PLATON DAYI

Biz onunla səhərdən axşama qədər meşədə quzu otarardıq. Babamız yaşında olmağına rəğmən, öz tay-tuşları ilə deyil, məhz nəvəsi yaşda olan uşaqlarla ünsiyyət qurmağa, onlarla oturub-durmağa üstünlük verirdi, hətta onlarla oyun oynamaqdan da çəkinmirdi.

O, Böyük Vətən müharibəsində iştirak etmişdi. İştirak etmək deyəndə müharibənin elə ilk aylarındaca almanlara əsir düşmüşdü. Özünün dediyinə görə, bütün müharibəni əsir düşərgələrində keçirmişdi, həm itin zülmünü görmüşdü, həm də kef çəkmişdi. Diribaş olduğu üçün almanlar onu kartof anbarına nəzarətçi təyin etmişdilər, canı ağır və işgəncəli işlərdən qurtarmışdı. Xatırlayırdı ki, ilk vaxtlar əsir düşəndə almanlar yəhudi və rus millətindən olduqlarını hesab etdikləri sovet əsgərlərini cərgədən çıxarıb sorğusuz-sualsız güllələyirdilər. Bunun da saçı sarı, gözləri də göy olduğundan onu rusa bənzədib güllələmək istəyiblər. Bu yazıq nə qədər yalvarıb desə də ki, rus deyil, azərbaycanlıdır, ona inanmayıblar. İçlərindən biri ona kəlmeyi-şəhadətini söyləməyi əmr edib. Tək bircə cümləsi – “Əşhədü inna la ilahə illallah” uşaq vaxtlarından yadında qaldığından və onun da birinci sözünü deyəndən sonra o, güllələnmədən xilas olmuşdu.

Özünün dediyinə görə, başında qəlpə var. Həkimlər deyiblər ki, onu çıxarsalar, ölər.

Arada cox qəribə hərəkətləri olurdu. Uşaq kimi hönkür-hönkür ağlayır, ardınca qəhqəhə çəkə-çəkə bizi qovurdu. Əvvəlcə onun bu “tutmasını” çox təəccüb və qorxu ilə qarşılardıq. Lakin sonralar buna öyrəşdik, ağlamağına sakitcə tamaşa edərdik, heç kim gülməzdi. Amma bir ayağımız da startda idi, bilirdik ki, ağlama prosesi bitdikdən sonra qovalama prosesi başlayacaq. Biz buna bir növ alışmışdıq və o bizi qovduqca meşənin içərilərinə doğru qaçır, bəzən də ağaca dırmaşardıq. Təbii ki, heç birimizi yaxalaya bilmirdi.

Bir dənə də medalı yox idi, hətta Qələbə günü tədbirlərinə onu dəvət etmirdilər.

Kənddə hamı onu Platon dayı çağırırdı ki, bu da biz uşaqlara çox qəribə gəlirdi. Özündən adının mənasını soruşanda üzündə qəribə bir təbəssüm peyda olurdu və baxışlarını bizdən yayındırmağa çalışırdı.

Həm də bizə qəribə gələn o idi ki, bu kişinin biz yaşda nəvələri ola-ola, məhz onu quzu otarmağa göndərirlər. İki oğlu vardı, ədəbazlıqlarından və hikkələrindən yerə-göyə sığmırdılar. Sonralar öyrəndik ki, gəlinləri də onu yola vermirlər, hətta doyunca yemək yeməyi ona çox görürlər.

Biz günortalar quzuları ona tapşırıb evə gələrdik, yeməyimizi yeyib sonra çayda çimməyə gedərdik. Hər dəfə də ona evdən yemək, meyvə gətirərdik.

Tez-tez də bu bayatını kədərli bir səslə zümzümə edərdi:

Göydə bulud oynadı,

Gözüm səndən doymadı.

Mən səni alacaqdım,

Mərdiməzar qoymadı.

Kim bilir,”mərdiməzarın” imkan vermədiyi sevgilisi onunla quzu otaran hansı birimizinsə nənəsi idi. Amma bunun kim olduğunu Platon dayı bizə deməzdi. Hətta fikirləşirdik ki,o mərdiməzar kimdisə, elə bu kənddə yaşayır, onun hətta Platon dayının sevgilisinin əri olduğunu da düşünürdük. Fəqət hər şey bizim düşündüyümüzün əksinə imiş, sən demə..

