Son illər ölkəmizdə ən çox diqqət mərkəzində olan əsas istiqamətlərdən biri təhsilin inkişafı, müasir dövrün tələblərinə uyğun yeni yanaşmaların təhsil və tədris prosesinə tətbiq edilməsi, eyni zamanda elmi tədqiqat sahələrinin genişləndirilməsidir. Xüsusilə ali təhsilin dünyəvi təhsilə inteqrasıya olunması, bu təhsil pilləsində beynəlxalq təcrübənin geniş tətbiqi, bu istiqamətdə qəbul olunan Sərəncam və Fərmanlar ölkə təhsilinin beynəlxalq səviyyədə inkişafı üçün yeni-yeni imkanlar yaradıb.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi alin təhsildə yeni bir mərhələnin başlanğıcı oldu. Bu Dövlət Proqramı çərçivəsində ölkəmizin bərpa olunan enerji mənbələri sahəsində müasir kompetensiyalara malik insan resurslarına olan ehtiyacının təmin olunması, həmçinin Azərbaycan Respublikası vətəndaşlarına aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılması məqsədilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə İngiltərənin Vorvik Universiteti (VU) arasında “Bərpa olunan enerji mənbələri” ixtisası üzrə magistratura səviyyəsində ikili diplom proqramının başlanmasına qərar verilmişdir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamına əsasən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində Azərbaycanı rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanına çevirmək üçün XXI əsrin tələblərinə uyğun təhsilə nail olmaq, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış və ölkəmizi yaşıl enerji məkanına çevirmək ümdə hədəflərdəndir. Sözügedən tədris proqramı həm Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, həm də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bu sahənin müvafiq mütəxəssislərinin tövsiyələri əsasında Vorvik Universitetinin təcrübə və imkanlarından istifadə etməklə ölkəmizə və vətəndaşlarımıza yuxarıdakı əsas strateji istiqamətlər çərçivəsində töhfə vermək üçün tərtib olunub. İkili diplom proqramının əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq ölkəmizdə bərpa olunan enerji sahəsində yeni nəsil mütəxəssislərin yetişdirilməsidir. Başqa sözlə, İngiltərəyə getmədən İngiltərə təhsilini ölkəmizə gətirən bu ikili diplom proqramının əsas fəaliyyət istiqamətləri Vorvik Universiteti ilə əməkdaşlığımız vasitəsilə bərpa olunan enerji texnologiyalarından istifadə üzrə ixtisaslaşmış milli mütəxəssislərin hazırlanması üçün dayanıqlı tədris mühitinin yaradılmasına yönəlib. Qeyd etmək lazımdır ki, Vorvik Universiteti 2024 QS reytinq sisteminə əsasən dünyada 67-ci yerdədir.

Fəaliyyəti tamamilə dövlət hesabına təmin ediləcək bu proqram çərçivəsində tələbələr həm əcnəbi, həm də yerli professor-müəllim heyəti tərəfindən ölkə daxilində təşkil ediləcək dərslərdə, həmçinin əcnəbi professor-müəllim heyəti tərəfindən İngiltərədə təşkil ediləcək 4 həftəlik dərslərdə iştirak edərək bu sahədə kompetensiyalara yiyələnəcəklər. Sözügedən ikili diplom proqramı Böyük Britaniyada günəş fermaları və külək turbinlərinin istismarı zonaları da daxil olmaqla, aparıcı bərpa olunan enerji sahələrinə, həmçinin sahə ilə əlaqəli şirkətlərə baş çəkmək üçün misilsiz fürsət təqdim edir. Səyahət və viza xərcləri daxil olmaqla səfər xərcləri, həmçinin, qalma və qidalanma da daxil bütün əlaqədar xərclər Dövlət Proqramı qaydalarına əsasən tam şəkildə ödəniləcək. İlkin mərhələdə 48 tələbənin “Bərpa olunan enerji mənbələri” ixtisası üzrə hər iki ali təhsil müəssisəsinin (ATM) diplomuna yiyələnmələri nəzərdə tutulub.

