban verən direktor, məktəbi çiçəkləndirəcək. Məktəbi özünə qurban verən direktor, təhsili məhv edəcəkdir. Direktor kabinetləri mənəvi qüsurlu müəllimlərin üzünə qapanmalıdır.

d) Müəllimlərin təqaüd məsələsinə də baxış dəyişməlidir. Fiziki və əqli əməklə məşğul olanların təqaüd məsələsinə baxış eyni cür olmamalıdır. Belə ki, fiziki əməklə məşğul olanların enerjisi yaşa dolduqca tükənir. Əqli əməklə məşğul olanların enerjisi, əksinə, yaşa dolduqca artır. Praktiki həyatda bu fərqi nəzərə almaq lazımdır. Məktəb dəyərli müəllimlərin təqaüdə çıxmasına maraqlı olmamalıdır. Amma çox vaxt həyatda tərsini görürük. Bakının 164 nömrəli məktəbində valideynlər direktordan israrla xahiş edirlər ki, Turan Bəyramovna əlavə bir il də onların balalarına dərs versin. Məktəb bu təklifi alqışlamalıdır. Tərs yanaşma səhvdir. Müəllimlərin təqaüdə çıxması cəza yox, mükafat sayılmalıdır.

3. Təhsilalanlara (öyrəncilərə) münasibət dəyişməlidir.

a) Mənim təhsil aldığım dövrlərdə müəllim çox qayğıkeş idi. Müəllim hamıya eyni gözlə baxdığına görə sinif otaqları ədalətin hökm sürdüyü məkan idi. Məktəb həm də psixoloji laboratoriyadır. Milli birliyin, vətənə sevginin, milli ruhun rüşeymləri məktəbdə formalaşır.   

Öyrəncilər məktəbdən, müəllimdən qayğı görməlidirlər. Amma bəzən bunun tərsini görürük. Bir valideyn İctimai Şuraya kömək üçün rəsmi müracət etdi. İctimai Şuranın məsul katibi İlqar Orucov bu məsələni araşdırdı. Ərizədə valideyn yazır ki, onun oğlu texniki ali məktəblərin birində üç ildir ki, əlaçı oxuyur. Ancaq indi problemlə qarşılaşıb. Belə ki, tələbə cari semestrin üç imtahanından əla qiymət alıb və dördüncü imtanında qüsura yol verib. Üç sualdan ikisini yazıb, axırıncı sualı bilmədiyindən icazə alıb, çölə çıxıb. Geri qayıdıb sualı kağızdan köçürəndə müəllim görüb, tələbəyə 2 yazaraq, sinifdən çıxardıb. Sovet dövründə, bunu normal qəbul etmək olardı. Çünki Sovetin təhsil siyasətinə görə gənclərin 33% ancaq ali məktəblərdə təhsil almalı, yerdə qalanları zavodlarda və ya kolxozlarda işləməlidilər. Bu səbəbdən müəllimin belə fəaliyyəti sovet düşüncəsinə görə təqdir olunurdu. Axı, indi zaman, dövran başqadır. 30 ildir ki, müstəqil dövlətik, yeni quruluşda yaşayırıq. Zavod-kolxoz yoxdur. Üstəlik, bizdə bədii təffəkür, texniki təfəkkürdən yüksəkdir. Texniki savadlı gənclərə ehtiyac çox böyükdür. Çünki biz istehlakçı yox, istehsalçı xalq olmaq istəyirik. Belə bir dövrdə texniki savadlı gənci sovet üslubunda cəzalandırmaq səhv yanaşmadır. Çox təəssüf ki, rektor sovet ənənəsinə sadiq qalaraq, yaxşı oxuyan bir vətən övladına qayğısını əsirgədi. Xırda bir qüsura (yəqin ki, o tələbə müəllimin qohumu olsaydı, göz yumardı) görə uğurla irəliləyən bir gənci sındırdı. Biz tələbələrimizə doğma balamız kimi baxmalıyıq, onlara aşırı qayğı göstərməliyik. Qüdrətli dövlət naminə biz onların xırda qüsurlarını bağışlasaq, onlar da gələcəkdə bu nəcib yanaşmanı təkrar edərlər. 

b) İllik tədris proqramlarını mənimsəyə bilməyən öyrəncilər, təkrar sinifdə qalmalıdır. Bu yanaşma cəza kimi qiymətləndirilməlidir. Bütün bəlaların kökü yarımçılıqdadır. Bir ingilis misalında deyildiyi kimi: “Əgər bir işi görmək lazımdırsa, onu keyfiyyətlə görmək lazımdır”. Biz gəncləri təhsilləndirməliyik, kal-kal sinifdən sinifə keçirməməliyik.

