Şuşanın işğalının 20-ci ildönümündə “Şuşa Qarabağın mənəvi paytaxtıdır” mövzusunda yazı müsabiqəsi keçirilirdi. Mən isə Qafqazın musiqi mərkəzi hesab olunan Şuşanı, “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Zaqafqaziyanın konservatoriyası” adlandırılan bu möhtəşəm diyarı heç görməmişdim. Ona görə də həmin dönəmə uyğun yazı yazmağı qərara almışdım. Bakı 2012-ci ildə “Evrovision” mahnı müsabiqəsinə ev sahibliyi edəcəkdi. Təbii ki, bu musiqi festivalı Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri, incəsənətinin inkişafı və təbliği, dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edirdi. Ermənilər Bakıya gəlməkdən imtina etmişdilər. (guya onları bura dəvət edən var idi?!) Mən də o zaman fikirləşmişdim ki, neynirlər ermənilər Bakını. Axı onlar musiqi mərkəzimiz, mədəniyyət, incəsənət ocağımız olan Şuşaya sahibləniblər. Və bu cümlələri yazmışdım: “1992-ci il 8 may tarixində erməni yağıları gözümüzün nurunu işğal edib, kor qoydu Azərbaycanı. Şuşanı tutub axan qanımızı soyutdular. Buludlar arasından yenicə boylanan günəşin şəfəqinin yerə çatmasına imkan vermədilər.

Onlara Bakının təzə yolları maraqlı deyil, çünki ata-babalarımızın at oynatdığı Cıdır düzünü görürlər. Təzə binalar, otellər maraqlı deyil, çünki Şuşanın qala divarlarını hansı ki, Pənahəli xanın əlçatmaz etdiyi ancaq satqınlar tərəfindən satılan qala divarlarını görürlər. Parklarımızda əkilən, xaricdən gətirilən güllər maraqlı deyil. Onlar misli bərabəri olmayan xarıbülbülün çiçək açmasını, boy atmasını görürlər. Neynirlər axı xaricilərə yazdırdığımız “When the music dies”ı?! Onlar bizim xalq mahnımız “Sarı gəlin ”i ürək rahatlığı ilə oxuyub, qulaq asırlar…”

Bunları nəinki gələn qonaqlar, heç bizdə görmürük. 20 ildi kor kimi yalnız hiss edirik, ancaq görmürük.

“Haqq verilməz, alınar”, – demişdi rəhmətlik Məhəmməd Əmin Rəsulzadə. Haqqımız olanı istəməkdən əl çəkməməliyik. Halva, halva deməklə ağız şirin olmur. Haqqımızı almağa çalışmalıyıq. Bunun üçünsə vuruşmalıyıq! “

Bəli, o gün bu gün imiş. Bu gün qəhraman igidlərimiz əllərində silah, yastıqları vətən daşı, yorğanları qar topraq uğrunda mübarizə aparırlar. Vətənimin türk qanlı, mərd övladları ölsə belə yada boyun əymirlər. Əksinə, tarixi torpaqlarımızdan, bizə məxsus olandan ayrılmağı ölüm kimi qəbul edirlər. Firudin bəy Köçərli yazırdı: “Şuşanın ab-havası saf və salamat olmağa görə yaylaq mənziləsindədir. Şuşa şəhərinin ab-havasının təsirindən və torpağının bərəkətindən burada çox zürəfa,

üdəba və şüəra vücuda gəlib”. Elə Firudin bəyin təbiri ilə desək, Şuşanın ab-havasından müzəffər ordumuz cuşa gəlib, namərd düşməni vətən torpağından qovublar. Haqq yolunda, haqq uğrunda mübarizə aparan igidlərimiz, sayənizdə “Vətən bağı al-əlvandır,

Şuşa dərdimə dərmandır.

Ömür sürməli dövrandır,

Ətrin gəlir xarıbülbül”.

Həsənova Nuranə

BDU-nun Jurnalistika fakültəsinin doktorantı

Bənzər yazılar