Gözlərində əldə etdiyi nailiyyətin sevinci var. Seçdiyi sahəni çox sevir və ölkəsinə daha çox fayda vermək istəyir. O, Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin məzunu, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Warwick Universitetinə Polimerlər kimyası ixtisası üzrə qəbul olan Rəhimə Bağırovadır.

Məzunumuz qəbul ilə bağlı təəssürat və tövsiyələrini bizimlə bölüşüb:

–    Rəhimə, bizə özün barədə ətraflı məlumat verə bilərsənmi?

–    Bakının Nərimanov rayonunda yerləşən 82 №-li tam orta məktəbi bitirmişəm. 2019-cu ildə BDU-nun Kimya fakültəsinə ingilis bölməsi üzrə qəbul olmuşam. O zamanlar da düşünürdüm ki, Kimya ixtisası üçün Azərbaycanda təhsilimi davam etdirə biləcəyim ən yaxşı universitet BDU ola bilər. 2023-cü ildə 98,54 ortalama və fərqlənmə diplomu ilə bakalavriat təhsilimi başa vurmuşam.

–    Xaricdə təhsil almağa necə qərar verdin? Dövlət Proqramına müraciət etmək ideyası hardan yarandı?

–    Əslində proqrama müraciət etməkdə məqsədim kimya sahəsini dərindən öyrənmək və onu araşdırmaqdır. Bu məqsəqlə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının nüfuzlu Warwick Universitetinə Polimerlər kimyası ixtisası üzrə müraciət etdim. Bu ixtisas üzrə magistr pilləsini bitirdikdən sonra Azərbaycanda polimerlər kimyası istiqamətində tədqiqatlarımı davam etdirmək və təkmilləşdirmək istəyirəm.

–    BDU-da bakalavr pilləsində əldə etdiyin bilik və bacarıqlar sənə nələr qazandırdı?

–    Qeyd etdiyim kimi, tələbə olmağa hazırlaşanda seçdiyim ixtisası mənə ən yaxşı tədris edəcək universitetin məhz BDU olduğunu düşünürdüm. Elə də oldu. Dörd illik təhsil həyatımda səmimi professor-müəllim heyətimiz və auditoriyada keçirdiyim vaxtlar gözəl xatirə kimi qalacaq. Bütün bunların içərisində isə ən müsbət tərəf təhsil aldığım universitetin mənə öyrətdiyi, qazandırdığı biliklərdir. Bugünkü uğurum o illərin mənə qazandırdıqlarının nəticəsidir. Mən BDU-nu seçməklə arzularımı reallaşdıracağım yolda böyük bir məsafəni qət etdim. Sözsüz ki, burada savadlı və qayğıkeş universitet kollektivi hədəflərimə çatmaqda əvəzsiz rol oynadı. Bu proqrama qəbul ərəfəsində də, müsahibə mərhələsində də daim onların hərtərəfli dəstəyini hiss etdim. Digər tərəfdən, polimerlər kimyası mənim diplom işimin tədqiq mövzusu idi. Dövlət Proqramına hazırlıq mərhələsində də bir daha bu sahənin mənə nə qədər yaxın olduğunu gördüm.

–    Xaricdə təhsil üçün Böyük Britaniyanı seçməyinin səbəbi nədir?

–    Azərbaycanda inkişafda olan kimya sənayesində polimerlər kimyasının xüsusi önəmi var. Tədqiq etməyi düşündüyüm digər sahə isə yüksək həssaslığa malik nano-hissəciklərdir ki, bu da neft-qaz sənayesi üzrə tətbiq oluna bilər. Bunun üçün də Birləşmiş Krallığın Warwick Universitetini seçdim.

–    Qəbul xəbərini necə qarşıladın?

–    Bu universitet və ixtisas uzun müddətdir düşündüyüm universitet və ixtisas idi. Təbii ki, qəbul xəbərini alanda çox sevinmişdim, indi də sevincliyəm. Əsas da onun üçün sevinirdim ki, bu qəbulu mən Dövlət Proqramı ilə əldə etmişəm. Bu xəbər valideynlərimin də mənimlə qürur duymasına səbəb oldu. Axı mən ölkəmizi təmsil edəcəyəm.

–    Hazırda bir çox gənc sizin kimi xaricdə təhsil almaq istəyir. Onlara tövsiyələrin nələrdir?

–    Xaricdə təhsil almaq üçün dil və ixtisas bilikləri ilə yanaşı, sosial ünsiyyət və kommunikasiya bacarıqları da çox əhəmiyyətlidir. Bakalavriat səviyyəsində ingilis bölməsində təhsil almağım bu baxımdan mənə xeyli üstünlüklər qazandırdı. Məzun olanda Dövlət Proqramı üçün tələb olunan şərtləri artıq tamamlamışdım. Universitetimiz tələbələrin sosial və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi üçün davamlı layihələr həyata keçirir. Tələbələrə tövsiyəm odur ki, akademik təhsillə yanaşı, sosialyönümlü layihələrdə də iştirak etsinlər.

–    Rəhimə, ən böyük hədəfin nədir?

–    Gələcəkdə ölkəmizə faydalı kadr kimi yetişmək istəyirəm. Hədəfim Azərbaycanda polimerlər kimyası istiqamətində tədqiqatlar aparmaq və elmi nəticələri dünya ictimaiyyətinə təqdim etməkdir.

 

Nurlan Cəbrayılzadə

BDU-nun Jurnalistika fakültəsinin II kurs tələbəsi

Bənzər yazılar