Neçə illər idi ki, qəlbimiz Qarabağ həsrəti ilə qovrulurdu. Bu həsrət təkcə Qarabağda doğulanlara aid deyildi. Bütün Azərbaycan xalqı bu həsrəti ürəyində yaşadır, cənnət guşəmiz olan Qarabağa qovuşmaq üçün can atırdı. 1992-1993-cü illərin qəlbimizdə buraxdığı dərin yaraları heç bir sevinc, heç bir uğur sağaltmırdı. Nə 20 yanvar faciəsini unutduq, nə də Xocalı soyqırımını. Bu illər ərzində bəlkə də Yanardağında alov sönərdi, qəlbimizdəki bu həsrət alovu əsla sönməzdi.

Ancaq 27 sentyabrda şanlı Ordumuzun düşmənin təxribatına cavab olaraq torpaqlarımızın azadlığı üçün başladığı əks hücum, qəlbimizdəki həsrəti söndürüb, böyük bir ümid çırağı yandırdı. O gündən igid əsgərlərimizin hər dəfə torpaqlarımızı qarış-qarış azad etmələri barədə aldığımız xəbərlər, bizi tezliklə doğma Qarabağa – Şuşaya, Laçına, Kəlbəcərə və digər yurd yerlərimizə qovuşacağımıza böyük inam yaratdı.

44 gün həyacanla keçirdiyimiz gün ərzində rəşadətli Odumuz 30 ilə yaxın işğalda qalan torpaqlarımızı düşmən tapdağından azad etdi. Ermənistanın məğlubiyyətlə barışdığı gecə, heç bir azərbaycanlı gözünü qırpmadı, səhər açılar-açılmaz əldə üç rəngli şanlı bayrağımızla bütün Azərbaycan şəhərə axışaraq qələbə sevincini yaşadı. Hər kəs qürurla şəhərin küçələrində “Qələbə!”, “Yaşa Azərbaycan əsgəri!”, “Yaşa Ali Baş komandan!”, “Qarabağ Azərbaycandır!”, şüarları ilə öz sevinclərini bölüşürdü.

Əlbəttə ki, başda Ali Baş Komandan və müzəffər Azərbaycan ordusuna bizə bu sevinci yaşatdığı üçün, Azərbaycan tələbələri olaraq, dərin təşəkkürümüzü bildiririk.

Bu günlər ərzində biz şəhidlərimizi və onların doğmalarını heç vaxt unutmadıq və unutmarıq! Çünki, bu qələbəyə görə biz hamımız onlara borcluyuq. Canlarını Vətən uğrunda fəda verib bizə doğma torpaqlarımızı qaytardıqlarına və bu sevinci bizə bəxş etdiklərinə görə onların ruhu qarşısında baş əyirik, doğmalarına səbr diləyirik. Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılarımıza tezliklə şəfa tapmalarını arzu edirik.

Azərbaycan xalqı, onun cəsur əsgəri ötən illər ərzində gözü yolda qalan Qarabağı yağı düşməndən azad edəcəyi ümidini heç vaxt itirmədi və bu ümidlə döyüşə atılaraq öz qanı bahasına doğma torpaqlarını düşmən tapdağından azad etdi.

İndi, qoy bütün xalqımızın gözü aydın olsun. Artıq, 30 illik həsrətə son qoyuldu, yurd-yuvasından didərgin düşmüş soydaşlarımız tezliklə öz evlərinə dönəcəklər. İnanırıq ki, bu gündən sonra hər kəs daha ürəklə deyəcək: – Qarabağ, Azərbaycandır!

Ayşən Məmmədova, BSU-nun Jurnalistika fakültəsinin I kurs tələbəsi

Bənzər yazılar