Son zamanlar kitabxanaşünaslığın nəzəri əsaslarının öyrənilməsinə ciddi diqqət yetirilməkdədir. Azərbaycan Milli Kitabxanaşünaslığında kitabxanaşünaslığın nəzəri əsasları mahiyyət, obyekt, predmet, yeni fikirlər, ideya və müddəalarla zənginləşdirilmiş, kitabxanaşünaslığın elmşünaslığının və fəlsəfi əsaslarının yaradılması meylləri güclənir. Dünya kitabxanaşünaslığında elmşünaslığın və fəlsəfi meyllərin yaranması, Azərbaycan Milli Kitabxanaşünaslığının banisi A.Xələfovun, Amerika kitabxanaşünası Şiranın, Rus kitabxanaşünası Skvortsov, Korşunov, Stolyarovun tədqiqatlarında və samballı monoqrafiyalarında yer tapmışdır.

Kitabxanaşünaslığın metodologiyası və metodları bütün tədqiqatların, araşdırmaların əsas tədqiqat üsullarını müəyyənləşdirməklə, yeni nəzəriyyələrin, elmi nəticələrin, praktikaya tətbiq ediləcək elmi nəticələrin yaranmasının bünövrəsi kimi fəaliyyət göstərir.

Beləliklə, kitabxanaşünaslığın metodologiyasının elmi-nəzəri əsasını dərketmə prosesinə yönəlmiş dünya fəlsəfəsi, məntiq elmi, xüsusi kitabxanaşünaslıq qanun və prinsipləri təşkil edir. Həmçinin kitabxanaşünaslıq öz nəzəri və praktik məsələlərinin həllində sosiologiyanın qanun və prinsiplərindən geniş surətdə bəhrələnir. Kitabxanaşünaslığın metodologiyasının elmi-nəzəri əsaslarının dəqiq müəyyənləşdirilməsi onun bir elm kimi formalaşması, kitabxana işi problemlərini həll etməsi, ciddi elmi ümumiləşdirmələr aparması üçün böyük əhəmiyyətə malikdir. Elmi metodologiya olmadan ciddi elmi qanunlar, prinsiplər və tövsiyələr hazırlamaq mümkün deyildir.

Elmi metodologiya kitabxanaşünaslığa hər cür qeyri-müəyyənlikdən, əsaslandırılmamış müddəalardan və elmi səhvlərdən azad olmaq imkanı verir. Beləliklə, elmi metodologiyaya malik olmadan müasir kitabxanaşünaslığın bir elm kimi inkişafından danışmaq olmaz.

Kitabxanaşünaslar, kitabxana işinin nəzəriyyəçiləri qeyri-standart, mürəkkəb kitabxanaçılıq problemlərini həll edərkən metodologiyanın qaydalarından, prinsiplərindən və normalarından istifadə etməli, öz elmi nəticələrini və tövsiyələrini ona əsasən çıxarmalıdırlar. Başqa sözlə, kitabxanaşünaslar öz elmi nəticələrində və tövsiyələrində bilavasitə metodologiyaya əsaslanmalıdırlar. Deməli, yüksək elmi tədqiqatlar aparmaq kitabxanaşünaslardan həm professional kitabxanaçılıq biliklərinə, həm də fəlsəfi, məntiqi və sosioloji biliklərə əsaslanmağı tələb edir. Beləliklə, kitabxanaşünaslığın həm fəlsəfi, məntiqi və sosioloji, həm də xüsusi kitabxanaçılıq kimi dərk edilməsi ümumi və xüsusi metodologiyanı meydana çıxarır.

