Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Çilov adasındakı 131 nömrəli tam orta məktəbə səfər təşkil edib.

Səfərdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və ölkənin bir qrup KİV-nin təmsilçiləri iştirak ediblər.

Səfərin məqsədi 131 nömrəli tam orta məktəbin fəaliyyəti ilə tanış olmaq,  müəllim, şagird və valideynlərlə görüşlərin təşkili, təhsil müəssisəsinin perspektiv inkişaf planı və digər müvafiq məsələlərlə bağlı müzakirələrin aparılmasından ibarətdir.

Məktəblə yaxından tanış olan BŞTİ rəhbərliyi və KİV nümayəndələri ibtidai sinif, tarix, ədəbiyyat, fizika və ingilis dili fənləri üzrə təşkil olunmuş “Açıq dərs”lərdə iştirak ediblər.

Daha sonra İdarə müdiri M.Vəliyeva müəllim və valideynlərlə görüşüb.

Məktəb-ailə, müəllim-valideyn əməkdaşlığının şagirdlərin təlim-tərbiyəsindəki rolundan danışan M.Vəliyeva tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi istiqamətində belə əməkdaşlığın vacibliyini vurğulayıb.

Görüş zamanı keyfiyyətli tədrisin təşkili, müəllim-şagird münasibətlərinin tənzimlənməsi və digər məsələlərlə bağlı fikir mübadilələri aparılıb.

Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı Rasim İbrahimovun adını daşıyan Bakı şəhəri 131 nömrəli tam orta məktəb 1951-ci ildən fəaliyyət göstərir. 200 nəfərlik şagird tutumu olan məktəbdə hazırda 10 sinif olmaqla (şagird sayı az olduğu üçün II və III siniflər birləşdirilib) 72 nəfər şagird təhsil alır. Məktəbdə ümumilikdə 34 nəfər çalışır ki, onlardan 19 nəfəri pedaqoji fəaliyyətlə məşğul olur.

Bənzər yazılar