28 il idi ki, öz doğma yur-yuvasından didərgin düşmüş Qarabağlı soydaşlarımız nəhayət ki, illərlə həsrətini çəkdikləri öz evlərinə – illər idi ki, xatirələrində donub qalmış yollara, cığırlara, dağlara, dərələrə, bulaqlara, ən əsası isə əsrlərboyu əcdadlarının məskəni olmuş, ancaq erməni vəhşiliyi üzündən ruhları narahat qalan doğma torpaqlara qayıdacaqlar. 

Ermənilərin vətənimizə işğalçılıq siyasəti nəticəsində neçə-neçə ailə qətlə yetirilmiş, kəndlərimiz şəhərlərimiz dağıdılıb. Doğrudur, biz bu qanlı olayları öz gözümüzlə görməsək də, kitablardan oxuyub, həm də canlı şahidlərdən çox eşitmiş.  Ancaq Gəncədə, Bərdədə, Tərtərdə və digər rayonlarımızda düşmənin dinc insanlara atəş açıb qətlə yetirmələrinə biz gənclər hamımız şahid olduq.  

Hadisə yerində olmasaq da, amma bütün bu qanlı olayları hiss etmək üçün, onu yaşamaq və ya o yerdə olmaq heç də şərt deyil. Çünki onlar bizim elə özümüzük, bu yerlər bizim torpaqlarımızdır, bizim Vətənimizdir! Əgər vətənin havasını uduruqsa, suyunu içib, çörəyini yeyiriksə, demək onu qorumaq, onun ağrılarını hiss etmək, ən azı hər birimizin mənəvi borcudur.

Doğrusu, qəlbimdə torpağlarımızın azad olunacağına ümidim həmişə var idi, amma bunu belə bir tez zamanda görəcəyimi heç xəyal belə edə bilmirdim. Şanlı Ordumuzun düşmən üzərində necə  Qələbə qazandığını görmək tamam başqa bir hissdir.

Heç şübhəsiz ki, bu sevincli anları bizə yaşadan, qanı torpağa qarışmış şəhidlərimizə, səngərdə özünü sipər edən cəngavər əsgərlərimizə borcluyuq. Çünki, şəhidlərimiz öz qanları ilə torpağı suvarıb yerində çiçək birib bizə Qələbə çələngi bəxş etdilər. Bu yerdə, “torpaq su ilə qarışanda palçıq, qanla qarışanda Vətən olur”, deyimini, məhz bizim şəhidlərimiz əsl həqiqətə çevirdilər. Şübhəsiz ki, igidlərimiz düşmənlə vuruşarkən, biz də evimizdən onlara dualarımızla dəstək olurduq, hər birimizin qəlbi əsgərlərimizlə birgə döyünürdü.

Müharibə qan, vəhşət, ölüm olsa da, ancaq torpaq, Vətən uğrunda ölmək şərəfdir. Qələbəmiz heç də asan qazanılmadı, yenə neçə ev başsız qaldı, neçə ata və anaya oğul, neçə bacıya qardaş, neçə gəlinə həyat yoldaşı dağı çəkildi, üstəlik hələ neçə körpə ata qucağına həsrət qaldı.

Bu xalqın ürəyi özünə neçə Mübariz, neçə Fərid, neçə Polad, neçə Cəbrayıl sığışdırıb. Onlar könlümüzdə əbədi taxt qurub. Qələbənin ilk günündən xalqla birlikdə, diplomatik səngərdə döyüşən Ali Baş Komandana təşəkkür edirik. Onun siyasətidir ki, bu gün Vətənimiz zirvələrdədir və yeni gələcəyə addımlayır.

Ancaq unutmayaq ki, bütün qurbanlar, əzablar, əziyyətlər Vətənimizi yaşatmağa görədir. Vətən insanın ruhudur, mənəviyyatıdır, dilidir, dinidir, azadlığıdır. Yüz illərlə davam etmiş bu  əzmi, birliyi və mənəviyyatı daim qoruyacağıq gələcək nəsillərə ötürəcəyik. Çünki Vətən eşqi sönməyəcək əbədi çıraqdır. Bizim bundan sonrakı vəzifəmiz isə, Vətənə layiqli övlad olaraq yetişmək, şəhidlərimizi unutmamaq, onların qanı bahasına qazandıqları qələbəni qoruyub saxlamaqdır. Qoy, ulu tanrı bütün şəhidlərimizin ruhunu şad etsin…

Titrəyir əllərim bir məzar üstə,

Solur qarşısında tər qərənfillər.

Amma ki, bilirəm ruhunuz şaddır,

Vətənçün canından keçən şəhidlər.

Əyilib ayağından öpsəm şərəfdir,

Ey şəhid anası, millət anası.

Ağlama bir daha, sil göz yaşını,

Alındı düşməndən oğul qisası.

Dünən həsrət idin, göz yaşı idin,

Xəyaldın, gerçəyim oldun, Qarabağ!

Ölmüşdüm, yox idim bu yer üzündə,

Dünyaya yenidən gəldim, Qarabağ!

Aynur Əliyeva, BSU-nun Jurnalistika fakültəsinin I kurs tələbəsi

Bənzər yazılar