Kitabxanaşünaslığın ümumi metodologiyasında əsas yeri fəlsəfə tutur. İstər varlığın (təbiət və cəmiyyətin), istərsə də insan təfəkkürünün, idrak prosesinin tabe olduğu ən ümumi qanunauyğunluqlar haqqında elm olan fəlsəfə ictimai şüur formalarından biridir. Fəlsəfə bütün maddi, təbii və ruhi şeylərin inkişaf qanunları haqqında, yəni dünyanın bütün konkret məzmununun inkişafı və dərk edilməsi qanunları haqqında təlimdir. Dünyanın dərk edilməsi tarixinin yekununun məcmusu və nəticəsidir. Fəlsəfə öz məzmunu və forması etibarilə spesifik dünyagörüşüdür, təbiətə, cəmiyyətə, insana ən ümumi-nəzəri baxışlar sistemidir. O, insanların sosial-siyasi, əxlaqi-estetik, elmi-təbii yönümlərinin əsas prinsiplərini işləyib hazırlamaqla onların fəaliyyətinə düzgün istiqamət verir. Beləliklə də, fəlsəfə insan şüurunun inkişafına, bəşər mədəniyyətinin ümumi inkişaf sisteminə, elmi kəşflərin yerinin və rolunun başa düşülməsinə kömək edir, bununla da həmin kəşflərin qiymətləndirilməsinin və dünya vəhdətində biliyin ayrı-ayrı vəsilələrinin miqyasını müəyyənləşdirir. Fəlsəfə metodologiya olduğu kimi, həmçinin özünün kateqoriyası, qanunu və tədqiqat prinsipləri olan nəzəriyyə kimi də çıxış edir. Fəlsəfənin bu iki keyfiyyəti bir-biri ilə sıx qarşılıqlı əlaqədədir. Fəlsəfi nəzəriyyə

öz müddəalarının, qanunlarının və prinsiplərinin ümumiliyinə görə eyni zamanda digər elmlərin metodologiyası kimi çıxış edir. Kitabxanaşünaslığın elmi nailiyyətlərinin ümumiləşdirilməsində fəlsəfənin mühüm rolu vardır. Kitabxanaşünaslıq mühüm metodoloji əsas kimi fəlsəfənin aqnostizmdən başqa digər bütün məktəblərinin müddəalarından müvəffəqiyyətlə istifadə edir.

Geniş əhatəli fəlsəfi biliklər içərisində idrak nəzəriyyəsi kitabxanaşünaslıq üçün böyük metodoloji əhəmiyyətə malikdir. İdrak nəzəriyyəsi müasir fəlsəfənin əsas problemi kimi həmişə diqqət mərkəzindədir.

İdrak nəzəriyyəsi idrakın mənşəyi və mahiyyəti, biliyin strukturu və inkişaf qanunları, əsası və meyarı, idrakın pillələri və əsas formaları, elmi tədqiqatın prinsip, metod və üsulları haqqında bütöv bir fəlsəfi təlimdir.

İdrak nəzəriyyəsi öz inkişafında müasir xüsusi elmlərin idrak haqqında məlumatlarından istifadə edərək onların fəlsəfi-metodoloji əsası kimi çıxış edir. İdrakın subyekt və obyektinin (kitabxanaşünas və kitabxana işi) qarşılıqlı əlaqəsinin öyrənilməsilə əlaqədar olan bölməsi kitabxanaşünaslıq metodologiyasına daha yaxındır, idrak nəzəriyyəsi əsasən “bilik nədir”, “idrak (dərketmə) nədir və onların qanunauyğunluqları nədən ibarətdir” suallarına cavab verir. Kitabxanaşünaslıq isə idrak nəzəriyyəsinə əsaslanaraq kitabxana işinin idrak fəaliyyətini və bu işdə baş verən qanunauyğunluqları öyrənir. Doğrudur, kitabxanaşünaslığın metodoloji nöqteyi-nəzərdən çox kiçik bir sahəni əhatə etməsinə (“Kitabxana işi”) baxmayaraq metodologiya, onun fəaliyyətində çox mühüm rol oynayır. Cəmiyyət fəaliyyətinin bu sahəsində baş verən proseslərin və hadisələrin elmi anlamı, böyük kitabxanaçılar və kitabxanaşünaslar ordusunun nəzəri inkişafı bilavasitə metodologiyanın xidmətidir.

