Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) neft-qaz mühəndisliyi ixtisası üzrə 3-cü kurs tələbələri – Cavid Əliyev və Çingiz Əskərli avqustun 26-dan sentyabrın 1-dək ABŞ-da Kəşfiyyat Geofizikləri Cəmiyyəti (SEG) və Amerika Neft Geoloqları Assosiasiyasının (AAPG) ev sahibliyi etdiyi 2023 SEG/Chevron Tələbə Liderliyi Simpoziumu və Tətbiqi Geologiya və Enerji üzrə Beynəlxalq Konfransında (IMAGE) iştirak edəcəklər.

Bu barədə Mektebgushesi.az -a ADNSU-dan məlumat verilib.

ADNSU/UFAZ adından seçilmiş iki tələbə 24 ölkə arasında Azərbaycanı təmsil edəcək. Konfransda C.Əliyevin “Talış dağları ərazisində qrunt sularının geofiziki təsvirinin öyrənilməsi”nə həsr olunmuş Qafqaz regionunda ilk beynəlxalq geofiziki çöl düşərgəsi olan (SEG ASOIU Field Camp 2023) və SEG “Məktəblərdə Zəlzələ Maarifləndirilməsi və Təhsil Proqramı”nın layihə rəhbəri və yaradıcısı kimi çıxışı dinləniləcək. O, həmçinin il ərzində ADNSU/UFAZ-ın tələbə bölməsi tərəfindən həyata keçirilən bu və digər layihələr haqqında təqdimatla çıxış edəcək.

Tələbələr Hyustonda keçiriləcək geoelm sahəsində biliklərinin genişliyini və dərinliyini yoxlayan müsabiqənin dünya final mərhələsinə də qatılacaqlar.

ADNSU/UFAZ tələbə bölməsi 66 ölkədə 340 SEG Tələbə bölməsi arasında dünyanın ən yaxşı tələbə bölməsi seçilmək üçün potensial namizəddir.

Bənzər yazılar