İyulun 4-də Azərbaycan Dillər Universitetində 2022/2023-cü tədris ilində bakalavriat və magistratura səviyyələrində təhsillərini başa vuran tələbələrin “Məzun günü” keçirildi.

“Məzun günü”ndə millət vəkilləri, universitetin professor-müəllim heyəti, ictimaiyyət nümayəndələri, müxtəlif dövlət qurumlarının əməkdaşları, səfirlər və diplomatlar iştirak edirdilər. Tələbələrin üzlərində təbəssüm, qəlblərində sevinc, gözlərində isə ümid var idi. Bu ümid gələcəyə olan inamın ifadəsi idi həm də. Axı ADU bir çox tələbənin məzun olmaq istədiyi ali təhsil müəssisələrindən biridir. Son illər universitetdə görülən işlər, elmi fəaliyyətlər, beynəlxalq əlaqələr və bu proseslərin məntiqi yekunu olaraq Beynəlxalq QS reytinq cədvəlində 1500 universitet arasında 300-cü yeri tutması ADU-nun növbəti uğurlarının carçısı oldu.

“Məzun günü”ndə iştirak edən qonaqlar da sanki yeni həyata başlayır, məzunlarla birgə həyacan keçirirdilər. Bu həyacan yeni başlanğıcın mübarək əhvalına maraqlı bir görüntü bəxş edirdi. Sanki məzunlar həm də bir az kövrək, bir az da duyğusal olmuşdular. Axı onlar doğma universitetlərindən ayrılır, sevimli müəllimləri ilə vidalaşırdılar…

Bütün tədbir boyu tələbələrlə birgə hiss və həyacanını gizlədə bilməyən ADU-nun rektoru, akademik Kamal Abdulla məzunlara gələcək həyatlarında bir müəllim kimi, bir valideyn kimi, bir ziyalı kimi öz ürək sözlərini bildirdi. Bu bir uğur təntənəsinin ilk işartıları idi…

Tədbirdə çıxış edən səfirlər də öz təbriklərini, arzularını və təəssüratlarını bölüşdülər. Bu təbriklərin, arzuların, təəssüratların fonunda məzunlar bir az da ürəkləndi…

Məzun günündə iştirak edən qonaqların fikirlərini təqdim edirik:

 

Kuba Xarici İşlər Nazirinin müavini Xerardo Penyalvel Portalş:

Azərbaycan Dillər Universiteti ölkənin ən prestijli, ən yaxşı universitetlərindəndir. Universitetin dünya reytinq cədvəlində layiqli yer tutmağından xəbərdaram. “Məzun günü”nə dəvətə görə çox təşəkkür edirəm. Bu gün burada olmaq mənə böyük fəxrdir. Əminəm ki, belə universitetin məzunları olan tələbələr istər dövlət, istərsə də özəl müəssisə və təşkilatlarda uğurla çalışacaq, karyera qura biləcəklər. Azərbaycan Dillər Universitetindəki çox peşəkar komanda, müəllim-professor heyəti onları heç şübhəsiz ki, layiqincə müstəqil həyata hazırlaya bilib. Mən rektor Kamal Abdulla ilə, prorektorlarla söhbətləşdim, onların necə peşəkar, işini sevən olduğuna şahid oldum. Rektor Azərbaycanı sevən, onun rifahı üçün canı-dildən çalışan bir ziyalıdır.

Dediyim kimi bu gün bura dəvət almaq mənə şərəfdir. Həm də bir faktı qeyd edim: Azərbaycan Dillər Universitetində bu gün 20-dən artıq dil öyrənən məzunlar var. Təsiredicidir! Bunların arasında İspan dilinin də olması bizim üçün çox önəmlidir. Çünki Azərbaycanla Latın Amerikası arasında, xüsusən də Kuba arasında münasibətlərin daha da yaxşılaşması üçün azərbaycanlı tələbələrin bu dili öyrənməsi önəmlidir. Həm də istərdim, Kubada tələbələr Azərbaycan dilini öyrənsinlər. Belə olarsa, biz iki ölkə, iki cəmiyyət arasında körpülər yarada bilərik. Bir daha bu möhtəşəm “Məzun günü” tədbirinə görə çox sağ olun”.

 

Rumıniyanın müvəqqəti işlər vəkili doktor Qabriela Pleşa:

“Bu il Azərbaycan Dillər Universitetindən məzun olan hər kəsi təbrik edirəm. Açığı, bilmirdim ki, bu universitetdə 20-dən artıq dil tədris edilir. Bu özlüyündə qürurvericidir. Rumın mərkəzinin fəaliyyət göstərməsi, rumın dilinin tədrisi isə səfirliyimizlə universitetiniz arasında sıx əlaqələri qaçılmaz edir. Bir daha məzunları təbrik edir, onlara gələcək müstəqil həyatlarında uğurlar arzu edirəm”.