Məhz buna görə də idrak nəzəriyyəsi kitabxanaşünaslıqda geniş tətbiq edilməli, onun metodoloji əsasının təməl daşı olmalıdır.

Kitabxanaşünaslığın metodologiyasının öyrənilməsində fəlsəfənin əsas bölməsi olan dialektikanın mühüm qanunlarının və prinsiplərinin həlledici əhəmiyyəti vardır.

Məlum həqiqətdir ki, mənşə və funksiyalaşma qaydalarına görə bilik əsl həqiqətin dinamikasını əks etdirən sosial fenomendir. Bilik – təcrübə və idrakın fəaliyyəti nəticəsində ayrıca subyekt kimi və ya peşəkarlıqla birlikdə təzahür edir. Biliyin mənsubolma uyğunluğu individual və kollektiv faktorların sosial təcrübəsində meydana çıxan müxtəlif motivlərlə, maraqlarla, tələbat və dəyərlərlə meydana gəlir.

Kitabxana işinin inkişafında bilik, dəyərlər və norma onun peşə mədəniyyətində toplanır. Onun 2 strukturu var:

1. Bilik, bacarıq və vərdiş üzərində qurulan operasional struktur:

2. Qiyməti, məqsədi və motivi sintez edən, birləşdirən şəxsi struktur:

Adı çəkilən strukturlar mütəxəssis təcrübəsində yoxlanılmış bilikləri daha da informasiyalaşdırmağa və peşəkar istiqamətini formalaşdırmağa kömək edir. Başqa sözlə desək, bu, çoxmərhələli xarakter daşıyan xüsusi faktorlu xüsusiyyətdir, belə ki, hər mərhələnin özünəməxsus bilikalma xüsusiyyəti var.

Əgər ilkin mərhələdə alınan bilik yalnız kitabxana fəaliyyətindən ibarətdirsə, sonrakı mərhələ eksperiment və analizlərdən ibarət olur. Bu da öz növbəsində daha mürəkkəb bilik sxemlərini tərtib etməyə, nizam – intizamı qaydaya salaraq onun empirik səviyyəsinin aydınlaşmasına imkan verir.

İxtisaslaşdırılmış sahədə kitabxana biliklərinin differensiyası, kitabxana reallığına dair yeni biliklərin dərinləşməsi müasir kitabxanaşünaslıqda elmi biliklərin formalaşmasına gətirib çıxarır.

Beləliklə, kitabxanaşünaslıq biliklərinin xarakteristikasının mahiyyətini elmşünaslıq baxımından aydınlaşdıraq.

Ümumiyyətlə, kitabxanaşünaslıqda elmi biliklər üçün nə xarakterikdir?

Bir neçə prinsipial məqamlar mövcuddur.

1. Nəticələrin məntiqi yekunu və kitabxana biliklərin nəzəri formada qurulmasına cəhd etmək, təcrübi fəaliyyətin sonunda metodoloji interpiretasiya;

2. Keçmiş nailiyyətlərin “sosial yaddaş” adlanan xüsusi formada konsentrasiya və elmi intizamının inkişaf qanunları kitabxanaşünaslıq biliklərinin bazası əsasında dərindən öyrənilməsi;

3. İdrak formalarından birgə istifadə – kateqoriyalar, prinsiplər, “düşüncə tərzi” anlayışının birləşdirdiyi aydınladırıcı sxem;

4. Qəbuldan sonra uyğun paradiqmanın işlənməsi və konkret düşüncə tərzi olan kitabxana – elmi fəaliyyətinin təsdiqi;

Elmşünaslarla razılaşmaq lazımdır ki, paradiqmaların ən geniş təzahür forması fundamental nəzəriyyədir ki, elmi tədqiqat işlərində bir neçə rasional tiplər yaradır.

Kitabxanaşünaslıq sahəsində elmi tədqiqatların metodologiyasının müasir vəziyyətini analiz edərək, deyə bilərik ki, bu çox inkişaf etmiş bir sahədir. Bunun səbəbi odur ki, son 20 ildə kitabxana tədqiqatları təkcə kitabxanaşünasların məhdud çərçivədə elmi maraqlarından ibarət olmayıb, zəruri təcrübə atributuna çevrilmişdir.

