Bu gün mən o müəllimlərdən danışmaq istəyirəm. Yarıac, yarıtox, şagirdləri ilə eyni şəraitdə yaşayan müəllimlərdən. Vaqonlarda, məktəb koridorlarında, kitabxana otaqlarının künclərində özünə “məktəb” qurdun. Özünlə bərabər məktəblərin də dəhşətli, ağrılı-acılı köçkünlük həyatı yaşadı, düz 30 il. Şagirdlərin vaqonlarda, 2 nəfər üçün nəzərdə tutulmuş darısqal yataqxana, sanatoriya , məktəb koridorlarında böyüdü.

Hər gün bir yerdən başqa yerə daşındın. Oxuduğun yerin adı “Məktəb” olsa da, ən adi məktəb oturacağı, yazı taxtası, rahat istiliyi belə yox idi. Müşənbə qatı ilə bir-birindən aralanmış “otaq”ların hərəsi bir “sinif” idi. Soyuqdan göyərmiş barmaqları isitməyə isti nəfəsin belə yetmirdi, Heç nəyin yox idi. Nimdaş palto, papaqla, qalın yun şalla başlarını örtüb oturan müəllim və şagirdlərin qulaqlarını soyuq otaqların yelçəkənlərindən dolan külək təkcə üşütmürdü, həm də qulaqbatırıcı, caqqal ulartısına oxşar vıyıltısə ilə adamları vahiməyə salırdı.

Qaranlıq , işıqsız, istiliksiz otaqları sənin nəfəsin, aydın ziyan işıqlandırırdı, əziz müəllim. Baxmayaraq ki, özün çırpınırdın sonu görünməyən cavabsız sualların məngənəsində, mərhumiyyətlər, yoxluqlar içərisində. Amma sən bir dəfə də olsun, bunu sənə dikilmiş, səndən ümud, işıq alan şagirdlərinə sezdirmədin, bildirmədin. Gələcəyə ümidli gənclər yeyişdirmək üçün ürəyindəki nisgili, qübarı amansızcasına boğdun, əzdın, boy atmağına, böyüməsinə aman vermədin, Azərbaycan müəllimi. Bu günkü qələbədə, böyük Zəfərdə sənin də payın var, peşəsini ləyaqətlə şırəflə vicdanla yerinə yetirən, Azərbaycan müəllimi. Sən Vətən dərsi keçdin şagirdlərinə. Mərdlik, fədakarlıq dərsi keçdin. Təkcə elm öyrətmədin. Fənnindən yaxşı oxumayanlar oldusa da, keçdiyin Vətənpərvərlik dərsində “2” alanın olmadı, Azərbaycan müəllimi.

44 günlük müharibədə qazanılmış qələbədə sənin də payın var, həm cisminlə, həm yetirdiyin şagirdlərinlə, Azərbaycan müəllimi. Azərbaycan əsgərini sınıq partalarda, təbaşiri-silgisi olmayan sanatoriya, kitabxana künclərində təşkil olunmuş məktəblərdə dərs deyən, bir an belə olsun, Qələbəyə inamını itirməyən, bu inamı şagirdlərinə ötürən, Azərbaycan müəllimi. Şan-şərəfli Azərbaycan əsgərini yetişdirən müəllim. Sənin də payın var bu Qələbədə. Ali Baş Komandanın ətrafında bir Yumruq kimi sıxlaşan, bərkiyən, uşaqdan böyüyə hamının payı var – bütün xalqın payı var bu Zəfərdə. 44 güñdə bütün xalqın ürəyi Azərbaycan əsgəri ilə, bir vurdu, bir döyündü. Həmin günlərdə hamı Əsgər oldu. Bayraq həm qürur, həm kədərimiz oldu. Bir yandan işğal olunmuş torpaqlara sancılan bayraqlara baxıb qürur duyduq, gözlərimiz sevinc yaşları ilə doldu, bir yandan da üstümüzə qayıdan bayrağa bürünmüş tabutlara baxıb kıdərləndik, gözlərimiz qəm yaşları ilə doldu. Səni belə qazanmışıq müqəddəs Zəfərimiz. Sən beləcə yarandın, beləcə bərkidin, Azərbaycan Ordusu. Günün mübarək.

Əzəmətli Silahlı Qüvvələrimiz! Günün mübarək hər nəfərinin ürəyində özü ilə bərabər bir şəhidin də ürəyi döyünən Azərbaycan əsgəri!

Sizi unutmadıq torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmanlıq göstərərək şəhid olan müəllimlərimiz:

Vüqar Vəliyev, Famil Əhmədzadə, Rəşad Məmmədov, Elvin İmaməliyev, Etiram Hüseynli, Qoşqar Ömərov, Vidadi İsrafilov, Elxan Rzayev, Xalid Nəciyev, Elgün Quliyev, Tural Rəhimov, Rəvan Lətifov, Əvdil Quliyev, Rabil İsmayılov, Emil Qurbanov və Kənan Müzəffərlidir.

Gününüz mübarək!

Ağdam 38 nömrəli məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçısı Gülyaz Əliyeva.

Bənzər yazılar