“Bu gün uzun, ancaq maraqlı bir iş günü oldu. Ən qürurverici hadisənin Təhsil naziri Emin Əmrullayevlə birgə Vətən Müharibəsində iştirak etmiş 15 müəllimimizlə görüşün olduğunu deyə bilərəm. Qeyd edim ki, müəllimlərlə yanaşı müharibədə 20 məktəb direktoru və 32 direktor müavini iştirak edib”.

Mektebgushesi.az xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Elnur Nəsibov sosial şəbəkədəki hesabında bildirib.

“Ümumilikdə 700-ə yaxın təhsil işçisi Vətən müharibəsində iştirak etmiş, bunlardan 20 nəfəri şəhid olmuş, yüzlərlə təhsil işçisi döyüşlərdə yaralanıb. Allah şəhidlərimizə rəhmət eləsin və qazilərimizə can sağlığı versin.

Müəllimlərimizin bir sıra dəyərli fikirlərini sizinlə bölüşmək istədim. Vətən uğrunda qəhrəmancasına döyüşən zaman hansı hissləri keçirir, hansı fikirlər beyinlərində dolaşırdı. Onların bir çoxu müharibədə iştiraklarının şagirdləri üçün bir örnək olacaqlarından məmnun olduqlarını qeyd etdilər. Həqiqətən şagirdə Qəhrəman müəllimin dərs deməsi böyük şərəfdir. Öyrəniləcək çox şey var onlardan. Xalqımızın birliyi, arxa cəbhənin ön cəbhəyə yardımı, Ali rəhbərliyin düzgün siyasəti və hamımızın “Dəmir yumruq” -da birləşməsi əlavə ruh və güc verdiyini də dedilər müəllimlər”.

“Düşmən işğalından azad olunmuş torpaqlarda olan məktəblərə daxil olarkən maraqlı hisslər keçirdiklərini də bildirdilər qazilərimiz. Orada olan saxta xəritələr, rayonlarımızın adlarının dəyişdirilməsi, bu yerlərin bizə məxsus olmasının gizlədilməsi faktlarını qeyd etdilər. Hal-hazırda bununla bağlı məlumatı da öz şagirdləri ilə bölüşdüklərini bildirdilər. Xahişləri də oldu müəllimlərimizin, lakin bu fərdi xahişlər deyil, ümumi rifaha xidmət edə biləcək məsələlərlə bağlı idi. Bunlar texnoloji inkişafa töhfə verəcək fənnlərə üstünlük verilməsi, regionlarda STEM məktəblərinin sayının artırılması və olimpiadaların keçirilməsi, işğaldan azad edilmiş ərazilərdə müasir təhsil müəssisələrinin tikintisi idi. Şəkidən olan müəllimimiz isə qız uşaqlarının kənd yerlərində məktəbə getməsinin təmin edilməsini xahiş etdi. “Savadlı ana, savadlı millət” prinsipini vurğuladı.

Yekunda Emin müəllim Vətən müharibəsində Qələbəyə görə Ali Baş Komandana, müzəffər ordumuza və bütün xalqımıza öz dərin minnətdarlığını ifadə etdi. Müəllimlərimizə öz gələcək fəaliyyətində uğurlar arzuladı və şagirdlərə artıq bir qalib xalqın müəllimi kimi xidmət etmələrinin necə bir qürurverici iş olduğunu bildirdi. Təhsil, vətənsevərlik və digər məsələlərlə bağlı bir sıra başqa dəyərli fikirlər də səsləndirdi ki, onları da növbəti statusda sizinlə bölüşərəm”.

Bənzər yazılar