Turan Kərimli

ADPU-nun Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

Ümummilli lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Əsası ulu öndər tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran ulu öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi.

Ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dönəmində yüksək səviyyəli gənc nəslin yetişdirilməsini ümdə vəzifə sayıb. Dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılıb. Unudulmaz dahi şəxsiyyətin təşəbbüsü ilə 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Ulu öndər Heydər Əliyev 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərmanla müstəqil dövlətimizdə gənclərin hərtərəfli inkişafı üçün daha əlverişli şərait, cəmiyyətin həyatında onların fəal iştirakının təmin edilməsi üçün siyasi, sosial-iqtisadi və hüquqi baza yaratmış, gənclərin dövlət quruculuğu işinə geniş cəlb olunmasına və ictimai-siyasi fəallığının artmasına kömək etmişdir.

Bu gün ölkəmizdə gənclər siyasəti yeni aspektdə reallaşır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev özünün bütün qərarları ilə ümummilli liderin gənclər siyasətinə sadiqliyini sübuta yetirib. Dövlətimizin başçısı gəncləri aparıcı qüvvəyə çevirmək və onların cari qayğılarının həllini təmin etmək məqsədi ilə 2005-2009-cu illəri əhatə edən Dövlət Proqramını təsdiq edib. Prezident İlham Əliyevin 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı Sərəncamı o zaman gənclərin fəallığının daha da yüksəlməsinə səbəb olub.

Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar əsasında reallaşan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olmuşlar. “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 sentyabr tarixli 2931 nömrəli Sərəncamında gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının layihəsinin hazırlanması nəzərdə tutulmuşdur.

Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədi ilə Prezident İlham Əliyev tərəfindən 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə Sərəncam imzalandı. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulub.

Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn

tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.

Bütün bu işlərin əsas istiqamətlərindən biri də təbii ki, gənclərimizin vətənpərvərlik ruhunda, dövlətə, xalqa sədaqət ruhunda böyüməsidir ki, bu siyasət özünü 2020-ci ildə böyük zəfərimizlə təsdiqlədi. Məhz Prezident İlham Əliyevin siyasi rəhbərliyi dövründə yetişən gənclərimiz qələbəmizin qazanılmasında əsas söz sahibi oldular və torpaqlarımızı işğaldan azad edərək həm tarixi ədaləti, həm də Azərbaycan dövlətinin ərazi bütövlüyünü təmin etdilər. Bununla da Azərbaycan xalqının qürurlu xalq olduğunu təsdiqlədilər. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar.

Bənzər yazılar