4. Təhsilin məzmununa baxış dəyişməlidir.

Təhsilin məzmunu tədris proqramları ilə tənzimlənır. Proqramlar elə tərtib edilə bilər ki, öyrənci sonda ya ateist, ya dindar, ya vətənpərvər, ya da kosmopolit olar. Bu səbəbdən təhsilin məzmun, təhsil prosesinin əsas mərkəzi məsələsidir. Təhsilin məzmunu elə olmalıdır ki, məzunlar şəxsi maraq yox, ictimai maraq daşıyıcıları olsunlar. Yalan danışmaq, tamahkarlıq, paxıllıq, şərəfsizlik, yekəxanlıq, tənbəllik və s.  kimi davranış növlərinin günah olduğunu gənclər orta məktəbdə öyrənməlidirlər. 

Təhsilin məzmununda Tarix fənni müstəsna əhəmiyyət kəsb edir. Bu fənn ilə bağlı Ulu öndər Heydər Əliyevin nəsihəti belədir: “Milli ideologiyamızı hər yerdə tətbiq etmək üçün məktəblərdə Azərbaycan xalqının tarixinin tədrisinə çox ciddi fikir vermək lazımdır”.

Sual olunur: orta məktəb üçün Tarix fənni (distiplinası) üzrə dərsliklərin strukturu necə olmalıdır? Milli tarixi qədimdən başlayaraq bu günə gəlməklə öyrənməliik, yoxsa bu gündən başlayaraq qədimə getməklə? Birinci halda tarix azyaşlı öyrəncilər tərəfindən dərk edilməz və sevilməz. Sevilməyən tarix kitabları öyrənilməz. İkinci halda tarix başa düşülər, sevilər və öyrənilər. Çünki öyrəncilərin dərk etmə qabiliyyəti yaşa dolduqca artır. Bu səbəbdən də tarix fənni mənimsənilsin deyə, dərsliklər bu gündən başlayaraq qədimə getmək şərti ilə yazılmalı və öyrənilməlidir. Belə tarix kitabını dövlət başçısının və ya vitse-prezidentin rəhbərlik etdiyi redaksiya şurası altında müəllif kollektivi tərəfindən yazmalıdır ki, subyektiv fikirlər kitabda yer almasın. Müəllifərdən əlavə, filosofları, müdrük alimləri redaksiya heyətinə cəlb etmək lazımdır. Fikrimcə, vətənpərvərlik ruhunun toxumları tarix kitabında əkilir və tarix kitabımız, bizim ikinci müqəddəs kitabımız olmalıdır. Bir sözlə, təhsilin məzmununa baxışımız dəyişməlidir. 

Yeni baxışın müddaları 

XXI əsrin təhsil çağışlarına cavab vermək, ölkəni keyfiyyətli təhsillə təmin etmək üçün təhsilə yeni baxış lazımdır. Belə baxışın əsaslandığı rəhbər prinsipləri və yeni müddəaları  oxucuların diqqətinə və müzakirəsinə təqdim edirəm.   

1. Təhsil milli və mənəvi dəyərləri qorumalı və yeni dəyərlər yaratmalıdır. Təhsil keçmiş nəsillərin yaratdığı dəyərləri gələcək nəsillərə çatdırmaq, həm də ötən illərdə buraxılan səhvləri təkrar etməmək missiyası daşıyır.

2. Təhsil düzgün qərar qəbul etmək səriştəsini gənclərə öyrətməlidir. Bu məqsədə nail olmaq üçün təhsilə bəzən məqsəd, bəzən də vasitə kimi baxmaq lazımdır.

3. Təhsilin paradiqması dəyişməlidir. Təhsil şəxsiyyət yox, kamil insan yetişdirməlidir.     

4. Təhsilin məzmunu elə olmalıdır ki, gənclər özünü yox, milləti sevən yetişsin. Ana dilini, vətən tarixini və milli mədəniyyəti gənclərə təhsil öyrətməlidir. Öz tarixini bilməyən gəncdən vətənpərvər olmaz.  Vətənpərvərliyin açarı təhsilin məzmunundadır.

