Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Böyük Britaniyanın Vorvik Universiteti ilə birgə bərpaolunan enerji mənbələri ixtisası üzrə ikili diplom proqramının təqdimatı keçirilib.

Bu barədə Mektebgushesi.az -a universitetdən məlumat verilib.

Tədbirdə çıxış edən ADNSU-nun rektoru professor Mustafa Babanlı QS dünya universitetləri reytinq cədvəlində 64/67-ci yerdə olan Vorvik Universiteti ilə birgə reallaşdırılan ikili diplom proqramının əhəmiyyətindən danışıb. Rektor bu unikal proqramın bərpaolunan enerji istiqaməti üzrə keyfiyyətli təhsilin təşkilinə, bu sahədə mütəxəssislərin hazırlanmasına, müasir texnologiyaların tətbiqi ilə innovativ həllərin işlənməsinə, həmçinin mühəndislik layihələrinin optimal idarə edilməsinə mühüm töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli çıxış edərək 2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı çərçivəsində həyata keçirilən ikili diplom proqramının Azərbaycanın ali təhsil məkanında xüsusi əhəmiyyət kəsb etdiyini deyib. Bərpaolunan enerji istiqaməti üzrə strategiyaların işlənib-hazırlanmasının bütün dünyanın, o cümlədən ölkəmizin gündəmində duran prioritet istiqamətlərindən biri olduğunu qeyd edən N.Məmmədli bu baxımdan proqramın Azərbaycan universitetlərinin dünyada nüfuzunun artmasına müsbət təsir edəcəyini vurğulayıb.

Sonra ADNSU-nun İkili diplom proqramının direktoru Rafiq Əliyev Dövlət Proqramı çərçivəsində təşkil olunan bərpaolunan enerji mənbələri ixtisası üzrə ikili diplom proqramının məqsədi, müraciət və qəbul şərtlərindən bəhs edən videotəqdimatla çıxış edib. Bildirilib ki, bu unikal proqram tələbələri müstəsna öyrənmə təcrübəsi ilə təmin etmək üçün hər iki ali təhsil müəssisəsinin təcrübəsini birləşdirir. Proqram “Warwick Manufacturing Group” (WMG) tərəfindən həyata keçirilən səkkiz modul və layihə nəticəsində Vorvik Universitetinin və ADNSU-nun magistr dərəcəsini qazanmaq üçün əhatəli tədris planı təklif edir.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Bənzər yazılar