Bu gün Azərbaycan xalqı gözlərini bir başqa sabahla açır. Şəhərin küçələrində gəzən insanların üzündə xüsusi sevinc, qürur hissi duyulur. Çünki hər kəsin ürəyi bir amal üçün döyünür – doğma torpaqlarımızın Vətənə qayıtması. İnsanlarımızın Vətənə olan sevgisini sözlə ifadə etmək , əlbəttə, çətindir.

Amma ətrafımıza nəzər yetirsək, bu sevgini gözümüzlə görə bilərik. 2009-cu ildən etibarən hər il 9 Noyabr ölkəmizdə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu il isə əvvəlki illərdən daha fərqlidir. İnsanlar bu günü daha coşğu ilə qeyd edirlər. Həmişə çiçəklərlə bəzənən şəhərimiz, bu gün üçrəngli Azərbaycan Bayrağı ilə bəzənib. Bütün yaşayış binalarının pəncərələrində, avtomobillərdə, baxdığımız hər yerdə Azərbaycan Bayrağı dalğalanır. Ürəyində Vətənə məhəbbət olan hər bir insanın bu mənzərə qarşısında mütləqdir ki, gözündən bir damla yaş axsın. Bu göz yaşları artıq kədər yox, fəxr hissindən doğan göz yaşlarıdır. Balaca uşaqlar əsgər geyimində, bir əlində oyuncaq silah, bir əlində üçrəngli Bayraq Vətənin keşiyində dayanırlar. Hətta yaşlı nənə-babalarımız ayaq saxlayıb şanlı Bayrağımızı öpür, qoxlayır, bağırlarına basırlar. Kiçikdən-böyüyə hər kəsin qəlbi eyni sevgini yaşayır – Vətən sevgisi! Bayrağımız bizim qürur mənbəyimizidir. Bayraq bizim müqəddəs varlığımızdır. Görkəmli dramaturq, dahi şair və nasirimiz Cəfər Cabbarlı Azərbaycan Bayrağını belə təsvir edib: “Yaşıl donlu, mavi gözlü, al yanaqlı sevdiyim!”. Necə də gözəl səslənir!

Və budur! Müzəffər Azərbaycan Ordusunun igid əsgərləri Bayrağımızı işğaldan azad olunan torpaqlarımızda, bütün Azərbaycan xalqının səbirsizliklə gözlədiyi Şuşa şəhərində ucaldır. İllərdir həsrətin çəkdiyimiz doğma yurdumuzun səmasında əzəmətli Azərbaycan Bayrağı qürurla dalğalanır! İnsanlar əlində Bayraq küçələrə çıxır, şüarlar səsləndirirlər. Sevincimiz sərhəd tanımır. Azərbaycan xalqına bu xoş, sevincli günləri yaşatdığı üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və rəşadətli Azərbaycan Ordusuna təşəkkür edirik!

Daim ucalasan! Savaş günündə

Əsgər silahıyla səni tən görüm.

Yalnız zəfər çalmış şəhid önündə

Səni alqış üçün əyilən görüm.

Leyla Zərbəliyeva

BDU-nun Jurnalistika fakültəsinin magistrantı

Bənzər yazılar