Beləliklə, müasir kitabxanaşünaslıq bilikərinin intensiv inkişaf prosesləri onu institusional strukturunun sərhədlərini keçir. Bizim nöqteyi – nəzərimizcə kitabxanaşünaslıqda humanitar biliklər sahəsində institusional strukturun sərhədləri, dəqiq və təbiət elmlərinə nisbətən daha asan dəyişir. “Humanitar sferada biliklər əşyaların təbii mahiyyətinə deyil, onun mənasına əsaslanır”. Axırıncı humanitar biliklərin konseptual təmsiletmənin və onun obyekti formasında bir sıra xüsusiyyətlərini aydınlaşdırır.

Kitabxanaşünaslığın bir elm kimi qanunauyğun inkişafı, evolyusiya mərhələlərinin keyfiyyətli addımlarla bir – birini əvəz etməsi, onun elmi məzmunu və elmi dəyərlərinin inqilabi dəyişikliyi ilə xarakterizə edilir. Bu dəyərlərin məzmunu idrakın konkret təcrübi gedişində formalaşır.

Geniş əhatəli fəlsəfi biliklərin içərisində idrak nəzəriyyəsi kitabxanaşünaslıq elmi üçün böyük metodoloji əhəmiyyətə malikdir.

Beləliklə, kitabxanaşünaslıq biliklərinin qurulmasına cəhd, peşəkar fəaliyyətdə idrakın eksperimental – analitik mərhələsində kitabxanaşünaslıq biliklərinin nəzəri forması və nəticələrin məntiqi sübutu – doğruluq sübutetmə, rasional biliklər kimi elmi dəyərlərin məzmunu ilə üst – üstə düşür. Adı çəkilən

elmi dəyərlər kitabxana mütəxəssislərinin düşüncə tərzi və onunla üst – üstə düşən bilikləri əhatə edir.

Məsələn, biliyi belə paylaşdırmaq olar: müəyyən bir anlayışı öyrənməyə cəhd, onların əhəmiyyəti və mənası; biliyin doğruluğu, mülahizələrin və s.

Sosial təsisatların mövcudluğu, onların rolu, vəzifələri haqqında antropoloqlar, sosioloqlar və filosoflar ciddi elmi araşdırmalar aparmış, cəmiyyətdə onların yerini, əhəmiyyət və vəzifələrini müəyyənləşdirən elmi anlayışlar yaratmışdır.

Kitabxanaşünaslıq sahəsində elmi dəyərlərin dəyişməsində keyfiyyətli addımlar kitabxana sahəsində elmi tədqiqatların modernləşməsi mərhələsi ilə üst – üstə düşür. Belə ki, elmi dəyərlər ideal normalar şəklində araşdırılır, kitabxanaşünaslar onların növlərinin analizi ilə məşğul olurlar. Elmi biliklərdə ideal normaları təyin edərək, konseptual, dəyər, metodoloji və digər quruluşlara məcmu şəklində yanaşıb, qeyd edilir ki, elmi fəaliyyət öz dövrünün müxtəlif mərhələlərində paradiqma normalarının və ideyalar şəbəkəsinin müxtəlif növlərini yaradır. Burada elə komponentlər üzə çıxır ki, tədqiqatçılar onu çətin başa düşür.

Son model olaraq təcrübi kitabxanaşünaslıqda texnoloji və ciddi transformasiya dəyişiklikləri, həmçinin kitabxananın funksional aspektləri sahəsində yeni bilik formalaşmağa başladı. Hazırda kitabxana statusunun təyin edilməsi və onun tərkibinin mahiyyəti sahəsində elmi biliklərin dərinləşməsi prosesi gedir, bir neçə yanaşmalar meydana çıxır. Əgər bu prosesin əsasında kitabxanalar formalaşırsa, onda elmi nəticələrin yekununda kitabxanalar ideoloji və texnoloji institut statusuna daxil olur. Belə elmi yanaşma kitabxana fəaliyyətini məzmun, tərkibinin mahiyyəti, vəsaitlərin reallığı nöqteyi – nəzərindən analiz etməyə imkan verir. Kitabxana fondunun xarakteristikası; kateqoriyalı xidmətlər, kitabxana informatikasının öyrənilməsi metodlarına əsaslı surətdə təsir edir və elektron kitabxanaşünaslığın parametrlərini üzə çıxarır.

