Bu gün ölkəmizin yeganə ali dini təhsil müəssisəsi olan Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasından 4 il ötür. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 9 fevral 2018-ci ildə müdrik və uzaqgörən addım ataraq Azərbaycan İlahiyyat İnstitutunun yaradılması barədə mühüm sərəncam imzaladı. Azərbaycan İlahiyyat İnstitutunun yaradılması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından sonra ölkəmizdə dini fəaliyyət sahəsində qəbul edilən ən mühüm qərarlardan biridir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa ediləcək dəyişikliklər fonunda məsələyə baxdıqda həmin qərarın müasir dövrümüz üçün nə qədər aktual və önəmli olduğu bir daha görürük.

İnstitut qısa müddətdə böyük inkişaf yolu qət edərək ölkəmizin ali təhsilində özünəməxsus yer tutdu. Bu gün Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan gənclərinə təhsilin bütün səviyyələri üzrə təhsil almaq üçün geniş imkanlar yaradır. Bu baxımdan gənclərimizin də üzərinə ciddi vəzifələr düşür. Onlar dövlətin yaratdığı bu imkanlardan səmərəli istifadə etməyə çalışmalıdırlar.

İnstitutun qarşısında duran mühüm vəzifələrdən biri dini fəaliyyət sahəsində peşəkar kadrların yetişdirilməsidir. Hazırda İnstitut bu istiqamətdə fəaliyyətini dövlətimizin diqqət və qayğısı ilə uğurla davam etdirir. Bu il Azərbaycan İlahiyyat İnstitutu ilk məzunlarını Azərbaycan cəmiyyətinə təqdim edəcək. Onların Azərbaycanın dini ibadət yerlərində axund və imam kimi fəaliyyətə başlayacaqlar.

Tarix boyu Azərbaycan xalqı İslam mədəniyyətinə mühüm töhfələr vermiş, bu bölgədən böyük din alimləri yetişmişdir. Bu gün qarşımızda bu ənənənin uğurla davam etdirilməsi kimi mühüm vəzifə durur. İnanıram ki, Azərbaycan İlahiyyat İnstitutunun məzunları bu missiyanı uğurla davam etdirəcəklər.

Müasir dövrdə ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərimizn qorunmasına böyük diqqət və qayğı var. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan din siyasəti hazırda Möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Milli-mənəvi dəyərlərimizə yüksək diqqət və qayğı göstərilir, həm ölkəmizdə, həm də xaricdə dini ibadət yerləri təmir və bərpa olunur. Bu siyasət nəticəsində hazırda Azərbaycan dünyanın tolerantlıq və multikulturalizm mərkəzlərindən birinə çevrilib. Ölkəmiz dinlər və mədəniyyətlərarası dialoq mövzusunda mötəbər tədbirlərin keçirildiyi unikal məkana çevrilib.

Onu da nəzərə almaq lazımdır ki, din mənəviyyatla yanaşı həm də təhlükəsizlik məsələsidir. Bu da reallıqdır ki, bu gün əksər müsəlman ölkələrində sabitliyi pozmaq üçün xarici qüvvələr din amilindən məharətlə istifadə edirlər. Bu baxımdan hər bir müsəlman ölkəsinin dini təhlükəsizliyini təmin etməsi, öz dini təhsil sistemini qurması xüsusi önəm daşıyır. O ölkələr ki, milli və dini təhlükəsizliyini təmin edirlər onlar uğurla gələcəyə və inkişafa doğru addımlayırlar. Azərbaycan da bu sırada olan ölkələrdən biridir.

Bənzər yazılar