Lənkəran Dövlət Universiteti (LDU) tələbələrinə xoş  müjdəmiz var. 2023/2024-cü tədris ilində  oğlan tələbələr müasir tələblərə cavab verən yeni- 250 yerlik yataqxana binasından istifadə edə biləcəklər. Nəzərə alanda ki,  hazırda LDU-da paytaxt Bakı da daxil olmaqla, ölkənin bütün regionlarından 5400 tələbə təhsil alır və daha 2000 nəfərin yeni tədris ilində bu ali təhsil ocağına qəbulu gözlənilir,  onda oğlan tələbələri üçün yeni tələbə yataqxanasının istifadəyə verilməsinin necə böyük əhəmiyyət kəsb etdiyi aydın görünür.

Qeyd edək ki, yeni yataqxana binası universitetin II saylı korpusunda inşa olunub və burada  oğlan tələbələrin rahatlığı üçün hər cür şərait yaradılıb,otaqlar zəruri məişət avadanlıqları, fasiləsiz internetlə təmin olunub.Yataqxanada idman, kitabxana və oxu zalı, informatika otağı, istirahət guşəsi tələbələrin ixtiyarında olacaq.Yataqxana binasında  videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri qurulub, internet və telefon xətləri çəkilib. 5 mərtəbə, 100 otaqdan ibarət olan tələbə yataqxanasında  otaqlar 2 və 3 nəfərlik  nəzərdə tutulub və  çarpayı, soyuducu, sanitar qovşağı, fasiləsiz su, mətbəx ləvazimatları vəs.ilə təchiz edilib.

Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov oğlanlar üçün nəzərdə tutulmuş yeni tələbə yataqxanasını LDU-nun 30 illik tarixinin ürəkaçan nailiyyətlərindən biri kimi dəyərləndirərək  gələcəkdə bu işin davamlı  aparılacağını, tələbələrin sayı artıqca yeni yataqxana binalarının, kampusların inşa olunacağını deyib. Rektor LDU-nun tədris-təhsil bazasının yenilənməsini, modern tələblərə cavab verməsini son illərdə ölkə başçısı cənab İlham Əliyevin  Azərbaycanda təhsilə göstərdiyi  böyük  diqqət və qayğının bariz nümunəsi adlandırıb, Lənkəran Dövlət Universitetinə tələbə qəbulunun  təqribən 3 dəfəyə qədər artdığına diqqət çəkərək bu artan tendesiyanın tələbələrin  yataqxana  ilə təminatını önə çıxartdığını bildirib.

Xatırladaq ki, LDU-da 2019-cu ildə qızlar üçün 160 yerlik tələbə yataqxanası tikilərək istifadəyə verilmişdi.

 

 

Bənzər yazılar