Bir gün kənddə belə bir xəbər yayıldı ki, Platon dayının macar qızından olan bir qız övladı da varmış. İllər keçdikdən sonra əsl övladlıq vəzifəsini yerinə yetirərək atasının axtarışına çıxıbmış…Hətta xəbər də yayllmışdı ki, Platon dayının qızı kəndə gələcək və biz də qəribə maraqla onun yolunu gözləyirdik. Ancaq o gəlmədi və bizim heç vaxt Platon dayının bu eşq macərasından xəbərimiz olmadı, bu sevginin tarixçəsini öyrənmək bizə qismət olmadı. Özü də bu barədə heç nə demədi.

Üzü çox vaxt tüklü olurdu, şalvarının arxa tərəfi və dizləri yamaqlı olurdu. Köynəyinin boyunluğu isə kirdən qartmaq bağlamışdı, pencəyinin qoltuqları sökük idi. Onun bu geyiminə baxanda dərslikdə şəklini gördüyüm M.Qorkinin “Arxip baba və Lyonka”əsərindəki Arxip baba gözlərimin önünə gəlirdi. Bu əsəri çox sevirdim və dəfələrlə mütal iə etmişdim.Hardasa ürəyimdən Platon dayı ilə birlikdə bu insanlardan uzaqlaşıb bizi tanımadıqları yerdə dilənçilik etmək istəyirdim. Bu adama məhəbbətim və rəğbətim elə hüdudsuz idi ki, özümü də ata-anam olmasına rəğmən Lyonkaya bənzədirdim. Çünki,insanlar onu ələ salırdılar, lağa qoyub söz atırdılar. Hətta öz tay-tuşları belə ona zərrəcə ehtiram göstərmirdilər. Mənə maraqlı gəlirdi ki, halbuki kəndçimiz və Süleyman Qaşimoviç deyilən, nazir müavini olan adamın atası Həşim kişi bir gecə toy mağarına tumançaq gələndə, uşaqlar xaric, heç kim ona gülmədi.

Bir gün günorta üstü ayaqlarımı çaya sallaylb qəribə ləzzətlə suda şappıldadırdım. Qəfildən müvazinətimi itirib çayın su burulan hissəsinin tən ortasına düşdüm. Su məni dibə çəkirdi, çabalamaqdan artıq heyim qalmamışdı, ağzıma yavaş-yavaş su dolurdu. Bax onda Platon dayı özünü paltarlı-paltarlı suya atıb həyatımı xilas etmişdi. Məni sahilə çıxaranda başı daşa toxunub yaralanmışdı, qan üzüaşağı şoralanıb gedirdi. Demək, mən ona ömürlük bir həyat borclu qalmışdım. Uşaq olduğumdan bunu hələ o qədər də dərk eləmirdim. Uşaqlardan biri tez maykasını cırıb onun başını sarıdı, ancaq …

Ali məktəb tələbəsi idim. Platon dayıdan nə vaxtdır, xəbər tutmurdum. Tətil müddəti kənddə olarkən, onun el arasında “Maştağa dəlixanası” deyilən psixoloji dispanserdə müalicə aldığını eşitdim. Əlimin içi kimi bilirdim ki, onu ora başlarından eləmək üçün zorla aparıb yatızdırmışdılar. Bu xəbəri eşidəndən sonra özümə yer tapa bilmirdim… Ancaq əlimdən nə gəlirdi ki…

Onu mütləq gedib görməliydim, yoxsa ürəyim partlayardı. Sanki özümü onun qarşısında günahkar hiss edirdim, elə bil onun bu cür alçaldılmasına baiskar mən idim…

Nəhayət, Bakıya qayıtdıqdan sonra bir az mer-meyvə alıb xəstəxanaya getdim. Əflatun Mürsəlov adlı bir xəstənin həmkəndlisi olduğumu və onu görmək istədiyimi bildirdim. Ürəyim həyəcandan az qala yerindən çıxırdı, həm də şübhələr içimi yeyib-dağıdırdı. Bəlkə, Platon dayının psixi durumu, doğrudan da, kritik durumda olub ki, onu təcili bura yerləşdiriblər? Bəlkə, o, həqiqətən də, ətrafdakılara zərər yetirirmiş? Bütün bunları düşünə-düşünə xəstəxananın həyətində bir skamyada əyləşib onun yolunu gözləyirdim.

Uzaqdan gombul, ağ xalatı zorla əyninə pərçim olunmuş bir tibb bacısı qışqıra-qışqıra bir adamın qolundan tutub itələyə-itələyə mənə sarı gətirirdi. O idi: Platon dayı!! Necə də zavallı durumda idi, sanki o piy tuluğu tibb bacısının danlaq və tənələrinin qarşısında xəcalətdən əriyirdi. Məni görən kimi bir neçə dəqiqə maddım-maddım üzümə baxdı, bir kəlmə də söyləmədi. Gözləri doldu, bir neçə damcı sifətinin tükünə qarışdı. Qəfil boynuma sarılıb hönkür-hönkür ağlamağa başladı. Mən də kövrəlmişdim, dodaqlarım səyriyirdi, içimi çəkə-çəkə qalmışdım. Gombul tibb bacısı məəttəl qalmışdı:

-Sən bunun nəyisən?

