Diplom Azərbaycanda savadın göstəricisi olmasa da, müəssisələrə “dürtülmək”, onu adamların gözünə soxub iş, vəzifə və s. tələb etmək üçün vasitədir.

Dörd il sürünüb ölüm-zülüm bakalavr təhsili aldığını sübut etmək üçün diplomu əsas vasitə sayanlar, adətən, savadsızlar olur. Düşünürlər, diplomu varsa, hər şey edə bilər. Eyni zamanda iki-üç diploma sahib olanlara fövqəlbəşər kimi baxanlar da var. Təhsilin müəyyən pillələrini keçib kağız-kuğuz toplayana həsəd aparırlar. Titul, üç-dörd diplom bir çoxunun savadlızlığını, dünyagörüşünün zəif olmasını ört-basdır edir. Əslində etmir, bunu sezməyən olur. Beynindəki yalnız diplom olan adam savada üstünlük vermir. O, bir şey bilir – filankəsin üç-dörd diplomu, titulu varsa, deməli, onun mənasız söhbətinə də maraqla qulaq asmaq lazımdır, deməli, onun bişirdiyi xörəklər də dadlıdır, o, ədəbsiz formada gülsə də, gülüşü gözəldir, çox danışsa da, azdır, iş görə bilməsə də yaxşı işçidir.

Bir müəssisəni bitirib bütün elmlərdən hali olanı dinləmirlər, hər sahədən xəbərdar olana maraq göstərmirlər, məntiqli, mənalı danışana həsədlə baxmırlar. Səbəb diplomla tituldur. Əyri yollarla toplanan diplomlar savada olan təlabatı öldürür.
Tutaq ki, diplomu zəhmət çəkib qazanıb. Belələrinin arasında da dünyagörüşü zəif olan, insanlığı isə olmayanlar olur. Təhsillə insanlıq qazanmaq mümkün deyil. Diplom qüsurları gizlədə bilmir. Sadəcə, dərrakəsi zəif olan yaltaqlar ayırd edə bilmirlər. Alimlərsə bir-birinin hansı yolla yüksəldiklərini bilirlər.

“Onun elmi işini filankəs yazıb” deyə bir-birinə xəbər verirlər.
Dəhşətlisi odur ki, özünü ziyalı adlandıran, elmi dərəcəsilə fəxr edənlərin arasında da mövhumata meyilli olanlar az deyil. Yaxından tanıdığım var, işlədiyi müəssisələri bir-bir sadalayır, elmi dərəcəsini kəlməbaşı vurğulayır, di gəl ki bütün gün cadudan danışır. Bir “…şünas” var, elə bilirdim elmli adamdır, ruhlardan, gözünə görünənlərdən danışandan, məni də buna inandırmağa çalışandan sonra gözümdən düşdü. Elmlə məşğul olan, elmi müəssisələrə rəhbərlik edən ziyalı niyə elmi qoyub cəfəng şeylərlə məşğul olsun?

Dəqiq elmlər üzrə diplomu olan da öz sahəsindən çox dinlə məşğul olur. Dini din kimi öyrənmir, ondan istifadə edib yararlanmaq istəyirlər. Mövhumat, xurafat, cahillik elmə qalib gəlir. Ya tərbiyədəndir, ya da mühitdən. “Ya da cadunun gücündən…” deməyin.
Orta məktəbi yarımçıq buraxan yaşlı sürücü var, həyata baxışında, insanlara münasibətində, düşüncədə min nəfər ali təhsilli cadugərə, rüşvətxora dəyər. O qədər işıqlı insandır, söhbətindən həyat dərsi almaq olar. Utandığından müştəriyə qiymət də deyə bilmir. Kasıblıqdan təhsil ala bilməyib, işləməyə məcbur olub. Təriflədiyiniz sovet vaxtı instituta “düzəlməyə” adamı olmayıb. Bu təhsil, diplom, ziyalı, bu da sürücü. Hansı faydalıdır?
Hər alimə kahin kimi baxmayın. Şərait yaradılır, o da alim olur.

Yorulduq “Alim olmaq asandır, adam olmaq çətin” ifadəsindən. Elə alim olub adam olmayanlardan da bezdik.
Milli Kitabxanada olanda ən çox səs-küy salan alimlər olur. Gənclər sakit keçir, sakit oxuyur, telefonla danışmırlar. Yaşlı-başlı (sözün hər manasında) elm adamları gah telefonla danışır, gah yanındakı ilə, gah stolu sürüyüb sakitliyi pozur, gah da kitabxanaçıdan sifariş verdiyi kitabı bərkdən soruşurlar. Oxu zalında ee. Oxu zalında. Kitabxanada olmayanlar bunun nə demək olduğunu bilməzlər, olanlarsa, məncə təəccüblənər, yaxud qəzəblənərlər.
Alimlərin əleyhinə kampaniya təşkil etmirəm, yuxarıda qeyd etdiyim deyimi təsdiqləyirəm. Hələ beşcə dəqiqə mədəni müzakirə edə bilməyən alimlər də var.
Dünən tanınmış alim mətbuat zalında məni çərlətdi. Asqırıb-öskürməyinə sözüm yoxdur, ola bilsin tozlu, köhnə qəzetlərdən allergiyası qalxır, buna dözür, üstəlik üzülürəm. Amma telefonda siyasətçi dostlarının çıxışına qulaq asıb oxuculara mane olması dözüləsi deyil. Dindirsək, diplomlarını, plagiat məqalələrini gözümüzə soxub elmə verdiyi töhfədən danışar.
Kitabxanada anladım ki, alimin də “növləri” olur.

Bənzər yazılar