Macarıstanın Azərbaycandakı səfiri Tomaş Torma:

“Dəvət üçün çox təşəkkür edirəm. Bu gün öyrəndim ki, Azərbaycan Dillər universitetində 20-dən artıq dil və mədəniyyət öyrənilir. Bu təsiredici faktdır. Bu dillərin arasında Macar dilinin də olması bizim üçün çox vacib, önəmli faktordur. Çünki Azərbaycan Macarıstan münasibətləri çox dinamik şəkildə inkişaf edir, universitetiniz də bu münasibətə uğurlu töhfəsini verir. Tarixə nəzər salsaq, Azərbaycanla Macarıstan münasibətlərinin hər zaman yüksək səviyyədə olduğunu görə bilərik. Amma son dövrlər bu münasibtlər daha da dinamik xətlə inkşaf edir. Düşünürəm ki, burada macar dilini və mədəniyyətini tədris edən ADU-nun rolu böyükdür.

Bu gün mən Azərbaycan Dillər Universitetinin “Məzun günü”nə qatıldım. Çox gözəl bir mərasim təşkil edilmişdi. Başqa səfirlərlə bir araya gəlmək də gözəl duyğu idi. Bu, Azərbaycanda qatıldığım ilk Məzun günü idi. Çox gözəl təəssüratlarla ayrılıram. Bütün məzunları təbrik edir, uğurlar arzu edirəm”.

 

Fransanın ölkəmizdəki səfiri Anna Boillon:

“Azərbaycan Dillər Universiteti ilə Fransa universitetləri arasında çox uğurlu qarşılıqlı əlaqələr mövcuddur. Deyə bilərəm ki, ADU həm Strasburq, həm də Ruan universiteti üçün özünü etibarlı beynəlxalq tərəfdaş kimi göstərir. Səfirlik olaraq da ADU ilə əməkdaşlığımızdan, birgə layihələrimizdən məmnunuq və ümid edirik ki, gələcəkdə daha da çox layihələrdə birlikdə olacağıq.

Bu gün burda olmaq, yüksək səviyyəli tədbirdə iştirak etmək çox xoşuma gəldi, hər dəqiqəsindən həzz aldım. Əminəm ki, ADU tələbələrə müstəqil həyatda uğurlu olmaq üçün lazım olan bütün bilik və bacarıqları ötürüb. Onlar uğurlu Azərbaycan üçün çalışmağa hazırdır. Gənclərlə birlikdə olmaqdan çoxlu müsbət enerji aldım. Hər birini təbrik edirəm”.

 

Rusiyanın müvəqqəti işlər vəkili Pavel Kuznetsov:

“Çox təşəkkür edirəm. Çox yüksək səviyyəli bir tədbir təşkil edilib. Çox yaxşı keçdi. Çoxlu mötəbər xarici qonağınız da vardı. Məzunlara isə uğurlu həyat və bütün həfədlərinə çatmağı arzulayıram. Azərbaycan Dillər Universiteti doğrudan da əsl peşəkarlar tərəfindən idarə edilir. Bunu hər addımda görmək olur. Rus dili ixtisası üzrə təhsil alanlar isə ümid edirəm ki, gələcəkdə hər iki ölkənin rifahı naminə yaxşı çalışacaqlar”.

 

Millət vəkili Etibar Əliyev:

“Bu gün çöx gözəl bir gündür. Bu gün həm də gənclərimizin yeni həyata başlanğıcının əsası qoyulur. Azərbaycan Dillər Universiteti son illər bir çox uğurlu layihələrə, elmi əməkdaşlıq və beynəlxalq əlaqələrin qurulması baxımından bir çox vacib işlərə imza atıb. Universitetdə islahatlar düzgün şəkildə aparılır. ADU-nun bu yaxınlarda dünyanın ən məşhur beynəlxalq təhsil reytinqlərindən biri olan QS reytinqində yer tutması böyük uğurdur. Mən həm də tələbələrə yaradılan şəraitlə bağlı bir sıra məsələləri qeyd etmək istəyirəm. ADU-da çox maraqlı bir layihə var. Bu layihə tələbələrin aldığı kitabın pulunu universitet tərəfindən ödənilməsini qarşılayır. Bu da hər bir tələbənin öz kitabxana fondunun yaradılması üçün çox əlverişli bir imkanın yaradılması deməkdir. Kamal müəllim, kitaba olan marağı həm də bu minvalla tələbələrə aşılamış olur. Əziz məzunlar, yolunuz açıq olsun. Gələcək həyatınızda sizə uğurlar!”.

 

Millət vəkili Sevinc Fətəliyeva:

“Əziz məzunlar! Əziz müəllimlər! Bu gün sizin həyatınızda çox önəmli bir gündür. Bu gün sizin həyatınızda yeni bir səhifə açılır. İnanıram ki,  bu səhifə sizin dogma universitetinizdə almış olduğunuz bilik və bacarıqların, müəllimlərinizin zəhməti heabına əldə etdiyiniz savadın nəticəsi olaraq  uğurlu olacaq. Müəllimlərinizi heç vaxt unutmayın. Onları daima yad edin. Sizə yeni həyatınızda uğurlar  arzu edirəm. Yolunuz açıq olsun, əziz məzunlar!”.

 

Bənzər yazılar