İyulun 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ötən illərin məzunları ilə görüş keçirilib.

Universitetdə ənənəvi olaraq hər il keçirilən görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, prorektorlar, dövlət və ictimaiyyət nümayəndələri, ADNSU-nun keçmiş məzunları, universitetin şəhid tələbə və məzunlarının ailə üzvləri və media nümayəndələri iştirak ediblər.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı qonaqları salamlayaraq bu ali təhsil ocağının adını hər zaman uca tutduqlarına görə ötən illərin məzunlarına minnətdarlığını bildirib. Universitetdə 2022/2023-cü tədris ilinin nəticələrindən, əldə olunan nailiyyətlərdən, beynəlxalq əməkdaşlıqdan və ikili diplom proqramlarından söz açan rektor M.Babanlı bu istiqamətdə, xüsusilə də ADNSU-nun dünya reytinqlərində ön sıralarda yer alması və irəliləməsi üçün daha geniş platformada işlər görüldüyünü deyib. Rektor, professor Mustafa Babanlı tədbirdə iştirak edən ADNSU-nun məzun şəhidlərinin valideynləri ilə həmsöhbət olub, bu universitetin həm də onların doğma təhsil ocağı olduğunu bildirib.

Görüşdə çıxış edən ADNSU-nun professoru Rafiq Əliyev universitetdə ənənəvi olaraq keçirilən ötən illərin məzunları ilə görüşün əhəmiyyətini qeyd edərək məzunları öz alma-materləri ilə sıx əlaqələr qurmağa və universitetin reytinqinin yüksəldilməsinə, biznes mühiti ilə əlaqələrin inkişaf etdrilməsinə dəstəyin olmasının vacibliyini qeyd edib.

ADNSU-nun keçmiş məzunları – Millət vəkili Soltan Məmmədov, YAP Xətai Rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, gənc məzun Yusifov Rufan və digərlər qonaqlar  tələbəlik illərini, müəllimlərini yad edib xoş xatirələrini bölüşüblər. Görüşdə iştirakdan məmnun oldqularını qeyd edən məzunlar və universitetdə son dövürlər gedən inkişafı yüksək dəyərləndiriblər.

Tədbir universitetin həyətində təşkil olunmuş konsert proqramı ilə davam edib.

Qeyd edək ki, ötən illərin məzunları ilə ənənəvi görüşün başlanmasından öncə rektor, professor Mustafa Babanlı ADNSU məzunlarının idarə heyətlərini qəbul edib. Ətraflı fikir mübadiləsi aparılan görüşdə məzunlarla universitet arasındakı əlaqələrin genişləndirilməsi, konkret platformanın yaradılması məsələləri müzakirə olunub. Məzunlar doğma universitetlə bağlı təklif və istəklərini bildiriblər və doğma təhsil ocağı ilə əməkdaşlığın onlar üçün də önəmli olduğunu qeyd ediblər.

Bənzər yazılar