Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi Sevinc Nuriyeva Avropa Birliyi tərəfindən maliyyələşdirilən Elm və Texnologiyada Avropa Əməkdaşlığı (Europian Cooporation in Science and Technology (COST)) proqramının “Fotovoltaika üçün yeni qeyri-üzvi halkogenidlərin tədqiqi və beynəlxalq əməkdaşlıq” (CA21148) adlı layihəsi üzrə Qısamüddətli Elmi Missiya (Short-term Scientific Mission (STSM)) qrant müsabiqəsinin qalibi kimi 19-30 iyun tarixlərində Portuqaliyanın NOVA Universitetində elmi ezamiyyətdə olub. 

Universitetdən Mektebgushesi.az-a bildirilib ki, layihə əsasında Sevinc Nuriyeva tərəfindən Nanoaraşdırmalar ETL-də sintez olunan nanonaqillər və nanokompozitlər (tədqiqat mövzusu: Fotovoltaiklər üçün çoxlaylı karbon nanoboruları və mis sulfid nanonaqilləri (CN/CuS) əsasında materiallar) NOVA Universitetinin Nanostrukturlar, Nanomodelləşdirmə və Nanofabrikasiya İnstitutunun müxtəlif laboratoriyalarında tədqiq olunub, mikroskopik və spektroskopik analizlər aparılıb. Sintez edilmiş birölçülü quruluşların və nanokompozitlərin morfologiyası, strukturu və optik xassələri müxtəlif analiz üsulları ilə tədqiq edilib. Alınmış nəticələr həmin Mərkəzin elmi işçiləri ilə müzakirə olunub və gələcəkdə birgə elmi məqalələrin hazırlanaraq çap edilməsi nəzərdə tutulub. 

Sevinc Nuriyeva ezamiyyət müddətində müxtəlif tədqiqat laboratoriyaları ilə tanış olub, əməkdaşlarla maraqlı diskussiyalarda iştirak edib, həmçinin, Nanoaraşdırmalar ETL-nin elmi istiqamətləri və BDU haqqında iştirakçılara məlumat verib. 

Bənzər yazılar