SAĞLAM TƏDRİS = HƏRƏKƏT, MUSİQİ VƏ DÜŞÜNCƏ

Uşaqların və gənclərin sağlamlığı dövlətimizdə ən öndə duran vacib problemlərdəndir.

Orta məktəb sonrada orta ixtisas və ali məktəblərin mütəxəssiz hazırlamaqla yanaşı, həm də gənclərimizin sağlamlığında əvəzsiz rolları olmalıdır.

Yadıma gəlir, orta məktəbdə oxuyanda dərsdən əvvəl 10-15 dəqiqə idman hərəkətlərini (gimnastika adı ilə dediyimiz) bizə elətdirərdilər. Dərsdə qəflətən müəllimlərimiz bizləri ayağa qaldırardı. İndi, həkim kimi başa düşürəm ki, nə qədər düzgün işlər görürlərmiş. Və yaxud da tənəffüs vaxtları tək-tək olsa da məktəbin radio qovşağı ilə musiqi səsləndirərdilər.

Yəni, məktəb uşaqların həm fiziki, həm də ruhi cəhətdən normal tərbiyələnməsi və inkişaf etməsi çox düzgün addımlar atırlarmış. Fiziki enerji ilə ruhu qidalandıran enerji birlikdə təbii düzgün inkişafa səbəb olurdu. Bu ümumən keçmiş sistemin məktəbini tərifləmək deyil, olan yaxşı cəhətləri deməkdir.

Gəncin məktəbə gəlməsi üçün indi hansı bir əlavə cəlbedici görülən iş var? Heç bir!? Oxu demeklə olmur, oxu sözünün yanında da gərək cəlbedici fəaliyyətlər ola. Cavanın enerjisini düzgün qiymətləndirmək və düzgün istiqamətləndirmək çox vacib şərtdir.

Təhsil sistemimizdə təəssüf ki, fiziki və ruhu qidalandıran enerjilərdən istifadə yox dərəcəsindədir. Söhbət kütləvilikdən gedir.

Faktiki olaraq məktəblərdə yaradıcı- inkişafetdirici və düşündürücü ideoloji sistemlər qurulmayıb.

Almaniyada musiqi və tibbin əlaqəsi inkişaf etdirilməkdədir. Özümüzdə rəhmətlik professor İ. Topçubaşov cərrahi əməliyyatlar zamanı musiqidən istifadə edirdi. Musiqi və sağlamlıqla bağlı artıq Azərbaycanda da elmi işlər aparılır, müdafiələr olur. Yaxşı, bu işlər praktikaya tətbiq olunmursa kimə lazımdır?!

Tənəffüs vaxtı bir həzin musiqi səslənsə bu tədrisin keyfiyyətinə, cavanların sinirlərinin normal olaraq sakitləşməsinə, nəticədə isə düşünmə funksiyasının güclənməsinə səbəb olardı. Şəxsən mən dərsdə epizodik də olsa musiqi çalarlarından çox qısa da olsa istifadə edirəm.

Amma, epizodik fəaliyyətlə də yaxşı nəticə almaq olmur.

Təklif edirəm- Təhsil, İdman- Gənclər, Səhiyyə, Turizm və Mədəniyyət nazirlikləri uşaq və gənclərin sağlam mənəvi və fiziki cəhətdən inkişafları üçün birgə fəaliyyət proqramları hazırlasınlar. Proqramın da əsasını mənəvi və fiziki hisslərimizdə baş verən oyanma və ləngimə reaksiyaların tənzimlənməsi təşkil etsin. Yəni enerjinin düzğün korreksiyası aparılsın. Bu proqram kağızda qalmasın, bütün məktəblərin gündəlik fəaliyyətlərinin bir hissəsini təşkil etsin.

Məktəblərdə uşaqların onurğa sütununun əyriliyinə, bu isə gələcəkdə müxtəlif xəstəliklərə səbəb olan partalar yığışdırılsın. Partanın qabaq hissəsi nisbətən hündür olmalıdır ki, şagird əyilməsin.

Bütün fəaliyyətimizin əsasını təşkil edən üçlüyün- ailə, məktəb və cəmiyyətin funksiyalarından düzgün istifadə olunması- maddi və mənəvi sağlamlığımıza, bu işə dövlətimizin azad, güclü, demokratik inkişafına səbəb olardı. Müstəqil dövlətçiliyimiz isə düşüncəmizdir, ideologiyamızdır.

Hər hansı bir proqramlar hazırlandıqda isə ancaq bürokratik aparatın işçiləri deyil, ayrı-ayrı sahələrin mütəxəssizləri də cəlb olunsunlar.

Qarabağda Ordumuzun surətli qələbəsi bizə bütün fəaliyyətimizdə güc verir.

Azərbaycan Tibb Universiteti,

Farmakologiya kafedrasının dosenti Aydın Əliyev

 

Bənzər yazılar