Xüsusi kitabxanaşünaslıq mövqeyindən yanaşma kitabxana xidmətində kitabxana texnologiyasının iqtisadi aspektlərini tətbiq etmək imkanı verir. Əgər kitabxana fəaliyyətində ictimaiyyətdə kitabxana məhsullarını yaradan və yayan bir

qurum kimi baxılarsa, onda kitabxanaların əsas konsepsiyası paradiqmal xarakter daşıyır. Hər hansı ərazinin əhalisinin sayı və səviyyəsinə uyğun ictimai strukturun formalaşmasında fəal iştirak edən təsərrüfat subyekti kimi baxırlar. Keyfiyyətli dəyişikliklər şəraitində kitabxanaşünaslıq və real kitabxana fəaliyyəti sahəsindəki tədqiqatlarda menecment, marketinq və texnoloji modellə təcrübi kitabxanaşünaslıq və kitabxanaşünaslıq elminə yeni yanaşma tərzi gətirilmişdir. Bu yanaşma kitabxanaşünaslıq elminin elmşünaslıq fonuna yaxınlaşmasına təsir edir. Kitabxanaşünaslıq fəlsəfəsi və elektron kitabxanaşünaslığın da təzahürü bu modelin formalaşmasını daha da dəyərləndirir.

2000 – ci illərin əvvəllərində sosial – iqtisadi əhatədə yaradılmış kitabxana məhsulları və kitabxana fəaliyyəti, eləcə də daxili, xarici faktların mahiyyəti kitabxanaşünaslıq elmi məktəbinin nümayəndələri tərəfindən daha mükəmməl öyrənilmişdir. Bu kitabxana fəaliyyətinin, kitabxanaşünaslıq biliklərinin xüsusi istiqaməti kimi konseptual çərçivəsini cızmağa imkan yaradır, ancaq onun obyekt və predmetinin xarakteristikası elm kimi XX əsrin II yarısından formalaşmışdır.

Elm və bilik kimi kitabxanaşünaslığın statusunun möhkəmləndirilməsi informasiyalaşmış cəmiyyətin tələbidir. Belə ki, bir kitabxanaşünas mütəxəssis nəzəri cəhətdən yetkinləşməsi üçün elmşünaslığa nüfuz etməlidir.

Deyilənlərdən belə nəticə çıxara bilərik ki, kitabxanaşünaslıq elmi formalaşmış bilikləri özündə birləşdirən, kitabxana reallığına yeni uğurlar gətirən dərin elmi və nəzəri biliklərin araşdırılması aspektində elmşünaslıq fonuna çıxa bilir.

Beləliklə, kitabxanaşünaslığın elmşünaslığında fəlsəfi yanaşmanın kitabxanaşünaslıq üçün metodoloji əhəmiyyəti ondan ibarətdir ki, bu müddəaya əsaslanan kitabxanaşünaslıq keçmişi öyrənmək, müasirliyi dərk etmək, gələcək haqqında fikir yürütmək, proqnoz vermək imkanı əldə edir.

Kitabxanaşünaslığın elmi fəlsəfi mahiyyətinin təkmilləşdirilməsində fəlsəfənin kateqoriyaları kimi böyük əhəmiyyət kəsb edən prinsiplər zəngin elmi metodoloji baza rolunu oynayır.

ƏHMƏDOV ELÇİN YUSİF OĞLU

Bakı Dövlət Universiteti Kitabxanaşünaslıq kafedrasının müdiri,

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Bənzər yazılar