Azərbaycan Təhsil Şəbəkəsi çərçivəsində yeni təhsil müəssisələrinin sürətli fiber-optik bağlantıya keçidi istiqamətində iş aparılır. Cari ilin sonunadək ölkə üzrə 50 şəhər və regiondan 435 mindən çox şagirdi və 34 mindən çox müəllim heyətini əhatə edən 478 yeni təhsil müəssisənin şəbəkəyə sürətli fiber-optik bağlantı ilə qoşulması nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, fiber-optik internet bağlantısının təmin edilməsi məktəblərdə məlumatların ötürülmə sürətinin artırılması, yeni Wi-Fi zonalarının yaradılması, sinif otaqlarında yeni kompüter avadanlıqlarının qoşulması və bununla da daxili şəbəkənin genişləndirilməsini mümkün edəcək. Bununla yanaşı, məktəblərdə tədrisin innovativ formatda təşkil olunması, dərslərin kəsintisiz distant formatda keçirilməsi və dərs zamanı interaktiv alətlərdən istifadə üçün geniş imkanlardan faydalanmaq mümkün olacaq.

Qeyd edək ki, bu günədək Azərbaycan Təhsil Şəbəkəsinə 4 min 299 təhsil müəssisəsi qoşulub, cari ilin sonunadək isə 4 min 777 məktəbi əhatə etməsi gözlənilir. Azərbaycan Təhsil Şəbəkəsi müxtəlif pillələr üzrə təhsil müəssisələrini, eləcə də təhsil sahəsində dövlət siyasətini həyata keçirən qurumları vahid şəbəkədə birləşdirən təhsil sahəsində ölkənin ən böyük daxili şəbəkəsidir. Azərbaycan Təhsil Şəbəkəsinin təqdim etdiyi başlıca imkanlar internetə çıxışın təmin olunması, internetin zərərli məzmunlardan filtrasiyası, intranet şəbəkəsinin qurulması və intranet üzərindən rabitənin (İP telefoniya, video-konfrans) təşkili, təhsil müəssisəsində videomüşahidə xidmətinin qurulması, eləcə də şəbəkə və avadanlıqlara texniki dəstək xidmətinin göstərilməsidir.

Bənzər yazılar