-Kəndçisiyəm.

-Bunun dalınca beş aydır, gələn yoxdu.

-Bu adam dəli deyil.

Gombules sinəsi atlana-atlana elə qəh-qəhə çəkdi ki, az qala əyninə zorla pərçim elədiyi xalatı carr eləyib cırılacaqdı.

-Bəs niyə bütün günü öz-özünə danışır, gah gülür,gah ağlayır?

Deməyə söz tapmırdım. Axı necə deyim ki, onu “ağıllı” insanlar bu kökə salıblar. Onsuz da bu piy dağarı başa düşməyəcəkdi.

– İncəvara, heç kimə xətəri dəymir, bir-iki dürtmə, bir-iki çimdiklə ,ya da üstünə qışqırmaqla quzuya dönür.

Bunu deyib ağzındakı titandan düzəltdirdiyi dişlərini göstərə-göstərə qaqqanaq çəkdi.

– Dalınca da gəlib-gedəni yoxdur, elə bil başlarından eləyiblər. Yaxşı, sən bununla nə söhbət edəcəksən, bu ki heç kimlə danışmır.

– Get, öz işinlə məşğul ol.

Gombul üzümə tərs-tərs baxıb yanımızdan çəkildi və həyətdə oturan bir neçə xəstənin üstünə qışqırmağa davam etdi. Bunun vəzifəsi sanki bu zavallı insanların üstünə qışqırmaq, onları dürtmələmək, çimdikləmək, yeri gələndə sillələməkdən ibarət idi.

Platon dayı heç nə danışmırdı, nə qədər söhbətə tutsam da, mənimlə bir kəlmə də kəsmirdi. Gətirdiyim meyvələrdən çıxarıb ona elə buradaca yedirmək istəyirdim, ancaq üzünü o yana çevirirdi. Bir ara meyvə torbasını götürüb həyətdə oturan xəstələrə meyvə paylamağa başladı və yenidən gəlib yanımda otirdu. Əyin-başı kir-pas içində idi, köynəyinin yaxalığı qartmaq bağlamışdı. Sanki günlərlə bədəni su üzü görmürdü, çox pis qoxu gəlirdi ondan.

Gombulu bir kənara çəkib xalatının cibinə bir qırmızı onluq qoydum və xahiş etdim ki, zorla da olsa, onu çimizdirsin, paltarlarını yusun. And içdim ki, hər həftə Platon dayı ilə görüşməyə gələndə ona  “hörmət edəcəm”. Hətta qaldığım yataqxananın telefon nömrəsini də ona verdim və fövqəladə bir şey olacağı təqdirdə məni aramasını xahiş etdim.

– Yenə gələcəm, eşitdinmi?

– ……

Üzündən öpüb ayrılanda yenə də gözlərindən süzülən damlaların saqqalına süzüldüyünü gördüm.

Aradan heç iki gün keçməmişdi, məni təcili telefona çağırdılar. Həmin tibb bacısı idi, Platon dayının öldüyünü xəbər verdi və oğlu ilə əlaqə yarada bilmədiklərini bildirdi. Axşamdan yatıb sabah durmamışdı, infarkt keçirmişdi. Sarsılmadım, elə bil bu xəbəri çoxdan gözləyirdim. Əslində, Platon dayını laqeydlik və vəfasızlıq öldürmüşdü. Yaşı da çox idi, lakin o bir xəstəxana küncündə ölməyə layiq deyildi. Öğlanlarının, gəlinlərinin, nəvələrinin, bir sözlə, özünü “ağıllı” hesab edənlərin əhatəsində ölməli idi.

Maşın tutub meyiti kəndə apardım. Böyük oğlunun həyətində gəlinləri üz-gözünü cırıb ağı deyir, oğlanları isə hönkürtü ilə ağlayırdılar. Camaatın üzünə bir kədər hopmuşdu, onun haqqında xatirələr danışır, qəhərlənirdilər. Mən isə heç yasa da getmədim.  Ürəyimdə fikirləşirdim ki, kaş molla üzünü camaata tutub: “Haqqınızı halal edirsinizmi?” – deyəndə  Platon dayı dirilib: “Mən haqqımı sizlərə halal etmirəm” – deyəydi və təzədən öləydi.

Zamin Təhməzov

Bakı şəhəri, Sabunçu rayonu, 295 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

 

Bənzər yazılar