5. Təhsilə bütün üçüncü subyektlərin müdaxiləsi arzuolunmazdır. Müasir dövrdə təhsil ən azı üç subyektli (öyrədən, öyrənən və valideyn) mürəkkəb sistemdir. Sovet dönəmində təhsil iki subyektli (öyrədən, öyrənən) nisbətən sadə sistem olub. Sistemlər nəzəriyyəsinə görə, sistemin elementlərinin sayı artdıqca idarəetmə çətinləşir.

6. Təhsil iqtisadiyyatdan yox, iqtisadiyyat təhsildən asılı olmalıdır. Belə olan halda təhsil bizi xoşbəxt gələcəyə (K.Marksın kommunizminə)  aparar. Əks halda, yolumuz vəhşi kapitalizmə doğrudur.

7. Təhsilin nəzəri əsasını təşkil edən pedaqogika və psixologiya elmləri diqqət mərkəzinə çəkilməlidir. Öyrənmək, dərk etmək təkcə pedaqoji proses deyil, həm də psixoloji prosesdir. Təəssüf ki, pedaqogika və psixologiya elmləri hələ də Milli Elmlər Akademiyasında təmsil olunmayıbdır.

8. İstər öyrəncinin, istərsə də sinifin biliyini ölçmək üçün yeni, dəqiq meyarlar lazımdır. Biliyin qiymətləndirilməsinin xətti şkalası  tələbatı ödəmir. Sinifin potensialına nəzarət və müəllimin fərdi fəaliyyətinin monitorinqi üçün yeni meyara ehtiyac var. Qrup halında təhsil ilə yanaşı, fərdin təhsildən də istifadə edilməlidir. 

9.  Təhsilin keyfiyyəti coğrafiyadan asılı olmamalıdır. Məktəblər məzmunca və maddi-texniki təminatca eyni olmalıdır. Belə olan halda Bakıda heç kəs evinin yanındakı məktəbi qoyub, uşağını maşın sıxlığına səbəb olan uzaq məktəblərə aparmaz.                                                                            

10. Əmin-amanlıq (sülh) dövründə  məktəb direktorları müharibə zamanı ordu komandirlərinin daşıdığı qədər önəm daşımalıdırlar. Məktəb direktorlarını ictimai mənafe daşıyıcıları, özünü məktəb işinə qurban verənlərin içərisindən seçilməlidir. Direktorlar nümunəvi əxlaqa sahibi olmalıdır ki, məktəb müqəddəs yerə çevrilsin.

Sülh dövrünün əmək qəhrəmanları müəllimlər olmalıdır. Qəhrəman olmaq üçün müəllim tədris etdiyi fənni şagirdlərin hamısına mükəmməl (əla və ya yaxşı qiymətlə) öyrədə bilməlidir. Fərd ilə bərabər, kütləni mükəmməl öyrədən müəllim vətənin əsl əmək qəhrəmanıdır.  

11. Mənəviyyatın aşılanmasının qarşısını almaq üçün tərbiyə probleminə yeni baxış lazımdır. Tərbiyə məsələsinə təhsil subyektlərinin baxışı müxtəlifdir. Bu isə tərbiyəni pozur, gəncləri çaşdırır. Təhsil subyektlərinin mükəmməl bilməli olduqları zəruri müddəaların toplandığı “ədəb qaydaları”na və ya “Tərbiyə manafesti”nə ehtiyac böyükdür. Yapon “Tərbiyə manafesti” təqribən 20 müddəadan ibarətdir və onların birində deyilir: “Məktəb gənclərə düz danışmağı öyrətməlidir”. Səhv etmirəmsə, İsveç məktəblərində yalan danışmaq vətənə xəyanət kimi qiymətləndirilir.

12.  Ali təhsildə liberal qaydalara üstünlük verilməlidir. Dövlət universitetləri ilə özəl universitetlər arasında rəqabət yaratmaq üçün, vahid dövlət nişanlı diplomdan imtina edilməli və hər bir özəl məktəb öz diplomunu verməlidir.

Gənclərimizin müxtəlif səbəblərdən xarici universitetlərə axmasının qarşısını almaq üçün qəbul imtahanları çox sadələşdirilməlidir. Ali məktəblərin girişində test yumşaq, çıxışında isə ciddi aparılmalıdır. Başqa sözlə, ali məktəblər giriş qapılarını gen, çıxış qapılarını dar açmalıdır. İndiki dönəmdə ciddi qəbul imtahanlarına ehtiyac yoxdur. Ən azı ona görə ki, təyinat yoxdur. Bu addım sovet təhsil siyasətinin ruhuna uyğun idi.  Abituriyentlərə ixtisas seçimi azadlığı verilməlidir.   