İkili diplom proqramı çərçivəsində Vorvik Universiteti tərəfindən təqdim olunan səkkiz və ADNSU tərəfindən təqdim olunan altı fənn blokundan ibarət hərtərəfli tədris planı təklif edir. Sözügedən təhsil proqramı üçün tədrisə cəlb edilən dünya səviyyəli professor-müəllim heyəti tələbələrin sürətlə inkişaf edən sektorda rəqabət üstünlüyü qazanmaları, həmçinin ölkəmizin karbonsuz təmiz enerjiyə keçidində açar rol oynamaları üçün lazım olan bilik və bacarıqlara yiyələnmələrini təmin edəcək.

Aparılmış araşdırmalara əsasən ölkəmizin bərpa olunan enerji potensialı ümumilikdə 27 QVt həcmində dəyərləndirilir ki, bunun da böyük bir hissəsi külək və günəş enerjisinin payına düşür. Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilər də bərpa olunan enerji mənbələri ilə olduqca zəngindir və bu ərazilərin yerləşdiyi əlverişli coğrafi mövqe bu potensialdan kifayət qədər istifadə etməyə şərait yaradır. Bu sahədə ölkəmizdə 10-a yaxın beynəlxalq şirkət fəaliyyət göstərir. Buna misal kimi bərpa olunan enerji mənbələri istiqamətində Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti, Böyük Britaniyanın “BP” şirkəti, Birləşmiş Ərəb Əmirliyinin “Masdar” şirkəti (Azərbaycan tarixində ilk dəfə bu səpgidə ən böyük investisiya layihəsi bu şirkətlə həyata keçirilib), Avstraliyanın “Fortescue Future Industries” şirkətləri ilə əməkdaşlıqları göstərmək olar. Bundan əlavə, ölkə Prezidentinin tapşırığına əsasən işğaldan azad edilmiş ərazilərdə “Yaşıl enerji” zonası yaradılması nəzərdə tutulub. Bununla əlaqədar olaraq, 6 may 2021-ci ildə Energetika Nazirliyi ilə Yaponiyanın TEPSCO şirkəti arasında imzalanmış müqavilənin icrası çərçivəsində “Yaşıl Enerji Zonası” Konsepsiya layihəsi hazırlanıb və hökumətə təqdim edilib.

Beləliklə, bərpa olunan enerji mənbələri istiqaməti üzrə keyfiyyətli təhsilin təşkili bu sahədə mütəxəssislərin hazırlanmasına, müasir texnologiyaların tətbiqi ilə innovativ həllərin işlənməsinə, həmçinin mühəndislik layihələrinin optimal idarə edilməsi üçün möhkəm zəmin formalaşdırılmasına xidmət edir. Bunun sayəsində yerli mütəxəssislərin yetişdirilməsi həm ölkəmizin təmiz enerjiyə keçidində, həm də Azərbaycanın enerji ixracatçısı kimi beynəlxalq aləmdə nüfuzunun genişləndirilməsində strateji əhəmiyyətə malikdir. Odur ki ADNSU-da “Bərpa olunan enerji mənbələri” ixtisası üzrə magistratura pilləsində Vorvik Universiteti ilə birgə həyata keçiriləcək olan bu unikal ikili diplom proqramı ölkə əhəmiyyətli layihələrdən biri kimi müstəsna əhəmiyyətə və rola malikdir.

İkili diplom proqramının məqsədlərini belə xülasə etmək olar:

  • Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə mühəndislik sahələrinin inkişafına və davamlı enerji mühitinə keçiddə öz töhfəsini verəcək yüksək ixtisaslı mütəxəssislərin hazırlanması.
  • Azərbaycandakı bərpa olunan enerji mühəndisliyi sənaye sahələri üzrə ən son əmək bazarı standartlarına uyğun olan kvalifikasiyalı mühəndislərin hazırlanmasının təmin edilməsi.
  • Azərbaycanın enerji sahəsində strateji yol xəritələri ilə səsləşən elmi-texnoloji tədqiqat layihələrinin işlənib hazırlanması istiqamətindəki fəaliyyətlərinin sözügedən təhsil proqramı çərçivəsində təşviq edilməsi.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Vorvik Universiteti arasındakı sözügedən Tədris Proqramına müraciət şərtləri, tələblər və digər məsələlər ilə bağlı http://asoiu.edu.az/info_main vebsaytını ziyarət edə bilərsiniz. Bundan sonra yarana biləcək əlavə suallarla bağlı info.warwick@asoiu.edu.az epoçt ünvanına email göndərə bilərsiniz.

Bənzər yazılar