Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial  İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən reallaşdırılan “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində “100 illiyin gələcəyi” adlı tədbir keçirilib. “BP Azərbaycan” şirkətinin sponsorluğu və “Azərikard” MMC-nin təşkilati dəstəyi ilə keçirilən tədbir ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.

Mektebgushesi.az xəbər verir ki, bu barədə universitetdən məlumat verilib.

Tədbirdə müxtəlif dövlət qurumlarının nümayəndələri, layihə çərçivəsində Anlaşma Memorandumunu imzalamış universitetlərin rektorları, sahə üzrə peşəkar mentorlar, təlimçilər və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə I və II Tusi İnkubasiya proqramlarının startaplarının təqdimatı olub.

Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, elm və təhsil naziri Emin Əmrullayev, BP-nin Xəzər bölgəsində xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış ediblər.

Ümumilli lider Heydər Əliyevin ictimai-siyasi və dövlətçilik fəaliyyətinə dair, eləcə də sözügedən layihə çərçivəsində görülmüş işləri əks etdirən videoçarxlar nümayiş etdirilib.

Sonra mentorların ümumi inkubasiya proqramlarının yekunu olaraq formalaşdırdıqları 19 startap komandası layihələrini təqdim edib.

Münsiflər heyəti tərəfindən qiymətləndirilən Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşı Günel Məmmədlinin mentoru olduğu AzTU tələbələrinin iştirak etdiyi “ABC” komandası 1-ci yerə layiq görülüb. Qaliblərə mükafatlar təqdim olunub.

Tədbir çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevə, həmçinin BP-nin  Xəzər bölgəsində xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyliyə “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalı, innovasiya ekosisteminə dəstək olan AzTU-nun rektoru Vilayət Vəliyevə isə “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı təqdim olunub.

Sonda layihənin II Mentorluq Proqramının iştirakçılarına sertifikatlar verilib.

Bənzər yazılar