Gəncləri küçələrdən, bazarlardan akademik mühitə gətirmək lazımdır. Talantlı və riyazi təfəkkürlü, normal düşüncəli gənclərimizin heç biri müxtəlif səbəblərdən ali məktəbdən kənarda qalmamalıdır. Xaricdə fəaliyyət göstərən diplomatik korpusun və iş adamlarımızın övladları ciddi test ucbatında öz vətənində ali təhsil ala bilmirlər. Bunu nəzərə almaq və çarəsini tapmaq  lazımdır. 

Təhsil – sevgi işidir. Gənclər sevib seçdiyi ixtisaları öyrənəndə yorulmazlar. Gəncləri sevmədiyi ixtisaslara yerləşdirmək, milli mənafeyə ziddir. Bir türk misalında gözəl deyilir: “Çörəyini əli ilə qazananlar fəhlədir. Çörəyini əli və ağlı ilə qazananlar ustadır. Çörəyini əli, ağlı və ürəyi ilə qazananlar ustaddır”. Biz gənclərimizin ustad olmasına maneçilik törətməməliyik. Bu baxımdan hökmən dəyişməliyik.

Yataqxana ali məktəbin zəruri struktur elementidir. “Yataqxanasız universitet çolaq insana bənzəyir” fikrini əvvələr söyləmişdim. Yataqxana şəraitində gəncləri milli ruhda tərbiyə və sosiallaşdırmaq daha asandır. Milli birliyin, vətənpərvərliyin toxumları yataqxanada əkilir. Yataqxananın üstünlükləri düşündüyümüzdən daha çoxdur.

İslam dünyası nobelçilərinin arzularını nəzərə alaraq, fundamental elmi və texniki ixtisaslara qəbul yerlərini artırmaq lazımdır. Başqa sözlə, maddi dəyər yarada bilən ixtisaslara üstünlük verilməlidir. Texniki təfəkkürü və icadetməni stimullaşdırmaq lazımdır.

Əminliklə demək olar ki, biz bütün ixtisaslar üzrə bakalavr və çox ixtisaslar üzrə isə magistr səviyyəsində keyfiyyətli təhsil verə bilirik. Bu səbəbdən xaricdə təhsil almağa doktorantları və qismən magistrləri göndərmək daha məqsədəuyğundur. Onlar geriyə dönəndə özləri ilə həm də yeni aktual elmi istiqamətlər gətirəcəklər.

12. Koronavirus dövründə təhsil. Ölkəmizdə təhsilalanların sayı 1,6 milyon, təhsilverənlərin sayı 150 min nəfərdir. Ali məktəbdə təhsil alanlarımızın sayı təqribən 100 min nəfər, alim və müəllimərin sayı 30 min nəfərdir. Hər bir təhsil alanın valideynlərini də nəzər alsaq, görərik ki, Azərbaycan cəmiyyətinin yarısı təhsil qayğıları ilə yaşayır. Başqa cür ifadə etsək, cəmiyyətimiz təhsil oxu ətrafında fırlanır. Əgər biz bu hərəkəti dayandırsaq, faciəvi hadisələrlə qarşılaşa bilərik. Bu səbəbdən biz istənilən pandemiya şəraitində təhsil verməyi bacarmalıyıq. Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə ciddi əməl etməklə, ənənəvi üsulla təhsili hökmən davam etdirməliyik.

Sonda qeyd edim ki, bu təhsil müddəalarının əksəriyyəti ənənəvi müddəaların tam əksinədir. Əgər biz inkişaf etməkdə olan ölkələr sırasından  inkişaf etmiş ölkələr sırasına keçmək istəyiriksə, onda təhsilə baxışımızı köklü şəkildə dəyişməliyik. Hal-hazırda bəşəriyyət iqtisadi oxu (cahillik oxu) ətrafında fırlanır. İnanıram ki, yaxın gəlcəkdə dünya təhsil oxu (kamillik oxu) ətrafında fırlanacaq. Bu, o zaman baş verəcəkdir ki, ölkənin birinci naziri İqtisadiyyat və ya Maliyyə naziri yox, Təhsil naziri olacaqdır.

Bənzər yazılar