Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun bu günlər ərzində erməni qəsbkarlarına, havadarlarına və xaricdə onlara dəstək olan erməni lobbisinə verdiyi dərs dünyaya xalqımızın mərdliyini, rəşadətini, sarsılmaz iradəsini və torpağına bağlılığını açıq şəkildə nümayiş etdirdi.

Bunu AZƏRTAC-a müsahibəsində Qələbə sevincini bölüşən Bakı şəhəri 193 nömrəli tam orta məktəbin direktoru, Əməkdar müəllim Rahim Hüseynov deyib.

“Bu günlər ərzində mən heç zaman bu qədər öz peşəmlə fəxr etməmişdim. Çünki o sıldırım qayalara sinəsini sipər edən, əliyalın qalxan igidləri Azərbaycan məktəbi və müəllimi yetişdirib. Ulu öndər Heydər Əliyevin “Mən dünyada müəllimdən şərəfli ad tanımıram” sözünün əsl mahiyyətini və bizim peşəyə verdiyi qiyməti yalnız bu günlərdə başa düşdük. Gündəlik həyatımızda şagirdlərimizə verilən dərslər, onların qələbəyə inamını möhkəmləndirən Azərbaycan müəllimi olub. Bu illər ərzində biz müəllim ordusu Prezident İlham Əliyevin qayğısını hər an hiss etmişik. İnanırıq ki, şəhidlərimizin qanı bahasına qaytarılan torpaqlarda yüzlərlə yeni məktəb, universitet və mədəniyyət ocaqları yaradılacaq. Orada oxuyan balalarımız şanlı Qələbəmiz haqqında öyrənib, bir daha torpaqlarımızın düşmən tapdağı altında olmasını görməyəcəklər. Çünki onların arxasında Müzəffər Ali Baş Komandanın yaratdığı və rəhbərlik etdiyi güclü, peşəkar və öz qüdrəti, bacarığı ilə dünyanı heyran edən Azərbaycan Ordusu durur. Yaşasın Azərbaycan Ordusu! Yaşasın bizə bu sevinci bəxş edən Müzəffər Ali Baş Komandan! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”, – deyə Rahim Hüseynov bildirib.

Bənzər yazılar