Təhsil Nazirliyinin qərarına əsasən artıq Azərbaycanda ənənəvi tədris bərpa edilir. Belə ki, fevral ayının 8-dən etibarən məktəblərdə 1-9-cu siniflərdə ənənəvi tədrisə başlanılacaq. Paralel olaraq Ali məktəblərdə, kollec və peşə təhsili müəssisələrində də əyani formada təhsil bərpa olunacaq.

Nazirliyin qərarını şərh edən təhsil eksperti Şahlar Əsgərov bildirib ki, insan sağlamlığı ən ali, təhsil isə zəruri dəyərdir. Bu iki dəyər arasında seçim etdikdə əlbəttə ki, sağlamlığa önəm verilməlidir. Odur ki, hökumət koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda sağlamlığa dəyər verdi və təhsil müəssisələrinin fəaliyyətini dayandırdı: “Ancaq indi vəziyyət fərqlidir və COVID-19-a yoluxma dinamikası, o cümlədən insanların virusla rəftarı dəyişib. Artıq insanlar sosial məsafə saxlayır, maska taxır və dezinfeksiyaedici məhlullardan istifadə edirlər. Bu isə virusa yoluxma sayının 4-5 mindən, 100-ə enməsinə səbəb olub. Belə olan halda, məktəblərin fəaliyyətə başlaması lazım idi və bu qərar verildi”.

Şahlar Əsgərovun sözlərinə görə, hazırda ən vacib məqam hər bir məktəblinin ünsiyyətdə olduğu şəxslərin sayını minimuma endirməkdən ibarətdir: “Bunun üçün, Bakı və ətraf rayonlarda şagirdlərin məktəbə həftədə 3 gün getməsi haqda qərar doğru idi. Çünki, həftədə 5-6 gün dərsə getmək ünsiyyəti çoxaldır. Üç günlük tədrisdə isə bu rəqəm 2 dəfəyə qədər azalır və yoluxma riski də bir o qədər aşağı düşür. Buna görə də, həm ibtidai, həm orta məktəblərdə, eləcə də bağçalarda tədrisin bərpası doğru və yerində verilən qərardır”.

Müşviq Tofiqoğlu

Bənzər yazılar